EN

Azərbaycan məktəblərində rəqəmsal dəyişiklik: Yeni mərhələ başlayır

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəqəmsallaşma məktəbdə kompüter sayının artması ilə məhdudlaşmamalıdır. Düşüncə tərzinin dəyişməsi, tədris metodlarının yenilənməsi, müəllim hazırlığının gücləndirilməsi və bərabər imkanların təmin olunması kompleks həll edilməlidir.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Müasir dünyada rəqəmsallaşma təhsil mənzərəsini dəyişdirir və müasir təlim mühitinin əsas elementinə çevrilir. Təhsilin rəqəmsallaşdırılması orta və ali məktəblərdə tədrisin keyfiyyətini artırmaq, təhsil resurslarının mövcudluğunu yaxşılaşdırmaq üçün imkanlar yaradır.

Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə diqqət çəkdiyi məsələ də ölkəmizin təhsil mühitinin dünyada gedən meyillər və trendlərlə ayaqlaşması - həm ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə, həm də dövlət xətti ilə xaricə göndərilən tələbələrin bu ixtisas üzrə peşəkarlığının artırılması ilə bağlıdır:

"Gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir".

Təhsil işçiləri hesab edirlər ki, Prezidentin tədrisdə rəqəmsallaşma ilə bağlı çağırışı mövcud vəziyyətin təhlilini və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini aktuallaşdırır.

Rəqəmsallaşdırma istiqamətində artıq müəyyən addımlar atılıb

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimovanın fikrincə, təhsildə rəqəmsallaşma artıq seçim deyil, strateji zərurətdir:

"Xüsusilə orta məktəblərdə şagirdlərə ilkin rəqəmsal biliklərin aşılanması və bu istiqamətdə tədris proqramlarının yenilənməsi məsələsi təhsilin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdəndir. Azərbaycanda təhsilin rəqəmsallaşdırılması istiqamətində artıq müəyyən addımlar atılıb. Məktəblərdə elektron jurnal və gündəlik sistemlərinin tətbiqi, onlayn resursların və platformaların istifadəsi, STEAM əsaslı yanaşmanın təşviqi, müəllimlərin rəqəmsal bacarıqlarının artırılması üçün keçirilən təlimlər bu prosesin tərkib hissəsidir. Lakin mövcud vəziyyət göstərir ki, rəqəmsallaşma daha çox alətlərin tətbiqi səviyyəsindədir, məzmun və metodologiya baxımından isə hələ də sistemli transformasiyaya ehtiyac var".

AGMA sədrinin fikrincə, bir çox məktəbdə infrastruktur imkanları - internet sürəti, texniki avadanlıq, kompüter təminatı eyni səviyyədə deyil. Regionlar arasında rəqəmsal imkan fərqi də qalmaqdadır. Bu isə təhsil bərabərliyinə birbaşa təsir göstərir. P.Qədimova hesab edir ki, əsas ehtiyaclardan biri tədris proqramlarının yenilənməsidir:

"Şagirdlər sadəcə kompüterdən istifadə etməyi deyil, informasiya təhlükəsizliyini, rəqəmsal etik davranışı, süni intellekt alətlərindən düzgün və məsuliyyətli istifadəni, məlumatların təhlilini və tənqidi düşüncəni öyrənməlidirlər. Bu isə kurikulumun məzmun baxımından yenidən işlənməsini tələb edir".

"Rəqəmsal transformasiya müəllimdən başlayır"

AGMA sədrinin fikrincə, digər mühüm məsələ kadr hazırlığıdır. Belə ki, rəqəmsal transformasiya müəllimdən başlayır:

"Müəllim yalnız texniki istifadəçi deyil, rəqəmsal pedaqogikanın daşıyıcısı olmalıdır. Bu baxımdan, müəllimlərin davamlı ixtisasartırma proqramlarına cəlb olunması, praktik yönümlü təlimlərin təşkili, süni intellekt və rəqəmsal qiymətləndirmə alətləri üzrə metodik dəstəyin verilməsi vacibdir. Ali pedaqoji təhsil müəssisələrində də gələcək müəllimlər üçün rəqəmsal pedaqogika modullarının genişləndirilməsi zəruridir. Nəticə etibarilə, rəqəmsallaşma məktəbdə kompüter sayının artması ilə məhdudlaşmamalıdır. Bu, düşüncə tərzinin dəyişməsi, tədris metodlarının yenilənməsi, müəllim hazırlığının gücləndirilməsi və bərabər imkanların təmin olunması deməkdir. Əgər bu proses sistemli və mərhələli şəkildə həyata keçirilərsə, Azərbaycan təhsili rəqəmsal transformasiyanı formal yenilik kimi deyil, keyfiyyət sıçrayışı kimi yaşaya bilər".

Texniki baza və internet təminatı yaxşılaşdırılmalıdır

118 saylı tam orta məktəbin informatika müəllimi Pərvanə Çopsiyeva da düşünür ki, rəqəmsal inkişaf üçün ən vacib başlanğıc nöqtəsi məhz orta məktəblərdir:

"Şagirdlərə ilkin rəqəmsal biliklərin sistemli və mərhələli şəkildə aşılanması üçün tədris proqramlarına ciddi dəyişikliklər edilməlidir. İnformatika dərsi yalnız kompüterin əsas hissələrini tanıtmaqla məhdudlaşmamalı, proqramlaşdırma məntiqi, alqoritmik düşüncə, kibertəhlükəsizlik qaydaları və süni intellekt haqqında ilkin anlayışları da əhatə etməlidir. Bu biliklər erkən yaşlardan verildikdə, uşaqlar texnologiyanı sadəcə istifadə edən deyil, onu yaradan tərəfə çevrilə bilərlər".

P.Çopsiyeva hesab edir ki, praktiki məşğələlərin sayı da artırılmalı, şagirdlər layihə əsaslı öyrənməyə cəlb olunmalıdırlar:

"Məktəblərin texniki bazası gücləndirilmədən və internet təminatı yaxşılaşdırılmadan bu dəyişikliklərin effektivliyi tam təmin edilə bilməz. Digər mühüm məsələ isə kadr hazırlığıdır. Güclü tədris proqramı yalnız onu keyfiyyətlə tədris edən müəllim olduqda nəticə verir. Eyni zamanda, ali təhsil müəssisələrində İT sahəsində mütəxəssis hazırlığı gücləndirilməli, praktik biliklərə üstünlük verilməlidir. Təbii ki, sürətlə inkişaf edən dünyamızda bu axına uyğunlaşmaq asan olmayacaq. Yəni məsələ təkcə texniki avadanlıqda deyil. Orta məktəbdə düzgün qurulmuş təməl və güclü kadr hazırlığı gələcək rəqəmsal cəmiyyətin əsasını təşkil edəcək".

Süni intellekt təhsilimizdə inqilab edə bilər, ancaq...

ABŞ-də yaşayan təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, süni intellekt Azərbaycan təhsilində inqilab edə bilər, amma bu inqilabın mümkün olması üçün zəruri şərtlər var:

"İlk növbədə məktəblərin siniflərində, universitetlərin auditoriyalarında müəllimin istifadəsi üçün internetə bağlı kompüterlər olmalıdır. Əlavə olaraq, şagirdlərin və tələbələrin şəxsi smartfonları və ya planşetləri ilə qoşula biləcəkləri "WiFi" şəbəkəsi zəruridir. Müəllimlərin kompüteri fundamental səviyyədə bilməyi lazımdır. Bunlar olmadan süni intellekt ilə təhsildə transformasiya haqqında ancaq şeir yaza bilərik".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
baku.ws

2Sources