EN

Bakı C6 Konfransı ilə Mərkəzi Asiya ilə vahid strateji gələcək qurur

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda Azərbaycan-C6 (Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri) ölkələrinin beyin mərkəzlərinin konfransı təşkil edilib. “C6: Vahid region, ortaq gələcək - strateji dialoqun gücləndirilməsi” mövzusuna həsr edilən beynəlxalq konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 60-a yaxın iştirakçı təmsil olunub. Konfransın açılışında çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulması regional əməkdaşlıq baxımından mühüm mərhələdir. Onun sözlərinə görə, bu addım Xəzər dənizi hövzəsi boyunca inteqrasiya olunmuş geoiqtisadi və geosiyasi məkanın formalaşmasına töhfə verəcək və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrini daha da gücləndirəcək.

Daha sonra çıxış edən Türkmənistan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Azərbaycanın Mərkəzi Asiya Liderlərinin Məşvərət Görüşlərinə qoşulmasını regional əməkdaşlıq tarixində yeni mərhələ kimi qiymətləndirib. Onun sözlərinə görə, C6 yalnız dialoq platforması deyil, həm də qlobal qeyri-sabitlik şəraitində ortaq həllər tapmağa, qarşılıqlı faydaya əsaslanan dayanıqlı iqtisadi əlaqələr qurmağa, eləcə də humanitar əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə etimadı gücləndirməyə imkan verən canlı mexanizmdir.Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın son illərdə Mərkəzi Asiya regionu ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırması Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - strateji dialoqun gücləndirilməsi” mövzusundakı konfransın mahiyyətini daha aydın izah edir:

“Bu platforma çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslər sadəcə ikitərəfli maraqlara deyil, bütövlükdə Avrasiya məkanının geosiyasi və geoiqtisadi mənzərəsinin yenidən formalaşdırılmasına xidmət edir. Bakı özünün əlverişli coğrafi mövqeyindən istifadə edərək Mərkəzi Asiya ölkələri üçün ən təhlükəsiz və səmərəli "qərb qapısı" rolunu oynamağı hədəfləyir. Bu strateji xəttin əsasını Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) rəqabətqabiliyyətinin artırılması təşkil edir. Azərbaycan bu dəhliz çərçivəsində vahid tariflərin tətbiqi, gömrük prosedurlarının rəqəmsallaşdırılması və logistik zəncirin fasiləsizliyini təmin edən infrastruktur layihələri ilə çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin artırılması və Xəzərin dibi ilə çəkilən fiber-optik kabel xətti kimi rəqəmsal layihələr regionu həm nəqliyyat, həm də məlumat qovşağına çevirmək məqsədi daşıyır. Enerji sahəsində isə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsinə dair sazişlər "C6" formatının gələcəyini ənənəvi resurslardan kənara çıxararaq qlobal ekoloji trendlərə uyğunlaşdırır”. O bildirib ki, Azərbaycan həmçinin işğaldan azad edilmiş ərazilərində Mərkəzi Asiya ölkələrinin iştirakı ilə həyata keçirilən sosial layihələr vasitəsilə siyasi həmrəyliyi iqtisadi müstəviyə daşıyır:“Yaradılan birgə investisiya fondları və sənaye kooperasiyaları göstərir ki, Azərbaycan bu platformanı təkcə tranzit marşrutu deyil, həm də qarşılıqlı investisiyaların və sənaye tərəfdaşlığının mərkəzinə çevirmək niyyətindədir. Beləliklə, Bakı bu dialoq vasitəsilə Mərkəzi Asiya ilə vahid strateji-iqtisadi blok yaratmağı hədəfləyir ki, bu da region ölkələrinin xarici təsirlərə qarşı dözümlülüyünü artırır və onların qlobal iqtisadiyyatda kollektiv çəkisini gücləndirir. Məsələnin problemli tərəfi odur ki, BMTM bu kimi tədbirlərdə ölkəmizdəki beyin mərkəzlərinin aktiv iştirakını təmin etmir. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən müxtəlif beyin mərkəzləri də bu kimi tədbirlərdə aktiv şəkildə iştirak etməli, onlarla əməkdaşlıq qurulmalıdır”.Politoloq Tural İsmayılov qeyd edib ki, Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi C6 konfransı təsadüfi diplomatik tədbir deyil, Azərbaycanın Mərkəzi Asiya strategiyasının konseptual xəritəsidir:“Bakı C6 platformasında ilk növbədə siyasi dialoqu institusionallaşdırmaq təşəbbüsü ilə çıxış edir. Məqsəd liderlər səviyyəsində formalaşan iradəni beyin mərkəzləri və ekspert şəbəkələri vasitəsilə davamlı siyasət mexanizminə çevirməkdir. İqtisadi müstəvidə Azərbaycan Orta Dəhlizin funksionallığını artırmağı prioritet sayır. Xəzər üzərindən yükdaşımaların sürətləndirilməsi, liman infrastrukturunun sinxronlaşdırılması və rəqəmsal gömrük mexanizmlərinin tətbiqi Bakının əsas təklifləri sırasındadır. Bu, Çindən Avropaya uzanan xəttdə alternativ və təhlükəsiz marşrutun güclənməsi deməkdir. Nəqliyyat sahəsində isə Bakı koordinasiya olunmuş logistika siyasətini təşviq edir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars xətti Mərkəzi Asiya ölkələri üçün real çıxış qapısı kimi təqdim olunur. Paralel olaraq enerji və yaşıl transformasiya gündəliyi də önə çəkilir. Azərbaycan C6-nı türk dünyası ilə Mərkəzi Asiya arasında körpü modelinə çevirməyə çalışır. Bakı üçün bu platforma təkcə regional əməkdaşlıq mexanizmi deyil, həm də Avrasiya miqyasında geoiqtisadi çəkisini artırmaq alətidir”. Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqamətində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
demokrat.az

1Sources