EN

Ana dili millətin varlığının sütunlarından biri

ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Hər bir xalqın dünyada mövcudluğunu təsdiq edən əsas amillərdən biri onun doğma dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda bir millətin tarixi yaddaşı, milli kimliyi, mənəvi sərvəti və varlıq rəmzidir. Xalqın keçdiyi tarixi yol, yaşadığı ictimai-siyasi proseslər, yaratdığı mədəniyyəti və mənəvi dəyərləri ilk növbədə ana dilində formalaşır və nəsildən-nəslə məhz bu dildə ötürülür. Bu baxımdan, dil millətin yaddaşı, ruhu və mənəvi pasportu kimi çıxış edir.

Ana dilini mükəmməl bilmək insanın dünyagörüşünün formalaşmasında, təhsil səviyyəsinin yüksəlməsində, milli mənsubiyyət hissinin möhkəmlənməsində mühüm rol oynayır. Doğma dilinə yiyələnmiş insan həm öz xalqı ilə daha sıx ünsiyyət qurur, həm də digər xalqların mədəni irsi ilə tərcümə vasitəsilə tanış olmaq imkanı əldə edir. Dil bir tərəfdən milli özünəməxsusluğu qoruyur, digər tərəfdən, xalqlar arasında mədəni körpü rolunu oynayır.

Xalqımız üçün ana dili milli-mənəvi dəyərlər sisteminin ən qiymətli sərvətlərindən biridir. Təsadüfi deyildir ki, tarix boyu görkəmli şəxsiyyətlərimiz ana dilini mənəvi Vətən adlandırmış, onu torpaq qədər müqəddəs hesab etmişlər. Dilimiz xalqımızın keçmişini bu günü ilə birləşdirmiş, milli kimliyimizin qorunmasında həlledici rol oynamışdır. Zamanın ağır sınaqları, işğallar və siyasi təzyiqlər qarşısında belə xalqımız öz dilini yaşatmağı bacarmışdır.

Ana dilinin qorunması yalnız dilçilik məsələsi deyil, həm də milli təhlükəsizlik, milli özünüdərk və milli davamlılıq məsələsidir. Dilini itirən xalq zamanla öz mədəni simasını, tarixi yaddaşını və milli kimliyini də itirmək təhlükəsi ilə üzləşir. Bu səbəbdən ana dilinin saflığının qorunması, yad təsirlərdən uzaqlaşması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.

Ana dilinin qorunmasının qlobal əhəmiyyətini nəzərə alaraq dünya ictimaiyyəti bu məsələni beynəlxalq səviyyədə diqqət mərkəzinə çıxarmışdır. Hər il 21 fevral tarixində qeyd olunan Beynəlxalq Ana Dili Günü də məhz bu məqsədə xidmət edir. Bu günün yaranma tarixi XX əsrin ortalarına – 1952-ci ilə təsadüf edir.

Həmin ilin fevral ayında Pakistanda benqal dilinin rəsmi istifadəsinin qadağan edilməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalar zamanı polis müdaxiləsi nəticəsində bir neçə nəfər həyatını itirmişdir. Bu hadisə dil uğrunda mübarizənin nə qədər ağır və faciəli nəticələrə səbəb ola biləcəyini bütün dünyaya nümayiş etdirmişdir. Sonradan Banqladeş nümayəndələri bu hadisənin xatirəsinə ehtiram əlaməti olaraq 21 fevral tarixinin Ana Dili Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış etmişlər.

Bu təşəbbüs UNESCO tərəfindən dəstəklənmiş və 1999-cu ilin noyabrında qəbul olunan qərara əsasən, 2000-ci ildən etibarən 21 Fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmağa başlanmışdır. Bu günün əsas məqsədi dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərə diqqət çəkmək, dil və mədəniyyət müxtəlifliyini qorumaq, hər bir insana öz ana dilində danışmaq, düşünmək və yaratmaq hüququnun vacibliyini xatırlatmaqdır.

UNESCO-ya üzv olan dövlətlərə tövsiyə edilmişdir ki, bu gün münasibətilə təhsil müəssisələrində, mədəniyyət ocaqlarında və kitabxanalarda ana dilinin əhəmiyyətinə həsr olunmuş tədbirlər, seminarlar, konfranslar və maarifləndirici proqramlar təşkil edilsin. Məqsəd gənc nəslə ana dili sevgisi aşılamaq, onu qorumağın milli borc olduğunu anlatmaqdır.

