
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə qeydə alınıb.
AFN.az xəbər verir ki, qatarlararası interval 8 dəqiqədən çox olub. Gecikmə xüsusilə "Dərnəgül" – "Həzi Aslanov" istiqamətində (Yaşıl xətt) müşahidə edilib. Nəticədə vaqonlarda və stansiyalarda ciddi sərnişin sıxlığı yaranıb.
Məlumata görə, "Dərnəgül" istiqamətində gedən qatar "Nəsimi" stansiyasında xeyli müddət gözləməli olub. Sərnişinlər sosial şəbəkələrdə qatarların stansiyalara vaxtında çatmaması ilə bağlı şikayətlərini paylaşıblar.
Gecikmənin dəqiq səbəbi hələlik rəsmi şəkildə açıqlanmayıb. Lakin adətən bu növ hallara səbəb qatarlarda yaranan texniki nasazlıqlar və ya qapıların bağlanmasına edilən müdaxilələr olur. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.