Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Vüqar Səlim oğlu Babayevin nəşinin qalıqları Göyçay rayonunda ailəsinə təhvil verilib.
APA-nın Şirvan bürosu xəbər verir ki, əvvəlcə Göyçayın Qarabaqqal kəndində şəhid hərbçi ilə vida mərasimi keçirilib.
Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra itkin şəhidin qalıqları Göyçay şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Vüqar Babayev 1994-cü ildə Kəlbəcər rayonu Yanşaq kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb.