EN

“NƏTİCƏLƏR SOS SİQNALI VERİR...” “Bəlkə Ramiz Mehdiyev kimilər var ortada...”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Saleh Məmmədov: “Təcili islahat tədbirləri görülməsə, ölkə iqtisadiyyatını çox acınacaqlı vəziyyət gözləyir...”

“Hökümət ciddi islahatlara başlaya bilsə 2050-ci ildə Azərbaycan ən inkişaf etmiş top 15 ölkə sırasına daxil ola biləcək”

Azərbaycanın keçmiş maliyyə naziri, professor Saleh Məmmədov ölkə iqtisadiyyatının mövcud durumu barədə maraqlı paylaşım edib.

“AzPolitika” xəbər verir ki, sabiq nazirin paylaşımında Azərbaycan iqtisadiyyatı ilə bağlı həyəcan təbili çalır. Qeyd olunur ki, Azərbaycan əsas iqtisadi göstəricilərində hətta qonşu Gürcüstan və Ermənistandan da geri qalır. Ən əsası isə vəziyyətin düzəldilməsi istiqamətində heç bir ciddi addım atılmır. 

Saleh Məmmədovun həmin fikirlərini təqim edirik: “Azərbaycan iqtisadiyyatı: yanvar 2026-cı il hesabatı. Statistika komitəsi 2026-cı ilin birinci ayının iqtisadi və sosial inkişaf nəticələrini elan edib. Hər zaman qeyd etdiyimiz kimi, proqnozlar, işlənilən və qəbul olunan vaxtdan bəri, eləcə də nəticələr SOS siqnalı verir. Qarşıya qoyulan plan və proqnoz tapşırıqlarının heç biri yerinə yetirilməyib. İl boyu yerinə yetirilməsi də mümkün deyil. Çünki proqnozda heç bir iqtisadi və sosial göstərici bir-biri ilə uzlaşmır, daim biri digərini inkar edir, hər şey sanki, düşmən iqtisadiyyatının çökdürülməsinə hesablanıb. Məcazi olaraq desək, Sovet dövründə olduğu kimi, vəsait veriləndə material təhcizatı kəsilir, təhcizat veriləndə pul vəsaiti kəsilir.

Elmlə məşğul olmağa başlayandan heç vaxt ölkədə kapital qoyuluşları planı yerinə yetirilməyib, sovet məmurları planlaşmanı elə qururdu ki, nə etsən də yerinə yetirə bilməyəcəksən. 2026-cı ilin proqnozlarının hamısı biri-birini və məntiqi inkar edir. Tarix boyu elə bir iqtisadiyyat yoxdur ki, vergiləri artırsın (ciddi surətdə) və özündə də 2.9% artım olsun. Tarix elə bir təcrübə görməyib ki, bir ölkənin kapital qoyuluşu qədər pul-maliyyə resursu daxili dövriyyədən yayındırılsın və eyni zamanda iqtisadi aktivliyi təmin etsin.

2025-ci ildə strateji valyuta ehtiyatları 21 milyard manat həcmində artırıldı və bu vəsaitlər daxili dövriyyədən çıxarılaraq xarici banklara yerləşdirildi, amma əsas kapitala cəmi 21 milyard manat və ümumi daxili məhsulun cəmi 16%-i həcmində investisiya qoyulub. Ölkədən qaçan birbaşa investisiyaların həcmi ölkəyə gətirilən investisiyalardan bir neçə dəfə çox olmuşdur. Sanki ölkədə bütün iqtisadi tədbirlər ölkə daxili dövriyyənin qıtlaşmasına, iqtisadi aktivliyin zəifləməsinə yönəlmişdir.

Müasir dünyada elə bir iqtisadiyyat yoxdur ki, elm xərclərini, elmi işçilərin sayını, elmi tədqiqat institutlarını ciddi surətdə azaltsın və eyni zamanda ciddi iqtisadi irəliləyişə nail olsun. Bu disproporsiyanın nəticəsidir ki, 2025-ci ildə ÜDM-in artımı 3.5% nəzərdə tutlduğu halda cəmi 1.4% artım alınmışdır. 2026-cı ilin yanvar ayında illik artım 2.9% nəzərdə tutlduğu halda, cəmi 1.7% artım alınmışdır.

Qonşu ölkələrdə heç bir resursa, maliyyə ehtiyatlarına malik olmayan Gürcüstan 2025-ci ildə 7.8%, 2026-cı ilin yanvar ayında isə 6.1% arım əldə etmişdir, uyğun olaraq Ermənistanda bu rəqəmlər 5.6% və 4.9% olmuşdur. Qonşu ölkələr ciddi artım yolunu seçmişdir və bütün göstəricilər üzrə (valyuta ehtiyatlarından başqa) Azərbaycanı xeyli üstələyir və artıma görə isə bir neçə dəfə irəlidədir. Cəmi 10-12 il bundən əvvəl əsas göstərici adambaşına düşən ÜDM-ə görə hər iki ölkə Azərbaycandan az qala iki dəfə geri qalırdı, indi xeyli irəlidədir və bu fərq getdikcə yüksəlir. (bax cədvəl 1)

Cədvəl 1. Adambaşına düşən ÜDM müqayisəsi (Nominal USD)

Ölkə 2014 2025 Azərbaycan 7,991 7,413 Gürcüstan 4,435 10,890 Ermənistan 3,880 9,390

Mənbələr: Dünya Bankı, BVF, Statista

Bu ölkələrin baza göstəriciləri də Azərbaycandan xeyli çoxdur, artım tempi də dəfələrlə yüksəkdir. Aydındır ki, adambaşına düşən ÜDM həcmindəki fərqlər də ildən ilə artır.

Azərbaycanda təcili islahat tədbirləri görülməsə, ölkə iqtisadiyyatını çox acınacaqlı vəziyyət gözləyir, hətta Nigeriya, Qabon, Venesuela kimi ölkələrdən daha ağır vəziyyət: Süni intellekt riyazi proqnozları göstərir ki, son 10-12 ilin baza məlumatlarına və siyasətə uyğun riyazi modelə görə 2050-ci ildə bu ölkə cəmi 35 milyard ümumi daxili məhsul istehsal edə biləcək, yəni dünyanın 15 ən zəif inkişaf etmiş ölkələri sırasına düşəcək. Əgər hökümət ciddi islahatlara başlaya bilsə (ölkənin hər cür potensial imkanları var) 2050-ci ildə Azərbaycan ən inkişaf etmiş top 15 ölkə sırasına daxil ola biləcək. Paradoksa baxın: bu gün yollar ayrılanda üçbucaq kimi xətlər yavaş-yavaş ayrılır deyə ciddi hiss olunmur, amma xətlər ayrıldıqca bucaq böyüyür, nəticə ən geridə qalmış ölkələr sırası-ən inkişaf etmiş ölkələr sırası kimi müxtəlifləşir.

Təbii ki, iqtidarlı müxalifətli hər bir azərbaycanlı belə vəziyyəti ürək ağrısı ilə qarşılayır, tarix boyu əlimizə bir şans düşüb, niyə bu bataqlıq labirintindən çıxa bilmirik. Həmişə bu xalqın taleyi belə olub: böyük qələbələr, böyük torpaqlar, böyük uğurlar, amma zirvəyə çatmağa az qalanda tormozlanma gedir. Sanki bu millətin bütün ali məqsədi torpaqları azad etmək idi – olan kimi tormozlanma başladı. Qalib ölkə məğlub iqtisadiyyatla ortaya çıxır. Amma o qələbənin dadını hər kəs hiss etmirsə, müvəqqəti olacaq, dayanıqlı sistem qurmaq lazımdır. Bəlkə Ramiz Mehdiyev kimilər var ortada... Kənardan baxanda hər hansı bir iqtisadçı üçün hər şey gün kimi aydın görünür: belə iqtisadi sistem??? Bunu bir dünyanın ən inkişaf etmiş ölkələri olan İsveçrə, Sinqapur üçün tətbiq etsəniz mümkün deyil ki, bu ölkələr tab gətirsin, Azərbaycan iqtisadiyyatından pis vəziyyətə düşməsin”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
azpolitika.info

1Sources