GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayıb. Qurumun bu addımı ölkədə nəqliyyat sisteminin inteqrasiyası ilə bağlı yeni müzakirələr yaradıb.
Maraqlıdır, bu model yalnız şəhərlərarası marşrutlarla məhdudlaşacaq, yoxsa gələcəkdə metro, avtobus və digər nəqliyyat vasitələrini də əhatə edən vahid bilet sisteminə keçid mümkündür?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bu ildən etibarən Bakı və digər iri şəhərlərdə “brutto müqavilə” sistemi tətbiq olunur:
“Bu model vahid bilet sistemini nəzərdə tutur və müxtəlif tarif seçimlərini özündə birləşdirir. Sistem çərçivəsində gündəlik, aylıq və illik bilet paketləri, 90 dəqiqə ərzində bir nəqliyyat növündən digərinə pulsuz keçid, transfer imkanları və güzəştli kateqoriyalar üçün xüsusi paketlər mövcuddur. Əgər bu cür transfer imkanı dəmir yolu nəqliyyatında tətbiq edilirsə, oxşar yanaşmanın avtobus daşımalarında, xüsusilə şəhərlərarası marşrutlarda da dəyərləndirilməsi məqsədəuyğun olar”.
Rauf Ağamirzəyev
Ekspert bildirib ki, birbaşa reys olmayan istiqamətlər üzrə alternativ transfer variantlarının təqdim edilməsi sərnişin mobilliyini artırar və marşrut seçimini asanlaşdırar:
“Eyni zamanda, bilet satışı prosesinin rəqəmsallaşdırılması mühüm əhəmiyyət daşıyır. Sərnişinlər evdən və ya iş yerindən çıxmadan bilet sifariş edərkən transfer imkanları barədə əvvəlcədən məlumat əldə etməli və səfərlərini vahid sistem üzərindən rahat şəkildə planlaşdıra bilməlidirlər. Bu yanaşma nəqliyyat xidmətlərinin əlçatanlığını və səmərəliliyini artıra biləcək”.
Ləman İmran
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.