Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayı İslam aləmində ən müqəddəs və fəzilətli aylardan biridir. Bu ay müsəlmanlar üçün yalnız oruc tutmaq deyil, həm də mənəvi saflaşma, səbir, mərhəmət və özünənəzarət dövrüdür.
Bəs oruc tutan zaman sağlamlıq cəhətdən əsasən nələrə diqqət etmək lazımdır?
Dietoloq Ləman Süleymanova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Ramazan İslam dininin ən gözəl, tibb elmi ilə ayaqlaşan aydır:
"Orucdan danışdıqda deyə bilərik ki, bir düzgün oruc tutmaq var, bir də zərərli oruc var. Təəssüflər olsun ki, insanların 70-80 faizi zərərli oruc tuturlar. Allah insana o gücü, qüvvəti verib ki, insan oruc tuta bilir. Orucluq zamanı ən əsas nüanslardan biri imsaq etməkdir. İmsaq bizi günlük enerji ilə təmin edir, ən azından saat üçə qədər insan daha aktiv olur. İmsaqda insan elə qidalanmalıdır ki, gün ərzində suya tələbatı minimuma endirsin. Duzlu, acılı yeməklər qətiyyən yemək olmaz. Səhər yeməyində yüngül, həm də energetik qidalar olmalıdır ki, gün ərzində bizi enerji ilə təmin etsin. Gün ərzində aktivliyimiz, işimiz davam edir və axşam da iftara yarım saat qalmış yüngül fiziki aktiv olmalıyıq ki, yeyilən qidalar daha rahat həzm olunsun".

Müsahibimiz vurğuladı ki, iftarda hədsiz çox yeməməliyik:
"Bu bir ayda Allah bizi dini nöqteyi-nəzərdən sınağa çəkir. Süfrə çox sadə, yeməklər sadə olmalıdır. Orucumuzu su ilə açırıq, sudan sonra isə xurma tövsiyə edilir. Xurmanın tərkibində faydalı maddələr var. Xurmanın tərkibindəki şəkər orqanizm, beyin tərəfindən mənimsənilir. Yarım boşqab sulu yemək və bir çeşid quru yeməklə kifayətlənmək lazımdır. Yarım saat sonra bitki çayı içmək və yüngül fiziki hərəkətlər etmək lazımdır. Bu, sağlam oruc deməkdir. Amma çox təəssüflər olsun ki, bəziləri düzgün oruc tutmurlar. Bəziləri hətta orucluqda tətilə çıxırlar. Səhər imsaqa durmurlar, bütün günü yatırlar, iftara bir saat qalmış dururlar, süfrə fərqli, yağlı yeməklərlə dolur, yağlı yeməkləri, şirniyyatları səhərə qədər yeyirlər. Bu, dini nöqteyi-nəzərdən Allah tərəfindən qəbul edilmir, tibbi nöqteyi-nəzərdən də orqanizmə əzab verilmiş olur. Bu bir ay müddətində orqanizmə əzab verilir və ona görə də belə oruc tutanların nə orucu qəbul edilir, nə də ki, sağlam olurlar. Bəzilərinin bundan sonra çəkiləri artır, təzyiqi yüksək olanın təzyiqi qalxır, şəkəri yüksək olanın şəkəri qalxır, hamısı bir-birinə qarışır. Buna görə də sağlam şəkildə oruc tutmaq lazımdır ki, həm Allaha xoş gəlsin, həm də ki, orqanizm tərəfindən xoş qəbul edilsin".
Aytəkin TOFİQQIZI