EN

Ramil Bayramov: Ana dilini qorumağın yolu mütaliədən keçir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 21 fevral, Günel Alıyeva, AZƏRTAC

Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın yaddaşı, tarixi təcrübəsi və milli özünüdərkinin canlı daşıyıcısıdır. Dilini itirən toplum zamanla yalnız söz ehtiyatını deyil, həmin sözlərin içində qorunan mədəni kodu, ənənəni, dünyagörüşü və mənəvi dayaqları da itirmiş olur. Milli düşüncə tərzi, dəyərlər sistemi və kimlik duyğusu məhz ana dili mühitində formalaşır və möhkəmlənir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan dili genetik baxımdan türk dillərinin oğuz qrupuna daxildir, morfoloji quruluşuna görə isə iltisaqi dillər sırasında yer alır.

“Azərbaycan dili geniş işlənmə dairəsinə malikdir, müxtəlif ölkələrdə milyonlarla insanın ana dili kimi yaşayır və ümumilikdə 50 milyondan çox insan üçün doğma dildir”, - deyə o qeyd edib.

Ramil Bayramov Azərbaycan dilinin saflığının qorunmasının strateji məsələ olduğunu vurğulayaraq qeyd edib ki, düzgün danışmaq təkcə nitq mədəniyyətinin göstəricisi deyil, həm də vətəndaşlıq borcudur.

“Lüzumsuz alınma sözlərin qarşısının alınması, dilin daxili imkanlarından yerində və yaradıcı şəkildə istifadə, ədəbi dil normalarına ciddi riayət edilməsi dilin sağlam inkişafının əsas şərtlərindəndir. Bu prosesdə mətbuatın və sosial medianın rolu da xüsusi əhəmiyyət daşıyır: cəmiyyətin gündəlik dil vərdişləri çox vaxt məhz informasiya məkanında yayılan nümunələr əsasında formalaşır”, - deyə alim əlavə edib.

Müsahibimiz bildirib ki, Azərbaycan dilini yad təsirlərdən qorumağın ən təsirli yolu ana dilinə sevgi və hörmətin erkən yaşlardan tərbiyə olunmasıdır. Bu məqsədlə gənc nəsildə mütaliə vərdişlərinin gücləndirilməsi, Azərbaycan dilinin zənginliyini özündə ehtiva edən bədii ədəbiyyatın daha çox oxunması və təbliği, eləcə də uşaqlar üçün ana dilində keyfiyyətli milli filmlərin, xüsusilə cizgi filmlərinin hazırlanması mühüm addımlardandır. O, həmçinin Azərbaycan dilinin milli korpusunun yaradılmasının və davamlı şəkildə təkmilləşdirilməsinin dilin imkanlarının sistemli şəkildə öyrənilməsi və qorunması baxımından vacibliyini də qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
azertag.az

1Sources