EN

Zelenskidən ABŞ-a gözlənilməz TƏHDİD – Ukraynada çevriliş planı aktivləşdirilir?

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında münasibətlərdə etibarsızlıq mühiti günü-gündən daha da artır. Görünən odur ki, Tramp Zelenskinin hakimiyyətdən getməsində maraqlıdır.

Ukrayna lideri mətbuata açıqlamasında Vaşinqtonun onu vəzifədən uzaqlaşdırmaq planı qurduğunu istisna etməyib. Bu fonda Zelenski tərəfdaşlarına müraciət edərək, onların Ukraynada həqiqətən seçkilər istədikləri, yoxsa sadəcə onu əvəz etmək istədiklərini soruşub. Zelenski habelə ABŞ-ı "öz işi ilə məşğul olmağa" və Rusiyanı belə bir atəşkəsə razı salmağa çağırıb.

Zelenski niyə ABŞ-ı hədəf aldı?

Zelenskinin bu açıqlamaları onu göstərir ki, ABŞ və Ukrayna arasında münasibətlərdə ciddi problemlər var. Digər tərəfdən, Vaşinqton Kiyevlə Moskva arasında tezliklə sülhün əldə olunmasına çalışır. Ukraynanın torpaq itkiləri isə ABŞ-ı qəti narahat etmir. Görünən qədərilə, Ağ Ev Zelenskinin sülhün əldə olunmasında maraqlı olmadığı qənaətindədir.

Bu səbəbdən də, danışıqlar prosesinin Zelenskinin iştirakı ilə davam etməsi Ağ Evi qane etmir. Ona görə də Zelenskiyə yönəlik təzyiqlər artır.

Bir gün əvvəl Kiyevin Böyük Britaniyadakı səfiri, sabiq baş komandan Valeri Zalujnının Zelenski əleyhinə çıxış etməsi də görünür, Ukrayna Prezidenti əleyhinə yönəlik kampaniyanın tərkib hissəsidir.

Zelenski ABŞ-ın istəyilə seçkilərə getməsə, hakimiyyətdən məhrum edilə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında münasibətlər artıq soyuq duş xarakteri daşıyır:

“Tədricən onlar bir-birindən narazı qaldıqları barədə məlumatlar ötürməyə başlayıblar. Tramp bildirib ki, rəsmi Kiyev mövqeyini yumşaltmasa, Zelenski hakimiyyətdən getməlidir. Burada bir şeyə şahid oluruq ki, Tramp faktiki olaraq öz istəklərinə alternativ görmək istəmir. Ona görə Ukrayna böhranı ilə bağlı olaraq qəti şəkildə bildirir ki, Kiyev Moskva ilə sövdələşməyə getməlidir. Trampla Putin arasında Ankoricdə baş tutan görüşdə bu məsələnin təfərrüratları demək olar ki, tamamilə razılaşdırılıb”.
 

Müsahibimiz qeyd edir ki, Vaşinqtonun Zelenskiyə “artıq getmək vaxtının çatdığı” mesajını ötürməsi ona münasibətdə heç bir şərt irəli sürmədən hərəkətə keçməsi, Ağ Evin dediyini etməsi üçün son şansa bərabər bir işarədir:


“Zelenski razılaşmasa, ABŞ onunla vidalaşmağa hazır olduğunu bəyan edir. Bu fonda Zelenski manevrlər etməyə çalışacaq. Hər halda vaxt etibarı ilə o tələsməlidir. Bütün verilən zəmanətlər, nəzərdə tutulan vaxt çərçivəsi öz-özlüyündə tükənmək üzrədir”. 

Politoloq düşünür ki, Valeri Zalujnı da Trampın istəyinə uyğun persona deyil:

“O, daha çox Böyük Britaniya və Avropanın mövqeyindən çıxış edir”.

Rüfət Sultan, Bizim.Media   

Chosen
14
1
bizim.media

2Sources