EN

848 saylı hərbi hissənin yaradılmasından 34 il ötür – VİDEO

Bu gün 848 saylı Füzuli özünümüdafiə taborunun (əlahiddə hərbi hissə) yaradılmasından 34 il ötür.

“Poliqon”un məlumatına görə, hərbi hissə Müdafiə Nazirliyinin 21 fevral 1992-ci il tarixli 032 saylı əmrinə əsasən yaradılıb.

Füzuli rayonunda formalaşdırılan 848 saylı hərbi hissəyə Füzuli rayonunun Cəbrayıl rayonu ilə sərhədindən Cuvarlı kəndinə qədər uzanan 23 kilometrlik ərazinin müdafiəsi tapşırılıb. Hərbi hissənin komandiri Zahir Şamxal oğlu Həsənov təyin olunub.

848 saylı hərbi hissə ilkin mərhələdə Füzuli rayonunun İşıqlı kəndində yaradılıb və kənd məktəbinin binasında yerləşdirilib. Müharibə şəraiti ilə əlaqədar dərslər dayandırılıb və məktəb binası hərbi hissənin istifadəsinə verilib. Şəxsi heyətin əsas hissəsi Füzuli rayonunun İşıqlı, Cuvarlı, Arış, Qoçəhmədli, Xələfşə və düşmənlə təmas xəttində yerləşən digər sərhəd kəndlərindən olan könüllülərdən təşkil edilib.

b0b8ffb7Yarandığı gündən etibarən hərbi hissə Füzuli rayonunun müdafiəsinin təşkilində fəal iştirak edib. 1993-cü ilin avqust ayına qədər müdafiə xətləri qorunub saxlanılıb, eyni zamanda bir neçə hücum əməliyyatı həyata keçirilib. Məlikcahan əməliyyatı və Hadrut istiqamətində aparılan döyüşlər həmin dövrdə hərbi hissənin iştirak etdiyi əməliyyatlar sırasında yer alıb.

Füzuli rayonu işğal edildikdən sonra 848 saylı hərbi hissə 702 saylı hərbi hissə ilə birlikdə Seyfəli poliqonuna yollanıb. Burada hərbi hissələrin birləşdirilməsi qərara alınıb və 2-ci batalyon formalaşdırılıb. Beləliklə, 1993-cü ilin dekabr ayında 848 saylı hərbi hissə ləğv edilərək onun bazasında 702 saylı hərbi hissənin 2-ci motoatıcı taboru yaradılıb və Zahir Həsənov bu taborun komandiri təyin olunub. Seyfəli poliqonunda təlim-məşqlər keçirildikdən sonra bölmə yenidən Füzuli istiqamətinə qayıdaraq Horadiz əməliyyatında iştirak edib.

2-ci tabor Horadiz əməliyyatında zərbə qüvvəsi kimi çıxış edərək digər bölmələrlə əlaqəli şəkildə düşmənin müdafiəsini yarıb və qısa müddətdə 12 yaşayış məntəqəsini işğaldan azad edib. Hücumun ilk günü düşmənin 80-dan çox canlı qüvvəsi və 2 ədəd T-72 tankı məhv edilib. Bundan əlavə, 449 və 161 nömrəli 2 ədəd T-72 tankı qənimət götürülərək ehtiyat ekipaj vasitəsilə döyüşlərdə istifadə olunub. Həmçinin sursat daşıyan bir ədəd ZİL, bir ədəd “KamAZ” yük maşını, “Şturm-S” tank əleyhinə özüyeriyən raket kompleksi, 4 ədəd MT-LB və 4 ədəd 122 mm-lik D-30 haubitsa qənimət kimi ələ keçirilib.

Horadiz əməliyyatı nəticəsində ümumilikdə 30 min hektar ərazi, 22 kənd və 1 qəsəbə azad edilib. Bundan sonra 848 saylı hərbi hissə 2-ci batalyon kimi 702 saylı hərbi hissənin tərkibində fəaliyyətini davam etdirib.

39625d4c848 saylı hərbi hissənin bir qrup keçmiş şəxsi heyəti 44 günlük Vətən müharibəsində də döyüşlərə cəlb olunub. 27 sentyabr tarixində keçmiş 848 saylı hərbi hissənin komandiri Zahir Həsənovun Müdafiə Nazirliyinə müraciətindən sonra köhnə döyüşçülərdən ibarət 72 nəfərlik şəxsi heyət formalaşdırılıb. Bu heyətin əsas hissəsini keçmiş 848 saylı hərbi hissənin əsgərləri təşkil edib. Bölük kimi “N” saylı hərbi hissənin tərkibinə daxil edilən qrup Cəbrayıl, Xocavənd və Füzuli istiqamətlərində aparılan döyüş əməliyyatlarında iştirak edib.

34 illik tarixə malik 848 saylı hərbi hissə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edib, müxtəlif mərhələlərdə yenidən təşkil olunaraq fəaliyyətini davam etdirmiş hərbi birləşmələrdən biri kimi tarixə düşüb.

424807ebQeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər orden və medallarla təltif olunublar. Bu Sərəncam görə, 1992-1994-cü illərdə Qarabağda döyüş əməliyyatlarında iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmiş Zahir Şamxal oğlu Həsənov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Bundan başqa, Zahir Həsənov 44 günlük Vətən müharibəsində iştirak etdiyi üçün “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Chosen
22
poliqon.az

1Sources