Bu kontekstdə Azərbaycanda da Beynəlxalq Ana Dili Günü hər il geniş şəkildə qeyd olunur. Kitabxanalarda, məktəblərdə, mədəniyyət müəssisələrində ana dilinin qorunması və sevilməsi mövzusunda müxtəlif tədbirlər, sərgilər təşkil olunur, ədəbi-bədii gecələr və müsabiqələr həyata keçirilir. Bütün bunlar ana dilinin yalnız ünsiyyət vasitəsi deyil, milli varlığımızın əsas dayağı olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan dilinin tarixi inkişaf yolu xalqımızın formalaşma tarixi ilə sıx bağlıdır. Dilin təşəkkülü və inkişafı heç vaxt təsadüfi proses olmamış, müxtəlif tarixi, siyasi və mədəni mərhələlərdən keçərək bugünkü kamil səviyyəsinə çatmışdır. Dil xalqın yaşadığı coğrafiya, məruz qaldığı təsirlər, qurduğu dövlətlər və yaratdığı mədəni irs ilə paralel şəkildə formalaşmışdır.

Tarixi mənbələr göstərir ki, Azərbaycan dilinin kökləri eramızdan əvvəl IV əsrə qədər gedib çıxır. Həmin dövrlərdə indiki Azərbaycan ərazisində Qafqaz Albaniyası, cənub hissəsində isə Atropatena dövləti mövcud olmuşdur. Şimal və cənub ərazilərində yaşayan əhali uzun müddət bir-biri ilə sıx əlaqədə olmuş, bu da ümumi etnik və dil birliyinin formalaşmasına zəmin yaratmışdır. Məhz bu proseslər nəticəsində Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır.

Dilimizin ümumxalq dili kimi formalaşması əsasən eramızın V əsrinə təsadüf edir. VI-VIII əsrlərdə isə Azərbaycan dilində şifahi ədəbi dil inkişaf etməyə başlamışdır. Bu dövrün ən möhtəşəm nümunəsi “Kitabi-Dədə Qorqud” dastanıdır. Bu abidə təkcə folklor nümunəsi deyil, eyni zamanda dilimizin qədimliyini, zənginliyini və bədii imkanlarını nümayiş etdirən nadir yazılı mənbədir. “Kitabi-Dədə Qorqud”un dili sübut edir ki, Azərbaycan dili hələ o dövrlərdə yüksək ifadə imkanlarına malik olmuşdur.

IX-XI əsrlərdə Azərbaycan dilinin yazılı forması daha da inkişaf etmiş, ədəbi dilin əsasları möhkəmlənmişdir. Birinci minilliyin ortalarından etibarən dilimizin yazısı və əlifbası artıq mövcud olmuşdur. Həmin dövrdə yaranan yazılı abidələr dilimizin təsadüfi deyil, davamlı inkişaf yolu keçdiyini təsdiqləyir. XIII əsrdən etibarən isə Azərbaycan dilində yazılmış bədii və didaktik əsərlərin sayı artmağa başlamışdır (4,s.36).

Dilimizin tarixində mühüm mərhələlərdən biri onun adlandırılması ilə bağlıdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan dili “türk dili”, “türki”, “azəri”, “Azərbaycan türkcəsi” kimi adlandırılmışdır. “Türk” adının kökləri qədim Turukki tayfalarına gedib çıxır. Tarixi mənbələrdə göstərilir ki, turukki sözü “güclü”, “qüvvətli”, “törəyən” mənalarını ifadə edir və zamanla “türk” formasını almışdır. Bu ad V əsrdən etibarən geniş şəkildə işlədilməyə başlamışdır.

“Azəri” anlayışı isə Azərbaycan adının qısaldılmış forması kimi formalaşmışdır. Ərəblərin Atropatena sözünü öz fonetik xüsusiyyətlərinə uyğun şəkildə tələffüz etməsi nəticəsində “Azərbaycan” adı yaranmış, bu ərazidə danışılan dil isə “əl-azəriyə”, yəni azəri dili adlandırılmışdır. Bu termin tayfa adı deyil, məhz coğrafi və dil adı kimi meydana gəlmişdir. Beləliklə, “türk” və “azəri” anlayışları tarix boyu paralel şəkildə işlədilmişdir.

Azərbaycan dilinin tarixi inkişafında XIII-XVI əsrlər xüsusi yer tutur. Bu dövr dilimizin çiçəklənmə mərhələsi hesab olunur. Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi dahilər məhz Azərbaycan dilində yazaraq bu dili yüksək ədəbi səviyyəyə qaldırmışlar. Onların əsərləri sübut etmişdir ki, Azərbaycan dili dərin fəlsəfi fikirləri, incə duyğuları və mürəkkəb ideyaları ifadə etmək gücünə malikdir.

