EN

Ötən il ən çox turist qəbul edən ölkə Fransa olub

2025-ci ildə dünyanın ən çox ziyarət edilən ölkəsi statusuna Fransanın sahib olması bir daha təsdiqlənib. Turizm və kiçik və orta müəssisələr naziri Serj Papən tərəfindən açıqlanan rəqəmlərə əsasən, ötən il ölkəyə 102 milyon xarici turist səfər edib.

AZƏRTAC xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3 faiz, 2019-cu illə müqayisədə isə 13 faiz çoxdur.

Ziyarətçi sayına görə, Fransa ən yaxın rəqibi olan İspaniyanı (97 milyon turist) geridə qoyur. Bununla belə, turizm sektorunun qiymətləndirilməsində yalnız turist sayı deyil, əldə olunan gəlirlər də mühüm rol oynayır.

2025-ci ildə Fransaya gələn xarici turistlər 77,5 milyard avro gəlir gətirib. Lakin İspaniya turizmdən əldə etdiyi gəlirlərə görə (135 milyard avro) Fransanı qabaqlayıb. Mütəxəssislər bunu Fransada qalma müddətinin daha qısa olması ilə izah edirlər. Bir çox turist Fransa ərazisindən tranzit kimi istifadə edərək İspaniya və ya İtaliyaya yönəlir. Buna baxmayaraq, Fransa üçün müsbət dinamika müşahidə olunur. Belə ki, son bir ildə turizm gəlirləri 9 faiz artıb. 2019-cu ildən bəri isə bu göstərici 37 faiz yüksəlib.

Serj Papən bildirib ki, məqsəd 2030-cu ilə qədər turizm gəlirlərini 100 milyard avroya çatdırmaqdır. Fransaya gələn turistlərin əksəriyyətini Avropa ölkələrinin vətəndaşları təşkil edir. Fransaya səfər edən turistlərin siyahısında isə Almaniya və Belçikadan olan şəxslər 14,6 milyon nəfər olmaqla ilk sıradadır. Böyük Britaniyadan 13,1 milyon, İsveçrədən isə 9 milyon turist Fransaya səfər edib. Eyni zamanda, ABŞ və Yaponiya kimi ölkələrdən gələn turistlərin sayında da artım qeydə alınıb. ABŞ-dan gələnlərin sayı 17 faiz çoxalıb.

Fransalı turistlərin daxili səyahətləri də nəzərə alındıqda, 2025-ci ildə turizm sektorunun ümumi iqtisadi çəkisi 222 milyard avroya çatıb. Bu göstərici ölkənin qlobal turizm bazarındakı lider mövqeyini möhkəmləndirir.

Chosen
57
50
yeniazerbaycan.com

10Sources