EN

Bu bankda faiz yoxdur

Dünyanın bəzi ölkələrində tətbiq olunan İslam bankçılığı modeli faizsiz maliyyə prinsiplərinə əsaslanan alternativ sistem kimi diqqət çəkir. Bəs Azərbaycanda İslam bankçılığına dair qanunvericilik niyə yoxdur?Bank məsələləri üzrə ekspert Emin Kərimov Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə bank qanunvericiliyi “Banklar haqqında qanun”, “Mərkəzi Bank haqqında qanun”, “Mülki Məcəllə” və digər müvafiq normativ hüquqi aktlar əsasında tənzimlədiyinə görə mövcud hüquqi çərçivə dünyəvi bank praktikası üzərində qurulub: “İslam bankçılığı vaxtilə yalnız bir bankda — “Kövsər Bank”da fəaliyyət göstərirdi, lakin həmin bank da sonradan bağlandı. İslam bankçılığının özünəməxsus xüsusiyyətləri var. Burada əsas fərq kreditləşmə mexanizmlərində özünü göstərir. Ümumi hüquqi tənzimlənmə prinsipləri oxşar olsa da, məhsul strukturu fərqlənir. Məsələn, kommersiya bankları kredit verib faiz gəliri əldə etdiyi halda, İslam bankçılığında bank müştəri ilə ortaq biznes modeli qurur və gələcək gəlirdən payını faiz kimi deyil, dividend kimi alır”. E.Kərimovun sözlərinə görə, qanunvericiliyin müəyyən seqmentlərə uyğunlaşdırılması, yəni bazar tələbinə görə modifikasiya edilməsi mümkündür. Bununla belə, ölkəmiz dünyəvi dövlətdir, beynəlxalq maliyyə sisteminin iştirakçısıdır və dünya praktikasından istifadə edir. Bu səbəbdən də hazırda dünyəvi bankçılıq modeli daha geniş yayılıb: “Gələcəkdə İslam bankçılığı istiqamətində addımlar atılarsa və bu mexanizmlə işləyən banklar və ya məhsullar bazarda formalaşarsa, onların ayrıca tənzimlənməsi zərurəti yarana bilər. Bu halda ya “Banklar haqqında qanun”a dəyişikliklərin edilməsi, ya da ayrıca normativ aktın qəbul olunması gündəmə gələ bilər. Məsələn, “Fintex” təşkilatları əvvəlcə startap kimi fəaliyyətə başlamış, sonradan isə tənzimləmə tələbi yarandığı üçün Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmaları zəruri olmuşdur. Elektron pul və ödəniş təşkilatlarının fəaliyyəti üçün də müvafiq qanun qəbul edildiyi kimi, İslam bankçılığı üzrə də gələcəkdə tələbat yaranarsa, oxşar hüquqi mexanizmlərin tətbiqi mümkün ola bilər”.Ekspert İslam bankçılığının ölkəmizdə nə dərəcədə effektiv olacağı barədə də danışıb. O bildirib ki, bu, əsasən potensial müştəri seqmentindən və bazar tələbindən asılıdır: “Hazırda sual doğuran əsas məqam odur ki, mövcud bank müştərilərinin neçə faizi bu tip bankçılıq məhsullarından istifadə etməyə hazırdır? Çünki adi hallarda yeni maliyyə məhsulları bazara çıxarılmadan əvvəl geniş marketinq araşdırmaları aparılır, sorğular keçirilir, tələb səviyyəsi öyrənilir, resurslar ayrılır və məhsulun təqdimatı üçün müəyyən xərclər çəkilir. Yalnız bu mərhələlərdən sonra məhsul bazara təqdim olunur. Mövcud şəraitdə də İslam bankçılığının özünü nə dərəcədə doğruldacağı, ona real tələbin olub-olmadığı, müştəri seqmentinin hansı həcmdə olacağı və bu model əsasında yaradılacaq məhsulların bazar tərəfindən necə qarşılanacağı açıq qalan məsələlərdəndir. Bu sahə həm vaxt, həm də maliyyə baxımından tutumlu olduğuna görə xüsusi yanaşma və ciddi hazırlıq tələb edir. Digər tərəfdən, bu istiqamətdə ölkədə təcrübənin çox az olması və praktiki tətbiq nümunələrinin məhdudluğu da inkişaf tempinə təsir göstərir. Məhz bu amillər səbəbindən sahənin inkişafı digər bank məhsulları ilə müqayisədə daha ləng gedir və qanunvericilik bazasının hələ formalaşmaması da müəyyən mənada bunun nəticəsi kimi qiymətləndirilə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
64
metbuat.az

1Sources