Cəmiyyətin nəsildən-nəslə ötürdüyü inanc, bilik və təcrübələr olan mədəniyyət insanların aşkar etdiyi və içində öz varlığını davam etdirdiyi bütün reallıqları göstərir. Mədəniyyətin bir millətin sahib olduğu maddi və mənəvi dəyərlərdən ibarət bir bütöv olduğunu düşünsək, deyə bilərik ki, cəmiyyətdəki hər cür biliklər, maraqlar, vərdişlər, dəyər mühakimələri, ümumi münasibətlər sistemi, fikirlər, düşüncələr, davranış kodeksləri və formaları mədəniyyəti təşkil edən elementlərdir.
Bu elementlərin başında, əlbəttə ki, cəmiyyətin ümumi ünsiyyətinə xidmət edən dil dayanır. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli ideoloji siyasətin, sosial-hüquqi tənzimləmənin və ictimai şüurun formalaşmasının ən canlı, dinamik mexanizmidir: kommunikativ olaraq dil fərdlər və sosial qruplar arasında informasiya mübadiləsini təmin edir, ictimai münasibətlərin koordinasiyasına xidmət göstərir və sosial zümrələrin, qurumların fəaliyyətini yönləndirir. Bu funksiya təbii olaraq dilin normativliyini, anlaşıqlılığını və funksional çevikliyini önə çıxarır. Bu prizmadan yanaşdıqda deyə bilərik ki, ideoloji baxımdan dil həm də cəmiyyətin dəyərlər sistemini, siyasi prioritetlərini və milli kimlik şüurunu, identiklik təsəvvürlərini kodlaşdıran əsas faktordur. Hakim ideyalar, siyasi baxışlar və mədəni-sosial modellər dil vasitəsilə formalaşır, legitimləşir və nəsildən-nəslə ötürülür. Bununla da dil kommunikativ funksiyası ilə cəmiyyətin struktur bütövlüyünü təmin edir, ideoloji funksiyası ilə sosial-mənəvi yüksəlişə zəmin yaradır, millətin, xalqın mental şüurunu yönləndirir.
Sovetləşmədən əvvəl də, sonra da, elə sovetlər birliyinin qılıncının ən kəskin vaxtlarında da Azərbaycan dili siyasi elitanın və cəmiyyətin toxunulmazı, müqəddəsi olmuşdur. Tarixboyu müxtəlif dövlətlər quran Azərbaycan xalqı üçün dil həmişə mübarizənin və ideologiyanın mərkəz xətti, birləşdirici faktoruna çevrilmişdir. Sovet İttifaqının "çiçək"ləndiyi, artıq öz siyasi xəttini bütün regionda bərqərar etdiyi "ən gözəl vaxtlarında" da Azərbaycan ictimaiyyəti üçün dil məsələsi xüsusi məsələ olmuşdur. 1960-cı illərdə respublika rəhbərliyində baş verən dəyişikliklər, milli-mənəvi dəyərləri siyasi fəaliyyətinin mərkəzinə qoyan fenomen şəxsin hakim mövqeyə keçməsi Azərbaycan dilinin ictimai-siyasi statusunda çox böyük və mütərəqqi bir keyfiyyət dönüşü yaratdı. 1969-1978-ci illər Azərbaycan siyasi tarixində Heydər Əliyevin siyasət maneralarının ən aydın şəkildə müşahidə olunduğu mərhələdir, o mərhələ ki siyasətin dili ilə ən yüksək səviyyədə dil siyasəti yürüdülürdü. Bu dövr SSRİ-nin mərkəzləşdirilmiş idarəetmə mexanizminin sərt ideoloji nəzarəti altında keçsə də, respublika daxilində milli-mənəvi maraqların qorunması məhz özünəməxsus siyasət dili ilə mümkün olmuşdur. Heydər Əliyevin siyasi davranış modeli bu mərhələdə açıq konfrontasiyadan uzaq, lakin məqsədyönlü və ardıcıl milli strategiya üzərində qurulmuşdur. Hətta 1970-ci illərin əvvəllərində respublikada kadr siyasətində aparılan dəyişikliklər də bu siyasətin praktik təzahürü idi.
