EN

Yaponiyada su sisteminin təmiri üçün bələdiyyəyə 21 kq qızıl bağışlanıb

Yaponiyada su sisteminin təmiri üçün bələdiyyəyə 21 kq qızıl bağışlanıb

Yaponiyanın Osaka bələdiyyəsinə şəhərdə köhnəlmiş su sisteminin təmir edilməsi məqsədilə 566 milyon yen (3,6 milyon dollar) dəyərində, 21 kiloqram çəkisində qızıl bağışlandığı bildirilib.

"Mainichi Shimbun" qəzetinin verdiyi məlumata görə, Osaka meri Yokoyama Hideyuki jurnalistlərə açıqlamasında qeyd edib ki, ötən il bir nəfər şəhərin köhnəlmiş su sisteminin bərpası üçün heyrətamiz miqdarda qızıl bağışlayıb.

Yokoyama adının gizli qalmasını istəyən həmin şəxsin 2025-ci ilin noyabr ayında Osaka Bələdiyyəsi Su İşləri İdarəsinə 21 kiloqramlıq qızıl təqdim etdiyini bildirib. Şəxsin "Su təchizatı layihəsinə kömək etmək üçün ianə vermək istəyirəm" dediyini qeyd edən mer, bu addıma görə təşəkkür etməkdə çətinlik çəkdiklərini vurğulayıb.

Yokoyama açıqlamasında "Şok oldum. Bu, həqiqətən heyrətamiz məbləğdir. Biz bu vəsaiti su infrastruktur sistemi layihəsi üçün diqqətlə istifadə edəcəyik", — deyə bildirib.

Xəbərdə bələdiyyə rəsmilərinin həmin şəxsin 2025-ci ilin oktyabr ayında da 500 min yen (təxminən 3 300 dollar) məbləğində nağd ianə etdiyini bildirdikləri qeyd olunub. Bələdiyyə rəhbərliyi bağışlanan qızılı sataraq əldə olunacaq gəliri su borularının dəyişdirilməsi layihəsində istifadə etməyi planlaşdırır.

Yerli mediada daha əvvəl Osaka şəhərinin köhnəlmiş su sisteminin yenidən qurulması işlərinin real xərclərin planlaşdırılan büdcəni aşması səbəbindən ləngidiyi barədə məlumatlar yayılmışdı. Təxminən 2 milyon 800 min nəfər əhalisi olan Osaka şəhəri Yaponiyanın əsas ticarət mərkəzlərindən biri hesab olunur.

Chosen
45
afn.az

1Sources