EN

İrəvanın istəyi Şoyqunu qəzəbləndirdi: “Bir gecədə baş verəcək” mesajı Bakıya idi?

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun ötən gün Ermənistanla bağlı açıqlaması birmənalı qarşılanmayıb. Şoyqu bildirib ki, Ermənistan hökumətinin bu ölkənin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləməsi ilə bağlı istəyi düşünlməmiş qərardır.

Onun sözlərinə görə, belə bir addımdan sonra mövcud sistem bir gecədə sıradan çıxa bilər.

“Başqa bir şirkətin Ermənistanda uzun müddətdir ki, ən çətin şərtlərdə effektiv fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını tam əvəz edə bilməsi ehtimalı azdır”, – Şoyqu bildirib.

Ekspertlər hesab edir ki, Sergey Şoyqunun sözləri yalnız Ermənistana ünvanlansa da, eyni zamanda Azərbaycana da xəbərdarlıq mahiyyəti daşıyır. Belə ki, Bakının TRIPP layihəsinin icrasında maraqlı olması Moskvada diqqətlə izlənilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Rusiyanın Cənubi Qafqaz ilə bağlı iddiaları hələ də bitməyib:

“Kreml hər fürsətdə regiona qayıtmağı və Cənubi Qafqazı öz təsir dairəsində saxlamağı düşünür. Bu Rusiyanın ən böyük yanlışlığıdır, çünki bölgəmiz heç bir ölkənin arxa bağçası deyil. Regiondakı ölkələr suverendir və Rusiyanın buna hörmət etməsi lazımdır. Lakin görünür, imperiya ambisiyaları buna imkan vermir.

Bu gün Ukraynada baş verənlər Rusiya imperializminin bariz nümunəsidir. Ermənistana gəldikdə isə, Kremlin bu ölkədə heç kəsə güzəşt etməsi gözlənilmir. Moskvanın İrəvana təsir imkanları get-gedə azalır və gücü tükənir, amma yenə də Ermənistanda revanşist prosesi davam etdirir.

IMG
Əli Mustafayev

Bu gün Ermənistan dəmir yolları Rusiya nəzarətindədir. İrəvan hökuməti bu dəmir yollarının keçdiyi ərazilərdə fərqli planlar qurur. Ona görə də, 2008-ci ildən 2038-ci ilə qədər icarəyə verilmiş dəmir yollarını başqa ölkəyə vermək niyyətindədir. Əslində, İrəvanın yanaşması başa düşüləndir, çünki Rusiya bu dəmir yollarında xüsusi heç bir iş görmür və Ermənistanın inkişafına yönəlmiş addımlar atmır.

Şoyqunun hədə-qorxuları isə əsassızdır. Dediklərinin əsasları yoxdur, yəni bir gecədə sistemin çökməsi inandırıcı deyil. Hesab edirəm ki, indiki məqamda Ermənistan üçün ən uğurlu layihə “Tramp marşrutu”nun açılmasıdır. İddialara görə, Rusiya buradan pay istəyir, Ermənistan isə payın verilməsi üçün dəmir yollarını Rusiyadan almaq niyyətindədir”.

Chosen
22
editor.az

1Sources