Milli kadrların irəli çəkilməsi "milliləşdirmə" şüarı altında deyil, "peşəkarlıq", "təsərrüfatçılıq", "yerli xüsusiyyətlərin nəzərə alınması" kimi neytral yanaşmaya əsaslandırılırdı. Və belə bir dövrdə Azərbaycan dili tədricən rəsmi nitqin, siyasi diskursun mühüm elementinə, dövlətin siyasətinin dilinə çevrilirdi. Bu siyasi dillə bir çox mətləb Ümummilli Lider Heydər Əliyevin - birinci şəxsin dilindən ən yuxarı kürsülərdə ifadə olunurdu. Dövlət başçısının siyasət dili siyasi səriştə, uzaqgörənlik və "harada nəyi necə demək lazımdır" düsturu kontekstindəki bacarığı ilə ifadə oluna bilər. Burada "siyasət dili" anlayışı klassik mənada yalnız siyasi ritorika və ya rəsmi nitq üslubu kimi deyil, siyasi manevr qabiliyyətinə əsaslanan diskurs strategiyası kimi başa düşülməlidir. Çünki söhbət sərt ideoloji və inzibati təzyiq mühiti şəraitində dövlətin milli-mənəvi maraqlarının qorunmasına xidmət edən, açıq qarşıdurmaya girmədən məqsədyönlü nəticə əldə etməyə imkan verən siyasi davranış modelindən gedir ki, bu cəhət bütün tərəfləri ilə Ümummilli Liderin fəaliyyətinin tablosudur. Heydər Əliyevin siyasətində dil açıq mübarizə vasitəsi deyil, siyasi çeviklik və strateji susma-danışma balansının ifadəsi kimi çıxış edirdi. Dahi Liderin siyasət dili birbaşa müqavimət və ya açıq etiraz formasında deyil, xüsusi diskurs, simvolik jestlər, seçilmiş xüsusi leksik vahidlər və situativ mətn vasitəsilə özünü büruzə verirdi. Yəni milli maraqların müdafiəsi ölkə başçısının siyasi dili ilə təmin edilirdi: bir tərəfdən mərkəzi hakimiyyətə balanslı münasibət nümayiş etdirilir, digər tərəfdən isə milli-mənəvi dəyərlər rəsmi diskurs daxilində semantik kodlarla qorunurdu. Bu yanaşma, təbii ki, Ümummilli Liderin siyasi kompromisi yox, strateji davranış forması idi və dövlətçilik düşüncəsinin gələcək mərhələləri üçün ideoloji zəmin yaradırdı.
Beləliklə, xalqın milli ruhu, estetik dünyagörüşü və etnopsixoloji təfəkkürü dil vasitəsilə rejimin sərt ideoloji qəlibləri daxilində ciddiyyətlə, ehtiramla qorunur və gələcəyə ötürülürdü. Bu mərhələdə formalaşan siyasi dil açıq siyasi müstəqillik iddiası irəli sürməsə də, gələcək müstəqil dövlətçilik konsepsiyasının şüuraltı əsaslarını hazırlayırdı. Ana dilində qurulan rəsmi-siyasi diskurs milli özünüdərk prosesini dərinləşdirir, dilin yalnız mədəni deyil, həm də siyasi kapital olduğunu nümayiş etdirirdi. Məhz bu kontekstdə 1975-1978-ci illərdə Heydər Əliyevin siyasət dili artıq daha açıq simvolik məna kəsb etməyə başladı. Azərbaycan dili sistemli şəkildə siyasi idarəetmənin legitim, hüquqi dili statusunu qazanmış, formal-şablon siyasi dil xarakterindən çıxaraq, milli məzmun daşıyan ideoloji silaha çevrilmişdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddə redaktə olunmuş və Ulu Öndərin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixdə Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olunmuşdur. Bu addım emosional ritorika və ya kəskin siyasi tələb şəklində irəli sürülməmişdi. Əksinə, çox böyük siyasi məharətlə "sosialist xalqlarının bərabərliyi", "milli mədəniyyətlərin inkişafı" kimi ümumittifaq ideologiyası çərçivəsində təqdim olunmuşdu. Lakin bu addım təbii ki, mərkəzin də anladığı kimi rejimin dil siyasətinin ciddi ideoloji korrektəsi idi. Nəticə etibarilə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi yalnız hüquqi akt deyil, siyasi xarakterli strateji qələbə kimi qiymətləndirilməlidir.
