EN

Britaniya kral ailəsi ilə bağlı İLGİNC İDDİA

Britaniya kral ailəsi son onilliklərin ən ciddi sınaqlarından birini yaşayır.

Ölkə.az xəbər verir ki, bu barədə CNN geniş təhlil yayımlayıb.

Kanalın xəbərinə görə, Şahzadə Endryunun saxlanılması və ona qarşı irəli sürülən şübhələr monarxiyanın reputasiyasını yenidən ciddi sual altına qoyub.

CNN-in geniş təhlilində qeyd olunur ki, Kral III Çarlz hadisədən dərhal sonra qısa, lakin olduqca sərt bəyanat yayımlayıb. Bəyanatda hüquq-mühafizə orqanlarına “tam və səmimi dəstək” ifadə edilir və “qanun öz yolu ilə getməlidir” vurğulanır. Bəyanatın tonu və məzmunu aydın mesaj daşıyırdı: kral ailə bağlılığından daha çox dövlət qarşısındakı borcunu önə çəkir.

Məlumata görə, şahzadə Uilyam və Uels şahzadəsi Ketrin də bu strategiyanı dəstəkləyiblər. Bu isə göstərir ki, monarxiyanın əsas fiqurları böhran fonunda vahid mövqe sərgiləməyə çalışırlar.

Endryu Londonun şimalında yerləşən və kral ailəsinə məxsus Sandrinqem iqamətgahında saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə istintaqa cəlb edilib. Hələlik rəsmi ittiham irəli sürülməsə də, istintaqın davam etməsi belə onun uzun illərdir davam edən nüfuz itkisini daha da dərinləşdirir.

Analitiklər xatırladırlar ki, Endryunun adı illərdir Ceffri Epşteyn qalmaqalı ilə hallanırdı. 2019-cu ildə BBC-yə verdiyi müsahibə onun reputasiyasına ciddi zərbə vurmuşdu. O zaman mərhum kraliça II Yelizaveta tənqid olunmuşdu – bir çoxları hesab edirdi ki, saray Endryuya qarşı daha tez və sərt addımlar atmalı idi.

III Çarlz isə 2022-ci ildə taxta çıxdıqdan sonra fərqli taktika seçdi. O, qardaşını hərbi titullarından və rəsmi vəzifələrindən məhrum etdi, “HRH” statusunu faktiki olaraq arxa plana keçirdi və kral iqamətgahından çıxarılmasını təmin etdi. Ən son bəyanatda isə diqqətçəkən məqam Endryunun “qardaşım” kimi təqdim olunmaması idi – bu, simvolik məsafələşmə kimi şərh olunur.

Ekspertlər hesab edirlər ki, kral ailəsi indi iki paralel mübarizə aparır: bir tərəfdən hüquqi prosesə müdaxilə etmədən şəffaflıq nümayiş etdirmək, digər tərəfdən isə monarxiyanın nüfuzunu qorumaq. Lakin ictimaiyyətin sualları artmaqdadır. “Çarlz nə bilirdi?”, “Uilyam nə bilirdi?” kimi suallar artıq mediada açıq şəkildə səslənir.

Tarixçilər və kral ailəsi üzrə şərhçilər bildirirlər ki, bu böhran 1997-ci ildə şahzadə Diananın ölümündən sonra yaranmış etimad sarsıntısını xatırladır. O zaman da saray gec reaksiya verməkdə ittiham edilmişdi. İndi isə əsas məsələ məsafə saxlamaqla yanaşı, ictimai inamı qorumaqdır.

Şərhçilərin fikrincə, Endryu məsələsi III Çarlzın hakimiyyət dövrünü müəyyən edə bilər. O, modernləşmiş və daha hesabatlı monarxiya formalaşdırmaq istədiyini nümayiş etdirməyə çalışır. Lakin qardaşı ilə bağlı istintaqın gedişi və mümkün yeni faktların ortaya çıxması kral ailəsini hələ uzun müddət çətin vəziyyətdə saxlaya bilər.

Bütün bunlar fonunda Britaniya monarxiyası son onilliklərin ən ağır reputasiya sınağı ilə üz-üzədir.(musavat)

Chosen
19
1
olke.az

2Sources