EN

“PFL sağ olsun, matçların əksəriyyətini həftəiçi keçirir” – tovuzlular təqvimdən narazıdı

“Turan Tovuz” Misli premyer-liqasının 20-ci turunda “Şamaxı”nın meydanından “sülh”lə ayrıldı – 0:0. “Bozqurd”un xal itkisi 4-cü pillədə qalmasıyla nəticələndi.

Maraqlıdı ki, daim böyük azarkeşi dəstəyi alan Tovuz təmsilçisinin “The Hunans” fanklubu matçda cəmi 4 nəfərlə təmsil olundu. Bunun səbəbini öyrənmək məqsədilə azarkeş qrupunun rəhbəri Nicat Cəfərzadəyə müraciət etdik.

Onun “Football-plus.az”a cavabı:

“Üzvlərimizin 90 faizi Bakıda yaşayır. Oyunlar həftəiçi olanda azarkeş sayının azlığı qaçılmazdı. Demək olar ki, hamının işi var. PFL sağ olsun, matçların əksəriyyətini həftəiçi keçirir - ya 1-ci, ya da 5-ci gün... Bu səbəbdən Şamaxıdakı oyunda cəmi 4 nəfər idik. Halbuki azı 40-50 azarkeşlə gedə bilərdik. Onsuz da müəyyən səbəblərə görə ölkəmizdə premyer-liqa oyunlarına maraq azdı. Gəlmək istəyənlər də bu cür səbəblərə görə stadionda ola bilmir. Fikir verin, 21-ci turda “Zirə”yə qarşı oyun da cümə günü keçiriləcək. Həmin matçda ən yaxşı halda 20-30 üzvümüz iştirak edə biləcək”.

Nicat bəydən sevimli komandalarının avrokuboklara vəsiqə qazanacağına inanıb-inanmadığını da soruşduq:
“Şans var, lakin oyun tərzi dəyişməlidi. İnkişaf etməliyik, Heyət yaxşıdı. Hər toplanışdan sonra komandanın iki-üç oyunda yaxşı hücumlar qurduğunu görürük. Ancaq çox keçmədən əvvəlki sistemə qayıdırlar. Bu tərzin vaxtı keçib. İndi kombinasiyalı oyuna ehtiyac var. Futbolçularımız bunu bacara bilər. Çünki texnikalı oyunçular çoxdu. Xüsusən İbrahima Vaci daha çox topla təmin olunmalıdı. Belədə daha çox qol bura biləcəyinə inanıram. Ümumiyyətlə, “Turan Tovuz”un “Zirə” ilə matçda qələbə qazanacağını düşünürəm. Komanda iddialı rəqiblərə qarşı daha istəkli oynayır. Hər şey öz əlimizdədi. Hücumlarla bağlı təkmilləşdirilmə işləri görülsə, avrokuboklara vəsiqə qazanacağıq. Hər halda, hələ “Qəbələ”yə qarşı ehtiyat matçımız da var”.

Xatırladaq ki, “Turan Tovuz” 34 xalla 4-cü sıradadı. Komanda fevralın 20-də “Azərsun Arena”da “Zirə”yə qalib gəlsə, 3-cü pilləyə yüksələcək.

KƏNAN BAHADIR
Chosen
53
1
football-plus.az

2Sources