EN

İlham Əliyevin artan nüfuzu bəzi dairələri narahat edir - RƏY

"Son günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər, Almaniyanın Münxen şəhərində, İsveçrənin Cenevrə şəhərində baş tutan yüksək səviyyəli görüşlər və ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən müzakirələr fonunda müşahidə olunan bəzi insidentlər təsadüfi xarakter daşımır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadıqbəyli bildirdi.

O əlavə etdi ki, geosiyasi baxımdan bu hadisələr təsadüfi görünmür:

"Azərbaycan son illərdə regionun əsas siyasi və enerji aktorlarından birinə çevrilib. Xüsusilə, 2020-ci il Vətən müharibəsindən sonra formalaşmış yeni regional reallıqlar fonunda Cənub Qaz Dəhlizi layihəsində və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artıb, Orta Dəhliz təşəbbüsündə Azərbaycanın tranzit mövqeyi daha da güclənib, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın aktiv və təşəbbüskar diplomatik fəaliyyəti müstəsna əhəmiyyət kəsb edib. Bütün bunlar ölkənin beynəlxalq çəkisini artırıb, Prezident İlham Əliyevin siyasi lider kimi nüfuzunu daha da möhkəmləndirib. Təsadüfi deyil ki, o, ardıcıl olaraq nüfuzlu beynəlxalq platformalara dəvət olunur və qlobal müzakirələrdə fəal iştirak edir".

Müsahibimizin sözlərinə görə, son günlər beynəlxalq tədbirlər zamanı Azərbaycan rəhbərliyinə qarşı sərt ritorika, təxribat xarakterli suallar və xoşagəlməz halların baş verməsi koordinasiyalı siyasi xəttin elementləri kimi qiymətləndirilə bilər:

"Xüsusilə, əvvəllər Qərb-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik fonunda insan haqları, demokratik institutlar və regional siyasət mövzuları üzərindən təzyiq mexanizmlərinin yenidən işə salınması təsadüfi deyil. Bu kontekstdə prezidentə qarşı yönəlmiş hərəkətlər, İlham Əliyevin artan beynəlxalq nüfuzuna kölgə salmaq istəyən daxili və xarici qüvvələrin əvvəlcədən düşünülmüş və təşkil olunmuş qərəzli kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Məqsəd Azərbaycanın qazandığı geosiyasi üstünlüklərə və diplomatik uğurlarına kölgə salmaq, ölkənin beynəlxalq imicinə mənfi təsir göstərməkdir. Lakin reallıq və praktik siyasi nəticələr göstərir ki, bu cəhdlər gözlənilən effekti vermir. Əksinə, Azərbaycan müxtəlif beynəlxalq platformalarda təmsil olunmaqda davam edir. Bu reallıqlar göstərir ki, Prezident İlham Əliyev dövlətin və xalqın maraqlarını qətiyyətlə müdafiə edir, beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edir. Prezident İlham Əliyevə qarşı yönəlmiş hərəkətlər müəyyən dairələrin siyasi maraqlarından qaynaqlansa da, Azərbaycanın artan beynəlxalq nüfuzunu və dövlət başçısının mövqeyini zəiflətmək iqtidarında deyil".

Nuriyyə NATİQQIZI

Chosen
25
redaktor.az

1Sources