Ulu Öndərin siyasət dili mədəni-ictimai, əxlaqi-mənəvi dəyərlərin legitimləşdirilməsi baxımından da mühüm rol oynayırdı. Milli tarixə, mədəni irsə, mənəvi ənənələrə istinad edən leksik-semantik vahidlərin rəsmi-siyasi nitqə daxil edilməsi dilin ideoloji funksiyasını gücləndirdi: "Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm..." "Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın, bizim dilimiz nə qədər zəngin, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtyatına malikdir" deyən müdrik Liderin istənilən auditoriyada çıxışı, nitqi, müraciətləri bu xəttin aynası idi.
Heydər Əliyevin ikinci hakimiyyəti dövründə də bu siyasət ən yüksək, ən ali səviyyədə davam etdirilmişdir. 1995-ci il oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən və Azərbaycan dilinin dövlət dili kimi adlandırılması məsələsinə həsr olunmuş geniş müşavirə dil siyasətinin necə incə siyasi balans və manevr tələb edən sahə olduğunu aydın şəkildə nümayiş etdirdi. Müzakirələrdə səslənən dörd fərqli mövqe - "Azərbaycan dili", "Azərbaycan türk dili (Azərbaycan türkcəsi)", "Azərbaycan dili (Azərbaycan türkcəsi)" və "Türk dili" təkcə terminoloji fərqləri deyil, eyni zamanda milli kimlik, tarixi yaddaş və siyasi status arasında cəmiyyətdə mövcud olan gərginliyi və ziddiyyətləri əks etdirirdi. Belə bir həssas məqamda Ulu Öndərin mövqeyi xüsusi əhəmiyyət kəsb edirdi. Məhz dil məsələsinə xüsusi həssaslıqla yanaşan Heydər Əliyev müşavirədə bütün çıxışlara, mülahizə və fikirlərə, əsaslandırmalara diqqətlə qulaq asaraq son nöqtəni məntiqi, tarixi və bütün zamanlar üçün qəbul ediləcək bir şəkildə qoydu. Heydər Əliyev problemi emosional və ya ideoloji kəskinlik müstəvisinə daşımadan, onu rasional və milli dövlətçilik çərçivəsində ümumiləşdirdi. Onun vurğuladığı əsas prinsiplər: ana dilinin adının müasir ictimai şüur üçün aydın olması; ölkə-xalq-dil adları arasında məntiqi bağlılığın qorunması; milli müstəqilliklə milli mənlik qürurunun zədələnməməsi kimi prinsiplər dil məsələsinin təkcə mədəniyyət hadisəsi kimi deyil, strateji siyasi məsələ kimi dərk edilməli olduğunu göstərirdi. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman isə Heydər Əliyevin həyata keçirdiyi dil siyasətinin konseptual yekunu və sistemli nəticəsi idi.
Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan bu siyasət modeli bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən sədaqət və ehtiramla, qloballaşma və multikultural şəraitə uyğun şəkildə davam etdirilir. 2003-cü ildən sonra siyasət dili yeni bir hüquqi şəraitdə fərqli məzmun kəsb edir. Prezident İlham Əliyevin siyasi maneralarında rasional arqumentasiya, hüquqi əsaslandırma və diplomatik diskurs üstünlük təşkil edir. Prezident və Ali Baş Komandan olaraq nitqlərində siyasi dil həm milli identiklik rəmzi, həm Ali Baş Komandan-ordu xitabət dili, həm müharibə ölkəsinin rəhbərinin diskursu, həm də beynəlxalq auditoriya üçün anlaşıqlı siyasi mesajların daşıyıcısı kimi çıxış edir. Bu xüsus daxili idarəetmədə effektivlik yaratmaqla bərabər, beynəlxalq müstəvidə dövlətin legitim haqqını ifadə edir. Beləliklə, siyasi maneralar vasitəsilə beynəlxalq tərəfdaşlarla ortaq diskurs yaradılır, daxildə isə dövlət idarəçiliyinin ideoloji və hüquqi əsasları möhkəmləndirilir.
İlham Əliyevin prezidentliyi dövründə qəbul olunan qanunlar, imzalanan sərəncamlar, fərmanlar və təsdiqlənən proqramlar Azərbaycan dilinə münasibətin ardıcıl, sistemli və strateji xarakter daşıdığını aydın şəkildə nümayiş etdirir. Qəbul edilən bu dövlət sənədləri göstərir ki, dil siyasəti təkcə mədəni-humanitar sahə kimi deyil, dövlətçiliyin mühüm dayağı, milli təhlükəsizlik və suverenliyin əsas komponentidir.
