EN

Ermənistan dəmir yollarını Rusiyadan alır: Azərbaycana verəcək?

“Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi düşünülməmiş bir qərardır. 

Çünki bundan sonra qurulan sistem dərhal çökə bilər”.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu belə deyib. 

“Dəmir yolu iqtisadiyyatının idarə edilməsində digər dövlətlərin səriştəsini qiymətləndirməyəcəm. Amma əminliklə deyə bilərəm ki, Ermənistanda uzun müddətdir səmərəli şəkildə fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını ən sadə şərtlərdən uzaqda tamamilə əvəz edə biləcək başqa bir şirkətin olması ehtimalı azdır”, - deyə Şoyqu bildirib.

“Bu yaxınlarda Ermənistan və ABŞ arasında nüvə məsələsində əməkdaşlıq planları ilə bağlı vəziyyətə münasibət bildirdim. Deməli, diplomatik dillə desək, düşünülməmiş qərarlar bədəlini Ermənistanın adi vətəndaşlarının ödəməli olduğu eyni təhlükəli təcrübələrə gətirib çıxarmayacaqmı? 

Əlbəttə ki, bu baş verməyəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi yalnız vətəndaşlarının maraqları naminə hərəkət edəcək”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, təxminən 20 ildir ki, “Cənubi Qafqaz Dəmir Yolları” QSC investisiyalar da daxil olmaqla, konsessiya müqaviləsinin müddəalarını məsuliyyətlə yerinə yetirir.

Onun sözlərinə görə, bu müddət ərzində Rusiyanın Ermənistan dəmir yolu sisteminə, o cümlədən dəmir yolu nəqliyyatına yatırdığı investisiyaların həcmi 30 milyard rubldan çox qiymətləndirilir.

“İndi isə Nikol Paşinyan deyir ki, Ermənistan dəmir yollarının Rusiya şirkəti ilə konsessiya müqaviləsində iştirakı potensial tərəfdaşları qorxudur və regional layihələrin həyata keçirilməsinə mane olur. 

O, Ermənistan dəmir yolu şəbəkəsinin idarəçiliyini həm Rusiya, həm də Ermənistan üçün dost olan başqasına verməyi düşünür”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 17-də jurnalistlərə verdiyi açıqlamada dəmir yolunun konsessiya idarəetmə hüququnun Rusiyadan alınmasını təklif edib.

O,“Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin idarəçiliyinin Ermənistan və Rusiya yaxşı münasibətləri olan üçüncü ölkəyə verilməli olduğunu deyib.

“TRACECA çərçivəsində indi elə qüvvələr var ki, deyirlər: 

gələk elə edək ki, Meğridən sonra dəmir yolu Naxcıvana daxil olanda Ermənistanı dolansın. Onlar deyirlər ki, baxın, Ermənistanın dəmir yolu Rusiyanın nəzarətindədir.

Təəssüf ki, Rusiya ilə bir çox ölkələr arasında münasibətlər gərgindir. Amma biz deyirik ki, dəmir yolu Ermənistanın mülkiyyətidir və Rusiya region layihələrimizə mane olmaq istəmir”.

Nikol Paşinyan vurğulayıb ki, bu vəziyyət Ermənistan üçün strateji mövqelərin və rəqabət üstünlüyünün itirilməsi deməkdir.

“Mənim təklif etdiyim həll yolu budur ki, həm RF, həm də Ermənistanla dostluq münasibətləri olan bir üçüncü ölkə birbaşa Rusiyadan konsessiya idarəetmə hüququnu alsın.

Məsələn, Qazaxıstan, BƏƏ, Qətər və ya həm Rusiya Federasiyası, həm də Ermənistanla eyni dərəcədə yaxşı əlaqələri olan hər hansı digər ölkə”, - deyə Nikol Paşinyan qeyd edib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan isə bu məsələdə Ermənistanın maraqlarının üstün tutulmalı olduğunu deyib. Son vaxtlar “Cənubi Qafqaz Dəmir Yolları”nın konsessiyası məsələsinin Ermənistanla Rusiya arasında müzakirə mövzusuna çevrilməsi Nikol Paşinyan hakimiyyətinin  müqavilədən çıxmaq niyyətindədn xəbər verir.

Bu baxımdan, Sergey Şoyqunun açıqlaması Ermənistana yönəlik təhdid kimi başa düşülə bilər. Ermənistan rəhbərliyi Rusiyadan Arazdəyən stansiyasından Naxçıvan Muxtar Respublikası sərhədinə, Axuryar (Türk Qarakilsəsi) stansiyasından Türkiyə sərhədinə və İcevan (Karvansaray) stansiyasından Azərbaycan sərhədinə qədər olan dəmir yolu xətlərinin bərpasını tələb edir.

