Almaniyanın müdafiə şirkəti “Rheinmetall”ın baş direktoru Armin Papperger “Table Media”ya verdiyi müsahibədə Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun 2026-cı ildə bitməyəcəyini deyib.
Onun fikrincə, Kreml müharibənin bitməsində “maraqlı deyil”, ona görə də Ukraynaya beynəlxalq dəstək davam etməlidir. Şirkətin baş direktoru qeyd edib ki, “Rheinmetall” silah və hərbi texnika tədarükünü artırmağa hazırdır. O əlavə edib ki, şirkət artıq Ukrayna ilə imzalanmış mövcud müqavilələrdə tələb olunandan daha çox sursat istehsal edir. Papperger hesab edir ki, alman istehsalçısı Kiyevi daha çox hava hücumundan müdafiə sistemləri, mərmilər, tanklar və dronlarla təmin edə bilər.
Jurnalistlər qeyd edirlər ki, Ukraynadakı müharibə “Rheinmetall”ın gəlirlərinin artmasına səbəb olub. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) hesabatına görə, dünyanın ən böyük 100 müdafiə şirkətinin silah və hərbi xidmət satışından əldə etdiyi gəlir 2024-cü ildə 5,9% artaraq rekord həddə – 572 milyard avroya çatıb. “Rheinmetall” 8,2 milyard avroluq satış gəliri ilə 20-ci yerdə qərarlaşıb.
//Samir Qurbanov, Editor.az