EN

Abubakardan AFFA Hakimlər Komitəsinə şillə kimi cavab

“Neftçi”nin ulduz futbolçusu Vensan Abubakarın klub televiziyasına verdiyi açıqlama şok effekti yarratdı. Karyerası ərzində Fransa, Portuqaliya, Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələrdə çıxış etmiş hücumçu Azərbaycan hakimliyini bərbad adlandırıb.

O, “Azərbaycanda futbolun inkişafı üçün bir şeyi dəyişmək imkanın olsaydı, nəyi dəyişərdin” sualında məhz hakimlik məsələsini qabardıb. Abubakarın sözlərinə görə, liqanın səviyyəsinin artırılması üçün hakimlər dəyişməlidir.

Bu sözü Türkiyə futbolunda dəfələrlə hakim səhvləri, ədalətsizliyi ilə üzləşmiş adam deyir. Bəli, Türkiyədə uzun illər hakimlik ciddi problem olub, hətta avropalı mütəxəssislər bu ölkədəki VAR sisteminə də bəzən şübhə ilə yanaşırdılar. Amma görün, Azərbaycanda vəziyyət nə yerdədir ki, “Neftçi”nin forvardı futbolu inkişaf etdirmək üçün birinci növbədə hakimlikdə islahat aparılmasının qabardır. Güman etmək olardı ki, Abubakar meydanların durumundan, süni örtüklü stadionların çoxluğundan və ya digər ölkələrlə müqayisədə azarkeşlərin oyunlara gəlməməsindən gileylənər. Amma yox, sən demə daha ciddi məsələ hakimlik imiş.

Həqiqətən də AFFA Frank De Blekeri Rəhim Həsənovla əvəzləməklə heç nəyə nail olmadı. Əksinə, vəziyyət get-gedə daha pis xarakter alır. Azərbaycan Premyer Liqasının 20-ci turunun 6 oyununun 3-də hakim səhvləri rəsmən komitə tərəfindən etiraf olunub. Özü də kifayət qədər ciddi səhvlər.

Əldə etdiyimiz məlumata görə, AFFA İcraiyyə Komitəsinin son iclasında hakimliklə bağlı məsələ də müzakirə olunub. Federasiya rəsmiləri vəziyyətin müsbətə doğru dəyişdiyini, artıq qərəzli hakim səhvlərinin olmadığını dilə gətiriblər.

Bəlkə də həqiqətən indi qərəz yoxdur, amma 6 oyunun 3-də səhvi rəsmən etiraf etmək daha biabıırçı mənzərədir. Belə çıxır ki, Hakimlər Komitəsi sadəcə video hazırlayıb səhvləri açıqlamaqla məşğuldur. Bu səhvlərin aradan qaldırılması istiqamətində isə ciddi işlər görülmür.

Qayıdaq yenidən Abubakarın açıqlamasına. Maraqldır, bundan sonra hakimlərin “Neftçi”nin hücumçusuna meydanda münasibəti necə olacaq? Yaxşı ki, kamerunlu forvard son vaxtlar az-az oynayır. Yoxsa açıqlaması ona baha başa gələrdi.

Chosen
20
msport.az

1Sources