2008-ci ilin fevral ayında Ermənistanla Rusiya arasında imzalanmış konsessiya müqaviləsinə görə, Moskva “Cənubi Qafqaz Dəmir Yolları”nın tikintisi, bərpası, modernləşdirilməsi və səmərəliliyinin artırılmasına dair öhdəliklərə malikdir.

Rusiya bu öhdsəlikləri yerinə yetirməyəcəyi təqdirdə, Ermənistan tərəfinə 57 milyon dollar təzminat ödəməlidir. Beynəlxalq sanksiyalar altında olan “Rusiya Dəmir Yolları” QSC ağır maliyyə böhranı keçirir və Ermənistanın müraciətinə əməl etmək imkanına malik deyil.

Üstəlik, Rusiya dəmir yollarının ziyanla işləməsi və borclarının artması Ermənistana müqavilə üzrə nəzərdə tutulan təzminatı ödəməməyə imkan vermir. Bu baxımdan, Paşinyanın dəmir yolunun bərpası və yenidən qurulması ilə bağlı Rusiya tərəfinə müraciət etməsi rəsmi Moskvanın öz öhdəliklərini yerinə yetirmədiyini sübut etmək məqsədi daşıyır. Paşinyan dəmir yollarının Rusiyanın idaərçiliyindən geri alınmasına nail olmaq istədiyini gizlətmir. 

Qeyd edək ki, konsessiya müqaviləsi 30 il müddətinə nəzərdə tutulub. Sənədə əsasən, 20 il başa çatdıqdan sonra tərəflərdən biri razılaşmadan çıxarsa, saziş növbəti 10 il müddətinə uzadılmır. 20 illik müddət 2027-ci ilin fevral ayında başa çatır.

Çox güman ki, Ermənistan rəhbərliyinin son bəyanatları bir ildən sonra konsessiya müqaviləsinə xitam verməyə hesablanıb. Rusiya tərəfi bunu bildiyi üçün Şoyqu Ermənistanı təhdid edir.

Lakin Paşinyan “Cənubi Qafqaz Dəmir Yolları”nın idarəçiliyinin Rusiyadan alınıb Qərb dövlətlərinə verilməsinin Kremllə münasibətlərdə ciddi gərginliyə səbəb olacağının fərqindədir.

Bu, Rusiya-Qərb qarşıdurmasını Ermənistana daşımaq olar. Ona görə də Paşinyan konsessiya idarəçiliyinin Rusiya ilə yaxşı münasibətləri olan və Ermənistanda dəmir yolunun inkişafına investisiya qoymaqda maraqlı olan dövlətlərdən birinə verilməsini təklif edir.

Bu baxımdan, rəsmi İərvanın Azərbaycana və ya Türkiyəyə müraciət etməsi daha məqsəduyğun olar. Çünki Ermənistan dəmir yolları de-yure Azərbaycanın mülkiyyətindədir. 2027-ci ilin fevral ayına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını və kommunikasiyaların açılması istiqamətində işlərə başlanacağını nəzərə alsaq, bu mümkündür.

Qarşılıqlı müqavilə əsasında “Cənubi Qafqaz Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətinə çevrilə bilər. Qarşılığında isə Azərbaycan tərəfi Ermənistanda dəmir yollarının bərpası, inşası və modernləşməsinə sərmayə qoya bilər.

Eyni zamanda, Azərbaycanın Rusiya ilə yaxşı münasibətlərdə olması və Cənubi Qafqazın əsas logistika mərkəzinə çevrilməsi bunu zəruri edir. 

Türkiyədə dəmir yolu sisteminin inkişaf etməsi Paşinyan hökumətinin Türkiyəyə də müraciət etməsi üçün əsas yaradır. Qeyd edək ki, Türkiyə Rusiya ilə Paşinaynın dediyi kimi yaxşı münasibətlərdə olan dövlətlərdən sayılır. Türkiyə həm də Avropanın və Zəngəzur dəhlizini idarə edəcək ABŞ-nin müttəfiqidir.

Eyni zamanda, perspektivdə Ermənistan dəmir yolunu həmsərhəd olduğu Türkiyənin dəmir yolu şəbəkəsinə qoşmaq istəyir. Ermənistan Avropa və Mərkəzi Asiya arasında tranzit əlaqəni məhz Türkiyə vasitəsilə qura bilər. Ona görə də Ermənistan dəmir yollarının konsessiyasının Türkiyəyə verilməsi ən münasib variantlardan biridir. 

Chosen
36
1
cebheinfo.az

2Sources