Tarixi proseslər göstərir ki, dilin inkişafı təkcə xalqın fəaliyyəti ilə deyil, eyni zamanda dövlətçiliklə də sıx bağlıdır. Dövlətlərin süqutu və ya işğalı zamanı dilin mövqeyi zəifləyir, onun işlənmə arealı daralır. Əksinə, güclü dövlətçilik dövrlərində dil inkişaf edir, rəsmi status qazanır və geniş yayılır. Azərbaycan dili də bu baxımdan müxtəlif sınaqlardan keçmişdir.

Səfəvilər dövründə Şah İsmayıl Xətainin fəaliyyəti ana dilimizin tarixində dönüş nöqtəsi olmuşdur. Bu dövrə qədər rəsmi sənədlər əsasən ərəb və fars dillərində yazıldığı halda, Azərbaycan dili ilk dəfə dövlət idarəçiliyində geniş istifadə olunmağa başlamışdır. Bu, ana dilimizin ictimai-siyasi statusunun yüksəlməsinə səbəb olmuşdur.

Azərbaycan dili mənşəcə müasir türk dillərinə aiddir və oğuz yarımqrupuna daxildir. Dilimizin sabit qrammatik sistemi, zəngin lüğət tərkibi və ahəngdar fonetik quruluşu onu dünyanın ən inkişaf etmiş milli dillərindən birinə çevirir. Azərbaycan dilində elmi, siyasi, fəlsəfi və bədii fikirləri eyni dərəcədə ifadə etmək mümkündür.

Bu gün Azərbaycan dili təkcə respublikamızda deyil, dünyanın onlarla ölkəsində yaşayan soydaşlarımız tərəfindən istifadə olunur. Milyonlarla insan üçün ana dili olan Azərbaycan dili, eyni zamanda bir çox azsaylı xalqlar üçün ikinci ana dili funksiyasını daşıyır. Bu fakt dilimizin ünsiyyət imkanlarının genişliyini və sosial əhəmiyyətini bir daha təsdiqləyir.

Azərbaycan dilinin inkişaf tarixində onun dövlət dili statusu qazanması xüsusi əhəmiyyət daşıyır. Çünki dilin qorunması və inkişafı təkcə mədəni proses deyil, eyni zamanda siyasi iradə və dövlətçilik təfəkkürü tələb edən məsələdir. Tarixi təcrübə göstərir ki, dil yalnız dövlət himayəsi altında olduqda cəmiyyətin bütün sahələrində tam funksional mövqe tuta bilir.

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ana dilimizin tarixində mühüm mərhələ olmuşdur. Həmin dövrdə parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan edilmiş, rəsmi sənədlər ana dilində tərtib olunmuşdur. Bu, qısa müddət davam etsə də, milli dövlətçilik tarixində dil məsələsinə verilən yüksək dəyərin göstəricisi idi. Hətta parlamentdə qeyri-millət nümayəndələrinin çıxışlarının rus dilində olmasına müvəqqəti icazə verilsə də, dövlət dili kimi Azərbaycan dilinin mövqeyi qorunmuşdur.

Sovet dövründə dil siyasəti ziddiyyətli xarakter daşımışdır. Bir tərəfdən Azərbaycan dili məişət və ədəbi sahədə yaşamağa davam etmiş, digər tərəfdən rəsmi idarəçilikdə rus dilinin üstün mövqeyi ana dilimizin imkanlarını məhdudlaşdırmışdır. Buna baxmayaraq, xalqımız dilini qorumağı bacarmış, ədəbi dilin inkişafı dayanmamışdır. Məhz bu mürəkkəb tarixi şəraitdə ana dilinin dövlət səviyyəsində qorunması məsələsi daha da aktuallaşmışdır.

Bu istiqamətdə dönüş nöqtəsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Onun dil siyasəti hələ 1970-ci illərdən formalaşmağa başlamışdır. Ulu Öndərin Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi həmin dövr üçün cəsarətli və prinsipial addım idi. Bu hadisə ana dilinin rəsmi və ictimai müstəvidə işlədilməsinə güclü stimul verdi.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dil tarixində mühüm nailiyyət idi. Bu addım ana dilinin hüquqi statusunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Həmin dövrdə dil məsələsinin dövlət səviyyəsində həll olunması xalqın milli özünüdərk hissini gücləndirmişdir.

Müstəqillik əldə edildikdən sonra Azərbaycan dili yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə qəbul edilən ilk milli Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması tarixi və siyasi baxımdan son dərəcə mühüm hadisə idi. Bu qərar dilimizin hüquqi statusunu tam şəkildə bərpa edərək onun inkişafı üçün geniş imkanlar yaratdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dil siyasəti sistemli və ardıcıl xarakter daşıyırdı. 2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman ana dilinin istifadəsi və qorunması sahəsində yeni mərhələnin əsasını qoydu. Bu fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bu qurumun əsas məqsədi dövlət dilinin tətbiqinə nəzarət etmək, dilin saflığını qorumaq və onun inkişafını təmin etmək idi.

