Müstəmləkəçilik siyasəti xalqların düşüncəsinə sarsıdıcı yaralar vurub
Fevralın 19-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və qlobal bərabərsizlik” adlı beynəlxalq konfrans keçirilib. Konfransda ilk dəfə müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak ediblər.
Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında müzakirələr aparılıb.
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov konfransda çıxışı zamanı qeyd etdi ki, BTQ müstəqillik hərəkatlarının müstəmləkəçiliklə mübarizəsinə dəstək verir: “Son 2 il ərzində 35-dən çox beynəlxalq konfrans və tematik tədbir təşkil edilib, təxminən 150 tədqiqat aparılıb, 40-dan artıq hesabat və üç kitab nəşr edilib. Həmçinin Birləşmiş Millətlər Təşkilatına və onun qurumlarına alternativ hesabatlar və bəyanatlar təqdim olunub”. A.Abbasov sözlərinə əlavə etdi ki, BTQ ilə müstəqillik hərəkatları arasında uğurlu əməkdaşlıq sayəsində xarici ərazilərin və hələ də müstəmləkə idarəçiliyi altında əziyyət çəkən regionların dekolonizasiyası istiqamətində əhəmiyyətli nəticələr əldə olunacaq.
Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin (UPLG) baş katibi, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qvadelup bölməsi üzrə koordinatoru Jan-Jakob Bisep çıxışında bildirdi ki, cəmiyyətlərdə sosial münasibətlər, siyasi proseslərdən və hakimiyyət strukturlarından qaynaqlanaraq insanların həyat şəraitinə və ümumi rifahına dərin təsir göstərir. Onun sözlərinə görə, müasir dövrdə müharibə anlayışı güc balansının pozulması və uzun müddət toplanmış siyasi gərginliklərin fundamental nəticəsi kimi ortaya çıxır: “Fransanın sabiq prezidenti Fransua Hollandın ifadə etdiyi kimi, münaqişə dövrlərində siyasi fəzilət bəzən bəd niyyətlərin və ideoloji sapmaların təzyiqi altında sınağa çəkilir. Bu səbəbdən, ədalətsiz strukturlaşmalara, bəzi ictimai sistemlərdə mövcud olan istismar və kolonialist miraslara qarşı mübarizəni davam etdirmək vacibdir ki, daha ədalətli və tarazlı cəmiyyətlər qurmaq mümkün olsun”.
Konfransda Fransanın Əlcəzairdə törətdiyi soyqırımı siyasətinə də toxunulub. Antropoloq, Əlcəzair Universitetində politologiya sahəsində elmi tədqiqatçı Hişem Daud bildirdi ki, Əlcəzair Fransanın uzunmüddətli və son dərəcə qəddar müstəmləkəçiliyinə məruz qalmış ölkələrdən biridir: “Burada zorakılıq həm də gündəlik və psixoloji xarakter daşıyırdı. İşgəncələr fiziki yaralar yaradırdısa, davamlı mənəvi təzyiq və ləyaqətin alçaldılması müstəmləkə siyasətinə məruz qalan xalqlarda dərin travmalar buraxırdı. Müasir psixologiya və antropologiya sahəsində aparılan tədqiqatlar bu təsirləri nəsildən-nəslə ötürülən travma kimi təsvir edir”.
Kesmonds Beynəlxalq Universitetinin rektoru, psixoterapevt, psixoloq və təhsil eksperti Atanqa Dezmond Funvi XQ-yə eksklüziv açıqlamasında qeyd etdi ki, neokolonializm siyasətinin günümüzdə davam etdiyi dövrdə bundan əziyyət çəkən xalqların BTQ-nin təşkilatçılığı ilə vahid platformada bir araya gəlməsi və reallıqların işıqlandırılması artıq öz töhfəsini verir: “Vahid platformalar çərçivəsində aparılan dialoq və müzakirələr problemlərin səsləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda ortaq strategiyaların formalaşdırılmasına, qarşılıqlı dəstək mexanizmlərinin qurulmasına və beynəlxalq institutlar qarşısında koordinasiyalı mövqe nümayiş etdirilməsinə imkan yaradır. Bu isə öz növbəsində neokolonial yanaşmalara qarşı hüquqi və siyasi mübarizənin daha sistemli xarakter almasına şərait yaradır”. Onun fikrincə, gənc nəslin tarixi ədalətsizliklər barədə obyektiv məlumatlandırılması, milli kimliyin və mədəni irsin qorunması istiqamətində atılan addımlar gələcəkdə daha müstəqil və dayanıqlı cəmiyyətlərin formalaşmasına zəmin yaradır.
