EN

"Tahir Gözəl hücumçu almaq istəmir, günahın biri də ondadı" - Aqil Abbas 21 milyon avronun taleyini soruşdu

Düzdü, hələ cavab matçı var, ancaq Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Nyukasl"a böyük hesabla uduzan "Qarabağ" (1:6) üçün macəranın başa çatdığını düşünmək olar.

Həqiqətən də Ağdam təmsilçisi "doğma divarlar" arasında, 30 minə yaxın azarkeş önündə acı məğlubiyyət yaşadı. Burda baş məşqçi Qurban Qurbanovun səhvləri var idimi? "Köhlən atlar"ın azarkeşlərinə cavab matçı üçün necə ümid vermək olar?

Bu suallarla millət vəkili Aqil Abbasa müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Sadəcə, oyun alınmadı. Biz Qurban Qurbanovdan çox bilmirik. Lakin açıq oyuna getmək yanlış addım idi. Baş məşqçi ikinci hissədə komandanı fərqli oynatdı. Belədə cəmi bir qol buraxdıq. Birini də vurduq. Kevin Medinanın da səhvləri oldu. O cür müdafiəçi üzündən birinci hissədə havayı qollar buraxdıq. Futbolçuların da motivasiyası düşdü, Qurban Qurbanovun da. Rəqib "Səbail" deyil, "Nyukasl"dı. İngilislər... Onlar futbolun yaradıcılarıdı. 6:1 hesablı üstünlüyü əldən verməzlər. Belədə cavab oyunu üçün necə ümid bəsləmək olar? Rəqibin bahalı futbolçuları var, bizim yoxdu. Niyə? Çünki Tahir Gözəl hücumçu almaq istəmir, günahın biri də ondadı. "Qarabağ"ın 30 milyon avrosu var. Altısı futbolçulara bonus verilib, üçü də səfər oyunlarına xərclənib. Qalan 21 milyon avro hardadı? Dar günə saxlayıblar? Bundan da dar gün?! "Qarabağ" Qurban Qurbanovun və futbolçularının zəhməti sayəsində Çempionlar Liqasında 24 komanda arasına düşdü. Tahir Gözəl xəsislik etməsin. Onunla münasibətim yaxşıdı. "Qarabağ" uduzsa belə, klubu tənqid etmək istəməzdim. Amma bu gün nə edə bilərəm?"

KƏNAN BAHADIR
Chosen
25
1
football-plus.az

2Sources