Mənbənin iddiasına görə, üçtərəfli formatda keçirilən məsləhətləşmələrin növbəti mərhələsi bu həftə baş tuta bilər...
Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqlar fevralın 26-da Cenevrədə yenidən başlaya bilər.
Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti bildirib ki, Ukrayna üzrə danışıqlar artıq cümə axşamı bərpa oluna bilər. Rəsmi tərəflər hələlik bu məlumatı təsdiqləməyiblər.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff yaxın vaxtlarda nizamlanma prosesi ilə bağlı “yaxşı xəbərlər” gözlənildiyini açıqlamışdı. Onun sözlərinə görə, tərəflər arasında intensiv diplomatik təmaslar davam edir.
Xatırladaq ki, fevralın 17 və 18-də Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib. Moskvanın nümayəndə heyətinə dövlət başçısının köməkçisi Vladimir Medinski rəhbərlik edib. O, keçirilən görüşləri “çətin, lakin işgüzar” kimi qiymətləndirib.
Ukrayna prezidenti Volodimir Zelenski isə tərəflərin atəşkəsə nəzarət mexanizmi ilə bağlı “demək olar ki, razılığa gəldiyini” bildirib. Onun sözlərinə görə, müzakirələr əsasən atəşkəs rejiminin monitorinqi və mümkün pozuntulara reaksiya mexanizmləri ətrafında aparılıb.
Müşahidəçilər hesab edirlər ki, danışıqların bərpası münaqişənin diplomatik yolla həlli istiqamətində mühüm mərhələ ola bilər. Bununla belə, tərəflər arasında bir sıra prinsipial məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır.
Poliqon.info