EN

Şənbə üçün nəzm

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam.

İpək saçlarını bir vaxt oxşayan

Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla

Mən tanış edərdim nə vaxtsa bir-bir.

İndi özgələri yad ehtiramla

Deyirlər: “Tanış ol...” Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,

Yolumu gözlərdin yollardan uzaq.

Mən sənin yuxundan çıxıb gəlmişəm,

Bu da bir yuxudur - gəl tanış olaq.

Qoluna girərdim... bu, yadındadır,

Gedərdik... yolumuz, arzumuz şərik.

Qolum qollarının lap yanındadır,

Toxunsa biz indi üzr istəyirik.

Harada oldumsa səhər, ya axşam,

Aradın sən məni, gördün sən məni.

İndi gözlərinin qabağındayam,

Harada durum ki, görəsən məni?

***

Bir yol ayrıcına bənzəyir həyat,

Yaramaz həyatın üstündə əsmək.

Cəsarət istəyir, bir də ehtiyat,

Nə ləngimək olar, nə də tələsmək.

Ehtiyat elədim orda ki, bir vaxt

Cəsarət hər şeyə, məncə, dəyərdi.

Cəsarət göstərdim orda ki, ancaq

Adi bir ehtiyat bəs eləyərdi.

Bu dünya qəribə bir əyləncədir,

Dünya sərt, mən bəzən uşaqxasiyyət.

Yaşadım, bilmədim bu dünya nədir,

Bilmədim, dünyada nədir səadət.

Kədərim dünyanın vecinə deyil,

Sevincim necə bəs, düşürmü yada?

Bəlkə dünya üçün bu - heç nə deyil,

Nə qədər sevinc var, qəm var dünyada.

Dünya sərgisində göründüm, yetər,

Həqiqət dedim mən “yalan dünya”ya.

Dünyanı əyləncə hesab edənlər

Əylənib baxsınlar bir an dünyaya.

***

Sən məni bu qədər gözlətməmişdin,

Belə qoymamışdın gözümü yolda.

Bu qədər özünü gizlətməmişdin,

Gizlənpaç oynayan vaxtımızda da.

Haraya getsən də, dönmüşdün yenə,

Qayıdıb gəlmişdin mənsiz darıxıb.

Bu dəfə bilmirəm nə olub sənə,

Gedibsən, qayıtmaq yadından çıxıb.

Qalıb evimizdə palın-paltarın,

Tələsik gedəndə kimə deyibsən?

Qapının ağzında başmaq tayların,

Yolda ayağına bəs nə geyibsən?

Solub pianonun üstündə güllər,

Təzə pərdələri yandırıbdır gün.

Sənin bişirdiyin o mürəbbələr

İçilib qurtardı - hardasan özün?

Bu axşam qəribə bir hiss keçirdim,

Nə tez ömür ötdü, yaş əlli oldu.

Sənin ad gününü sənsiz keçirdim,

Şəkilin yeganə təsəlli oldu.

Şirin söhbətindən olmayıb doyan,

Çağır qonşuları, doyunca gülək.

“Mənsiz gördünüzmü, dözmür Nəriman...”

Sənə qurban olum, sən görmədin tək.

***

Sən getdin, həsrətin qaldı canımda,

Sonradan mat qaldım, düzü, bir şeyə.

Qeyri-adi idin mənim yanımda,

Getdin, elə bil ki, adiləşməyə.

Sənə yalvarırdım burda bayaqdan,

Eşikdə qış idi, otaqda bahar.

Sən də gedib evdə yalvaracaqsan -

Gecikdiyin üçün bağışlasınlar.

Səni bağışlamaq?.. Dünyaya bir bax,

O qəlbi, o ruhu gərək duyasan.

Axı səndən gərək üzr istəyələr,

Lazımdırsa, sən gərək bağışlayasan.

Bir qəlbin ən əziz şahzadəsiydin,

Qulluq gözləyirdim hüzurunda mən.

Gedib evinizdə sən ona yəqin

Bir qulluq göstərib çay süzəcəksən.

Getdin, ürəyimi salıb tufana,

Sədaqət həyatda başqa rəng deyil.

Mənim sevincimi apardın ona,

Bəlkə də ona heç bu, gərək deyil.

***

Bu dünya nərdivandı -

Qalxanda mehribandı,

Enəndə nə yamandı...

Görüşdük pillələrdə,

Yolun yarısında biz.

O qalxırdı bu dəmdə,

Mən enirdim xəbərsiz.

Onu arzularına

Qaldırırdı nərdivan,

Məni xatirələrə

Endirirdi bu zaman.

Birimiz günçıxana,

Birimiz günbatana...

Qalxa bilməzdim daha -

Nə o güc, nə o taqət.

O da enə bilməzdi -

Haqlı, haqsız vermişdi

Öz hökmünü təbiət.

Gərək ya düşməyəydi

Bu görüş heç araya.

Ya o əvvəl gələydi,

Ya mən sonra dünyaya...

Nəriman Həsənzadə

Chosen
14
1
yeniazerbaycan.com

2Sources