EN

Hücum olarsa, “təsəvvürəgəlməz cavab” veriləcək -İsraildən İrana xəbərdarlıq

İsrail İranın mümkün hücumu halında “təsəvvürəgəlməz cavab” verəcəyini bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu xəbərdarlıq edib.

O bildirib ki, ölkəsi istənilən ssenariyə hazırdır: “Əgər ayətullahlar səhv edərək bizə hücum etsələr, təsəvvür belə edə bilməyəcəkləri cavabla üzləşəcəklər”. Netanyahu bu fikirləri hərbi akademiyanın məzun buraxılışı mərasimində çıxışı zamanı səsləndirib.

Baş nazir qeyd edib ki, ötən həftə Vaşinqtona səfəri zamanı İranla bağlı İsrailin mövqeyini ABŞ Prezidenti Donald Tramp ilə müzakirə edib. İsrail tərəfi hesab edir ki, Tehran yalnız zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməməli, eyni zamanda nüvə zənginləşdirmə üçün nəzərdə tutulmuş bütün infrastrukturu tamamilə ləğv etməlidir. Bundan əlavə, İsrail İranın raket proqramını məhdudlaşdırmasını və Yaxın Şərqdə müttəfiqlərinə verdiyi dəstəyi dayandırmasını tələb edir.

ABŞ administrasiyası isə daha əvvəl fevralın 21-də İrana qarşı hərbi əməliyyata başlama ehtimalını nəzərdən keçirdiyini açıqlayıb. Yanvar ayında Ağ Ev Tehranın danışıqlar masasına əyləşməyəcəyi və nüvə silahından tam imtina etməyəcəyi təqdirdə güc tətbiqinə hazır olduğunu bildirmişdi. İran hakimiyyəti isə dəfələrlə atom bombası hazırlamaq niyyətində olmadığını bəyan edib.

Fevralın 17-də Cenevrədə Oman vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu keçirilib. İran Xarici İşlər Nazirliyi gələcək saziş layihəsinə daxil edilə biləcək bəzi müddəalar üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu bildirib. Vaşinqton məsləhətləşmələrin müsbət keçdiyini qeyd etsə də, Tehran hələlik Ağ evin irəli sürdüyü bəzi mövqeləri qəbul etməyə hazır deyil.

Xədicə BAXIŞLI

Chosen
63
redaktor.az

1Sources