EN

Trampın “Sülh Şurası” BMT-nin fəaliyyətinə nəzarət edəcək

ABŞ prezidenti yeni qurumun BMT-yə maliyyə və idarəetmə baxımından dəstək verəcəyini bildirib, təşkilatın ləğvi deyil, gücləndirilməsi məqsədi daşıdığını vurğulayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trump Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasında çıxışı zamanı yeni qurumun Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinə nəzarət edəcəyini və təşkilatın daha səmərəli işləməsinə kömək göstərəcəyini açıqlayıb.

Prezidentin sözlərinə görə, “Sülh Şurası” BMT-nin fəaliyyətini izləyəcək və onun düzgün və effektiv fəaliyyət göstərməsini təmin etməyə çalışacaq. Tramp bildirib ki, təşkilatın həm institusional, həm də maliyyə baxımından dəstəyə ehtiyacı var və ABŞ bu istiqamətdə yardım göstərməyə hazırdır.

“Onlara kömək lazımdır, xüsusilə maliyyə baxımından. Biz maliyyə dəstəyi göstərəcəyik və BMT-nin dayanıqlı fəaliyyətini təmin edəcəyik”, – deyə ABŞ lideri qeyd edib.

Xatırladaq ki, Tramp daha əvvəl dəfələrlə BMT-ni tənqid edərək təşkilatın münaqişələrin həllində kifayət qədər effektiv olmadığını bildirmişdi. O, öz administrasiyasının bir sıra beynəlxalq münaqişələrin nizamlanmasında daha uğurlu nəticələr əldə etdiyini vurğulamışdı.

Yeni “Sülh Şurası”nın yaradılması bəzi ekspertlər və müşahidəçilər arasında ABŞ-nin BMT-yə alternativ beynəlxalq mexanizm formalaşdırmaq niyyəti ilə bağlı narahatlıqlara səbəb olmuşdu. Lakin CNN-in məlumatına görə, Trampın son çıxışından belə qənaət hasil olur ki, Vaşinqton təşkilatı zəiflətmək və ya əvəzləmək deyil, əksinə, onun imkanlarını gücləndirməyi hədəfləyir.

Məlumatlara əsasən, BMT hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bu vəziyyətin əsas səbəblərindən biri ABŞ-nin təşkilata üzvlük haqları üzrə təxminən 4 milyard dollar məbləğində ödənişi gecikdirməsidir. Vaşinqton administrasiyası hesab edir ki, maliyyə intizamının gücləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi təşkilatın fəaliyyətinin effektivliyini artırmağa imkan verə bilər.

Analitiklər bildirirlər ki, ABŞ-nin BMT-nin fəaliyyətinə nəzarət mexanizmi yaratmaq təşəbbüsü beynəlxalq təşkilatın gələcək rolu və qlobal idarəetmə sistemində ABŞ-nin mövqeyi ilə bağlı yeni müzakirələrə səbəb ola bilər.

Poliqon.info.

Chosen
74
poliqon.info

1Sources