Dekolonial tədqiqatlar sahəsində multidisiplinar tədqiqatçı, “Qara Sivilizasiya” Muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro XQ-yə şərhində bildirdi ki, kolonial irs bu gün də institutlarda, incəsənət məkanlarında və ictimai şüurda müxtəlif formalarda mövcudluğunu qoruyur: “Bu baxımdan dekolonial yanaşma susdurulmuş səsləri eşitmək, alternativ məlumat tanımaq və bərabərhüquqlu mədəni dialoqu bərpa etmək baxımından yüksək dəyərləndirilməlidir. Muzeylər və mədəniyyət institutları da prosesdə xüsusi rol oynayır. Sərgilər və kuratorluq layihələri vasitəsilə artefaktların nümayişi ilə yanaşı, həm də hekayələrin reallıq kontekstində təqdimatı, mənimsənilmiş irsin qaytarılması və kollektiv yaddaşın yenidən qurulması mümkün olacaq. Bu isə cəmiyyətlərə öz tarixi ilə üzləşmək və onu ədalətli şəkildə dəyərləndirmək imkanı yaradacaq”.
Okeaniya Müstəqillik Hərəkatının məsləhət şurasının üzvü Orian Sinqon Trolü XQ-yə açıqlamasında söylədi ki, dekolonizasiya mövzusunda baş tutan beynəlxalq konfranslar müstəmləkə qurbanı olan xalqlarda azadlıq ruhunu daha da gücləndirir: “Məsələn, Okeaniya regionunda öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə getdikcə güclənir. Uzun illər davam edən xarici idarəçilik modelləri yerli icmaların sosial-iqtisadi inkişafına, ənənəvi idarəetmə institutlarına və mədəni kimliyinə ciddi təsir göstərib. Bu baxımdan müstəqillik ideyası region xalqları üçün öz resursları üzərində nəzarətin təmin olunması, yerli dəyərlərin qorunması və gələcək nəsillər üçün dayanıqlı inkişaf modelinin qurulması anlamına gəlir”.
Orian Sinqon Trolü, həmçinin onu da vurğuladı ki, beynəlxalq hüququn prinsipləri, xüsusilə də xalqların öz müqəddəratını təyinetmə hüququ müasir dünya nizamının əsas sütunlarından biridir: “Lakin bu hüququn praktik reallaşdırılması üçün beynəlxalq ictimaiyyətin obyektiv və ardıcıl mövqeyi mühüm əhəmiyyət daşıyır. Region ölkələri və qlobal tərəfdaşlar arasında açıq dialoq, şəffaf referendum mexanizmləri və insan hüquqlarına hörmət sabit və ədalətli keçidin əsas şərtləridir. Okeaniyada artan vətəndaş fəallığı və gənclərin prosesə qoşulması müstəqillik ideyasının daha geniş ictimai dayaqlara malik olduğunu göstərir”.
Beləliklə, konfransda səsləndirilən fikirlər onu söyləməyə əsas verir ki, müstəmləkəçilik mirası siyasi və iqtisadi strukturlarla yanaşı, xalqların kollektiv psixologiyasında da dərin izlər buraxıb. Zorakılıq, ayrı-seçkilik və sistemli ədalətsizlik şəraitində formalaşmış cəmiyyətlərdə travmatik təcrübələr nəsildən-nəslə ötürülür. Bu təsirlər isə sosial etimadsızlıq, milli kimlik böhranı, özünüqiymətləndirmə hissinin zəifləməsi və uzunmüddətli ictimai gərginliklər şəklində büruzə verir. Ona görə də dekolonizasiya prosesi, sadəcə, siyasi müstəqilliklə yekunlaşmamalıdır. Tarixi ədalətin, kollektiv yaddaşın bərpası, mədəni identikliyin gücləndirilməsi və psixoloji sağalma istiqamətində kompleks və davamlı addımlar atılmalıdır.
Nəzrin ELDARQIZI
XQ