Ana dilinin qorunması siyasətinin mühüm istiqamətlərindən biri də əlifba məsələsi olmuşdur. Azərbaycan tarixində əlifba dəyişiklikləri həmişə mürəkkəb və ağrılı proses kimi yadda qalmışdır. Lakin latın qrafikasına keçid milli maraqlara uyğun strateji qərar idi. Bu proses 1990-cı illərin əvvəllərindən başlayaraq, 2001-ci ildə tam şəkildə yekunlaşdı. İlk olaraq məktəblər, daha sonra dövlət müəssisələri və nəhayət, mətbuat latın qrafikasına keçdi.

2001-ci il avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi ana dilinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Bu gün təkcə əlifba dəyişikliyinin deyil, eyni zamanda milli dil siyasətinin təntənəsi kimi qiymətləndirilir.

2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun dilimizin hüquqi bazasını daha da möhkəmləndirdi. Bu qanun dövlət dilinin işlədilməsi, qorunması və inkişaf etdirilməsi ilə bağlı əsas prinsipləri müəyyən etdi. Həmin sənəd eyni zamanda dünya azərbaycanlılarının dil və milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsini də nəzərdə tutur.

Ümummilli Lider Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir” fikri onun ana dilinə olan münasibətinin ideoloji əsasını əks etdirir. O, ana dilini milli dəyər səviyyəsinə yüksəltməyi bacaran nadir liderlərdən biri olmuşdur. Türk dünyasında dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider kimi Heydər Əliyevin rolu əvəzsizdir.

Bu siyasət bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı sərəncamlar ana dilimizin qloballaşma şəraitində qorunmasına və inkişafına xidmət edir. Latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dilin elektron məkanda istifadəsinin genişləndirilməsi bu siyasətin konkret nəticələridir.

Müasir dövrdə Azərbaycan dili təkcə dövlət idarəçiliyinin deyil, həm də elmin, təhsilin, mədəniyyətin və informasiya mühitinin aparıcı vasitəsinə çevrilmişdir. Dilimizin saflığının qorunması, terminoloji sistemin zənginləşdirilməsi və gənc nəslə ana dilinə sevgi aşılanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır (5, s.42).

Azərbaycan dili bu gün yalnız bir dövlətin rəsmi dili olmaqla kifayətlənmir, eyni zamanda geniş coğrafiyada milyonlarla insanın milli kimliyini birləşdirən əsas amilə çevrilmişdir. Hazırda Azərbaycan dili dünyanın onlarla ölkəsində yaşayan soydaşlarımız tərəfindən ana dili kimi istifadə olunur. Tarixi köçlər, siyasi proseslər və miqrasiya nəticəsində Azərbaycan dili Rusiya Federasiyasında, xüsusilə Dağıstanda, Gürcüstanda, İranda, İraqda, Türkiyədə, Suriyada, Ukraynada, ABŞ-də, Böyük Britaniyada, Almaniyada, eləcə də Orta Asiya respublikalarında geniş yayılmışdır. Ümumilikdə, Azərbaycan dilində danışanların sayı 45-50 milyondan artıqdır. Bu fakt dilimizin beynəlxalq miqyasda nə qədər geniş areala malik olduğunu göstərir.

Azərbaycan dili respublikamız ərazisində yaşayan bir sıra azsaylı xalqlar – talışlar, tatlar, lahıclar, qrızlar, saxurlar və başqaları tərəfindən ikinci ana dili kimi istifadə olunur. Bu isə dilimizin inteqrasiyaedici və birləşdirici rolunu açıq şəkildə nümayiş etdirir. Azərbaycan dili müxtəlif etnik qruplar arasında qarşılıqlı anlaşmanı təmin edən ümumi ünsiyyət platforması rolunu oynayır.

Beləliklə, Azərbaycan dili xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının əsas sütunudur. Onun keçdiyi tarixi yol, qazandığı dövlət statusu və müasir dövrdəki funksional imkanları sübut edir ki, bu dil yalnız keçmişin yadigarı deyil, eyni zamanda gələcəyin də əsas təminatıdır. Ana dilinə sahib çıxmaq, onu sevmək və qorumaq hər bir azərbaycanlının mənəvi məsuliyyətidir.

Aytən ƏLİYEVA,

AMEA Mərkəzi Elmi Kitabxananın Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
3
dogru.az

4Sources