2004-cü ildən etibarən qəbul edilən sənədlər dövlət dilinin tətbiqinin praktik mexanizmlərini genişləndirməyə yönəlmişdir. Dil siyasətinin praktik mərhələsi 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" və 13 yanvar tarixli "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" sərəncamlar daha geniş vüsət aldı. Sonrakı illərdə qəbul edilmiş "Dünya ədəbiyyatı kitabxanası", "Dünya uşaq ədəbiyyatı kitabxanası" və "Azərbaycan ədəbiyyatı kitabxanası" layihələri dövlət dilinin mədəni və intellektual mühitdə tətbiq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir.
Xüsusilə vurğulanması lazım olan məqam 2012-ci il 23 may tarixli dövlət proqramıdır. Bu dövrdən başlayaraq dil siyasətində yeni - həm konseptual, həm də elmi-nəzəri, praktik dönəm başlayır. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı"nda dilin tarixi əsaslarının elmi cəhətdən araşdırılması, milli dövlətçilik və qloballaşma mühitində ideoloji olaraq uyğun olmayan konsepsiyalara son qoyulması, dilin söz xəzinəsinin, xüsusi qat olan terminlərin sistemləşdirilməsi və dilçiliyin inkişafı əsas prioritetlər kimi təsbit olunur. Həmin proqram çərçivəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının fəaliyyəti gücləndirilir.
2013-2018-ci illər ərzində qəbul edilən sərəncamlar isə bir növ dövlətin dil siyasətində artıq nəzarət, tənzimləmə və mühafizə mərhələsinə keçdiyini göstərir. Belə ki, dövlətin dil siyasətində nəzarət və mühafizə mexanizmlərinin tətbiqi 9 aprel 2013-cü il tarixli dövlət proqramı, 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında" sərəncam və 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında" fərmanla təsbit edilir. Xüsusilə KİV-də, reklam məkanında, elektron mühitdə ədəbi dil normalarının qorunması, bu məqsədlə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dövlətin dilin saflığına münasibətini, müdaxiləsini inzibati və hüquqi mexanizmlərlə də təmin etdiyini göstərir.
2018-ci ildən bu günə qədər dilin istifadəsi və elektron məkanda tətbiqi ilə bağlı qəbul edilən qərarlar Azərbaycan dilinin qloballaşma şəraitində beynəlxalq kommunikasiya vasitəsinə çevrilməsi istiqamətində həm dövlətin iradəsini əks etdirir, həm də bu məsələyə nə qədər həssaslıqla yanaşdığını ortaya qoyur. "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması" layihəsi dil siyasətinin xarici siyasət, təhsil diplomatiyası və dünyaya mədəni inteqrasiyası ilə vəhdətdə aparıldığını göstərir.
Prezident İlham Əliyevin dövründə aparılan siyasətdən aydın olur ki, dil yalnız qorunma mərhələsini deyil, həm də strateji-ideoloji təqdimat mərhələsini yaşayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış siyasi dil - dil siyasəti konseptiv-ideoloji model Ali Baş Komandan İlham Əliyevin dövründə yeni beynəlxalq və geosiyasi reallıqlara uyğun şəkildə funksionallaşmışdır. Prezident İlham Əliyevin dünyanın ən ali, yüksək kürsülərindən tutmuş ən sadə xalq izdihamları qarşısında etdiyi bütün çıxışlarında, müxtəlif auditoriyalarda, fərqli konseptlərdə və məzmunlardakı nitqlərində siyasi dil açıq emosional ritorikaya deyil, rasional arqumentlərə, hüquqi əsaslara və faktoloji dəqiqliyə söykənir.
