Uşaqlarda qurd infeksiyaları son illər valideynləri ən çox narahat edən sağlamlıq problemlərindən biridir. İştahasızlıq, qarın ağrısı, yuxu pozuntusu və ya əsəbilik kimi əlamətlər çox vaxt başqa səbəblərlə əlaqələndirilsə də, bəzi hallarda bu şikayətlərin arxasında məhz parazitar infeksiyalar dayanır.
Bəs valideynlər hansı hallarda şübhələnməli və uşaqlarda qurd problemini necə vaxtında müəyyən etməlidirlər?
Redaktor.az-a danışan pediatr Şəlalə Poluxova bildirdi ki, qurd invaziyası bəzən heç bir simptom vermədən keçə bilər:
"Lakin bəzi hallarda valideynlərin diqqətini çəkməli olan əlamətlər də ortaya çıxır. Uşaqlarda ən çox rast gəlinən simptomlar qurd növündən asılıdır. Məsələn, enterobiozda gecələr anal nahiyədə qaşınma müşahidə olunur. Bundan əlavə, qarın ağrısı, tez-tez köp, ürəkbulanma, iştahsızlıq və ya bəzi qidalara qarşı həddən artıq maraq, çəkidə artımın olmaması da görülə bilər. Diş qıcaması (bruksizm) də uşaqda qurd invaziyasının göstəricisi ola bilər. Bu, həm neyroloji səbəblərlə – stres və gərginlik zamanı, həm də digər simptomlarla birlikdə ortaya çıxaraq qurd infeksiyasının əlaməti kimi qiymətləndirilə bilər. Uşaqlar bəzən tez yorulur, halsız olurlar, dəridə allergik səpkilər görünə bilər. Uzun müddətli invaziyalarda isə dəmir defisiti anemiyası və vitamin çatışmazlıqları da inkişaf edə bilər".
Pediatr əlavə etdi ki, qeyd olunan əlamətlərin heç biri təkbaşına qurd invaziyasına xas deyil:
"Diaqnoz yalnız laborator müayinələr vasitəsilə dəqiqliklə müəyyən edilə bilər. Qanda qurdun mövcudluğunu müəyyən etmək mümkün deyil; qan analizində yalnız parazitə qarşı immunoqlobulinlər aşkar olunur, yəni orqanizmin keçmiş infeksiyaya qarşı cavabı qeydə alınır. Hazırkı invaziyanı təsdiqləmək üçün bu kifayət deyil".
Müsahibimiz qeyd etdi ki, qurd invaziyasının diaqnozu yalnız nəcis analizi vasitəsilə qoyula bilər.
"Analiz bir dəfə təmiz çıxa bilər, buna görə ən azı 3 dəfə və fasilələrlə təkrar olunması tövsiyə olunur. Xüsusilə gecə anal nahiyədə qaşınma olan uşaqlarda perianal yapışqan testi (skotç testi) effektivdir. Ehtiyac olarsa, ümumi qan analizi də əlavə məlumat verə bilər, məsələn, eozinofillərin artımı və ya anemiya baxımından. Lakin bunlar spesifik göstəricilər deyil. Profilaktika müalicədən daha önəmlidir. Uşaqlara gigiyenik vərdişlər aşılanmalıdır: əllərin yeməkdən əvvəl, çöldən qayıtdıqda və tualetdən sonra sabunla yuyulması, dırnaqların qısa saxlanması, barmaq və dırnaq yemək vərdişlərinin qarşısının alınması vacibdir. Məişətdə alt paltarlarının və yataq dəstlərinin mütəmadi dəyişdirilməsi, yüksək temperaturda yuyulması və ütülənməsi tövsiyə olunur. Uşaqların səhərlər mütləq yuyundurulması, həmçinin meyvə və tərəvəzlərin yaxşı yuyulması infeksiyanın yayılmasının qarşısını alır. Bu sadalanan tədbirlərə riayət etməklə qurd invaziyasının yaranmasının və uşaqların təkrar yoluxmasının qarşısı alınmış olur", - deyə Şəlalə Poluxova yekunlaşdırdı.
Xədicə BAXIŞLI