EN

Prezident ailəsini kimlər və niyə hədəf seçir?-Fərid Şahbazlı yazır

Bəzən dövlətlərə qarşı açıq müharibə elan olunmur. Tanklar sərhədi keçmir, raketlər atılmır. Amma informasiya silaha çevrilir, şayiə strategiyaya, böhtan isə siyasi alətə transformasiya olunur.

Azərbaycanın müstəqil siyasət kursuna qarşı başlanan yeni dalğa məhz belə səssiz, amma son dərəcə çirkin müharibənin növbəti mərhələsidir. Bu dəfə dövlətin fiziki sərhədləri toxunulmaz qalır, amma psixoloji və mənəvi dəyərlər sistemi hibrid silahlarla sınaqdan keçirilir, genişmiqyaslı hücuma məruz qalır.

Son zamanlar Prezident İlham Əliyev və ailəsinə qarşı aparılan sistemli çirkin kampaniya təsadüfi deyil. Bu, regionda dəyişən güc balansına verilən reaksiyadır. Azərbaycanın Qərblə strateji əməkdaşlığı, Avropa ilə enerji əlaqələrinin dərinləşməsi, Orta Dəhlizin strateji çəkisinin artması və ABŞ-la birbaşa dialoqun intensivləşməsi Bakını təkcə Cənubi Qafqazın deyil, daha geniş məkanın strateji mərkəzinə çevirib. Bu yüksəliş yüz illərdir bölgənin jandarmı rolunda çıxış edən Moskva üçün ciddi narahatlıq yaradır. Keçmişdə bölgədə aparılan manipulyasiya və təzyiq mexanizmləri artıq işə yaramır; buna görə görünməz hiylələr və psixoloji hücumlar tətbiq olunur.

Azərbaycanda Rusiyanın dəstəyi ilə dövlət çevrilişinə cəhd edən yüksək rütbəli məmurlar və müxalifət liderləri məsuliyyətə cəlb edilir, ədalət mühakiməsinin önünə çıxarılır.

Digər yandan, Vardanyan başda olmaqla, əli Azərbaycan xalqının qanına batmış erməni cinayətkarlarının bütün siyasi və diplomatik təzyiqlərə baxmayaraq ağır cəzalara məhkum edilməsi açıq mesaj idi: dövlət qərarlarını özü verir. Xaricdən gələn siqnallar məhkəmə hökmünü dəyişmir.

Regionda paralel olaraq Ermənistanla birbaşa dialoq formalaşır. Vasitəçilərin rolu azalır, Bakı ilə İrəvan öz gündəliyini özü müzakirə edir. Uzun illər “moderator” rolunu icra edən Moskva isə özünü proseslərin kənarında görməyə başlayır. Güc sahəsində kənarda qalmaq Rusiyanın həm siyasi, həm də psixoloji səbrini daşırır.

Belə məqamda təzyiq alətləri dəyişir. Diplomatiya nəticə vermirsə, informasiya terroru başlayır. Dövlət institutları sarsılmırsa, şəxsi müstəviyə keçilir. Prezidentin ailəsini hədəf alan iyrənc kampaniya da bu siyasətin məhsuludur.

“Kənardan ötürülmüş materiallar”, guya maliyyə müqabilində təqdim olunan “kompromatlar”, əvvəlcədən yazılmış ssenarinin müəyyən şəxslər vasitəsilə tirajlanması – bütün bunlar hibrid əməliyyatın elementləridir.

Sanki Moskvanın xüsusi xidmət orqanlarının əsrlərlə sınanmış miskin taktikası xalqımızın dəyərlərinə və ailə institutuna qarşı hiyləgər bir şəkildə tətbiq olunur.
Bu kontekstdə Mehman və Emin Hüseynovların ön plana çıxması da təsadüfi deyil. Çünki indiyədək qərbyönümlü mövqe ilə tanınan cütlüyün Rusiyanın sifarişlərini icra edəcəyi çox az adamın ağlına gələ bilərdi….

Ailəni hədəf almaq siyasi mübarizə deyil, psixoloji təzyiqdir. Bu üsul adətən digər mexanizmlər tükəndikdə seçilir. Çünki dövlətin siyasi xəttini dəyişmək mümkün olmadıqda belə miskin üsullara müraciət olunur.

Lakin bütün bu hücumlar xalqımızın əsrlər boyu formalaşmış dəyərləri və dövlətimizin prinsipial mövqeyi ilə növbəti dəfə tərksilah ediləcək.

Fərid Şahbazlı

Chosen
83
editor.az

1Sources