II Qarabağ müharibəsi dövründə siyasət dili Azərbaycan dövlətçiliyinin həm daxili idarəetmə, həm də beynəlxalq arenada nüfuz və strateji təsir vasitəsi kimi ön plana çıxmışdır desək, əlbəttə, yanılmarıq. "Qarabağ Azərbaycandır!" ifadəsi ilə yeni bir siyasi-hüquqi xəttin təməlini qoyan Müzəffər Ali Baş Komandanın diplomatik görüşləri, ictimai-mədəni tədbirlərdəki çıxışları, media nümayəndələrinə verdiyi müsahibələr yalnız informasiya ötürmə funksiyası daşımır, mövcud situasiyada strateji manevr, siyasi jest və sosial nüfuzun təsirini artıran xüsusi bir vasitə rolunu oynayırdı, Prezident dünya ilə onun dilində danışırdı. Bütün çıxışlar beynəlxalq hüquq normalarına istinad əsasında qurulur, hazırlanan rəsmi bəyanatlar beynəlxalq auditoriyaya aydın və balanslı təqdim edilir, mövcud siyasi və hərbi şəraitdə hər bir nitq strateji manevri əks etdirir, beynəlxalq ictimaiyyət üçün Azərbaycanın haqlı mövqeyini inandırıcı edirdi. Hər bir söz, jest və nitq həm daxili auditoriyada həmrəylik və motivasiya yaradır, həm də beynəlxalq arenaya strateji mesajın aydın və balanslı çatdırılmasını təmin edirdi. Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycan üçün yalnız hərbi qələbə deyil, həm də diplomatik müstəvidə və beynəlxalq münasibətlərin mürəkkəbləşdiyi bir mühitdə qazanılan qələbə kimi siyasi dilin uğurla tətbiqinin nümunəsidir.
Prezident İlham Əliyevin 2021-ci ildə dilin saflığı və onun qorunması ilə bağlı səsləndirdiyi fikirlər dövlət sənədlərində formalaşmış dil siyasətinin növbəti mərhələsidir. Ali Baş Komandan İlham Əliyevin həm yerli, həm də beynəlxalq platformalarda (BMT, Avropa Şurası, regional beynəlxalq forumlar) etdiyi çıxışlar artıq postmüharibə dövrünün ab-havasını əks etdirir, yumşaq diplomatik dil, beynəlxalq hüquqi arqumentlər və faktoloji əsaslar üzərində qurulmuşdur. Bu çıxışlarda üç əsas istiqamət qabarıqdır: daxili idarəetmədə qələbə ruhu və motivasiya formalaşdırmaq; xüsusi leksik vahidlər və jestlər döyüş meydanında qazanılan hərbi uğurları, dövlət siyasi xəttinin məqsədyönlülüyünü, vətəndaş-dövlət həmrəyliyini vurğulayır; xüsusi nitq vahidləri ilə birlikdə, intonasiya pauza və vizual jestlər dövlət-dövlət, dövlət-vətəndaş arasında qarşılıqlı etimadı, ünsiyyəti ifadə etməklə yanaşı, postmünaqişə dövründə humanitar aspektlərə diqqət çəkmək, sülh çağırışı ilə yanaşı, strateji-hərbi, regional nüfuz yaratmaq üçün istifadə olunur.
Xüsusilə son illərdə, postmüharibə dövründə, "Böyük qayıdış" proqramı çərçivəsində mühüm işlərin həyata keçirildiyi bir vaxtda, suverenliyin bərpası, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin aparıldığı tarixi bir dönəmdə dövlətin dil siyasətinə yeni baxış formalaşdı və bu baxış "Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə" fikri ilə ən ali səviyyədə möhürləndi. Prezidentin hər çıxışında dil həm strateji amil, həm mənəvi yüksəklik, həm də keçmişimizin və gələcəyimizin vəhdəti kimi təqdim olunur. Prezident dil məsələsinə olan münasibətini həm bir vətəndaş, həm də bir dövlət başçısı kimi aydın şəkildə ifadə edir, bu fikirlərdə həm tövsiyə, çağırış var, həm də tələb: "… Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm..." Bu fikirlər siyasi dillə dil siyasəti haqqında verilən ən ali hökmdür: Dilimizi qorumalıyıq!.. Prezident bu fikirləri dilə gətirərkən, sadəcə, bir ölkənin başçısı olmaqdan daha çox milli kimliyimizin, milli varlığımızın, tarixi köklərimizin və genetik kodumuzun daşıyıcısı olan dilimizi sevən bir vətənpərvər, məsuliyyətli vətəndaş və torpaqlarımızın düşmən caynağından xilaskarı kimi Ana dilimizi də yad ünsürlərdən qoruyan Müzəffər Ali Baş Komandandır. Və dilimizin saflığının qorunması təkcə dövlətin vəzifəsi deyil, cəmiyyətin ümumi məsuliyyəti, vətəndaşlıq borcu, keçmişimizə ehtiram və sədaqətin təcəssümü kimi başa düşülməlidir.
Qətibə VAQİFQIZI,
filologiya elmləri doktoru