EN

Vaşinqtonda təxribat cəhdi: Anti-milli qüvvələrin növbəti uğursuzluğu

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bəzi anti-milli qüvvələrin erməni lobbisi ilə birlikdə təşkil etdiyi insident ölkə ictimaiyyətinin və siyasi dairələrin ciddi narahatlığına səbəb oldu. Hər zaman özlərinin konyuktur maraqları çərçivəsində çıxış edən anti-milli ünsürlər bu dəfə yeni bir riyakarlığa əl atmağa cəhd etdilər. Sözsüz ki, onların bu dağıdıcı və barbar cəhdlərinin, qarşısı qətiyyətlə alındı. Amma buna baxmayaraq bir daha həmin qüvvələr özlərinin mahiyyətini açıq şəkildə nümayiş etdirmiş oldular.

Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, xaricdə yaşayan bir qrup anti-Azərbaycan ünsürün dövlət başçısının qaldığı hotelə aqressiv və təhrikedici formada daxil olmağa cəhd etməsi cəmiyyətimizin hiddətinə səbəb oldu:

“Bu bir reallıqdır ki, Vaşinqtondakı anti-milli ünsürlər ABŞ-dakı şovinist erməni dairələrinin əlaltısı, onların sifarişləri ilə hərəkət edən xalq düşmənləridir. Onların aqressiv və qeyri-əxlaqi aksiyasına ilk “dəstək” də erməni diasporu tərəfindən yəni, ANCA təşkilatından verildi. ANCA-dan sonra dərhal səsini çıxaran isə Azərbaycanın düşməni olan Frenk Pallone oldu. F.Pallonenin  erməni lobbisi tərəfindən idarə olunduğu, ANCA-dan maaş aldığı, Azərbaycanın düşməni olduğu isə hər kəsə məlumdur. Azərbaycana qarşı olan mənfur “907-ci düzəlişin” müəlliflərindən biri olan Pallone əsrin faciəsi olan Xocalı soyqırmını inkar edərək, vaxtilə Azərbaycan torpaqları işğal altında saxlanmasına çağıran, qanunsuz olaraq işğal altında olan torpaqlara səfər edən şəxsdir”.

Sevinc Hüseynova vurğulayıb ki, anti-milli ünsürlərin şovinist erməni dairələri ilə əlbir olaraq Azərbaycana qarşı eyni cəbhədə yer alması faktı hər kəsə bəllidir:

“Faktiki olaraq bu ünsürlər böyük beynəlxalq tədbirin keçirildiyi gün Vaşinqtonda  ABŞ-ın təhlükəsizlik qaydalarını kobud şəkildə pozublar. Eyni zamanda Azərbaycan Prezidentinin qaldığı otelin ətrafında təhlükəsizlik perimetrini zorakı formada pozmağa çalışaraq, qeyri-etik ifadələr işlətməkdən çəkinməyərək, təhrikedici və zorakı addımlar atıblar. Sözsüz ki, bu ünsürlərlərin cəhdlərinin qarşısı  ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən qətiyyətlə alınıb.  

Birmənalı olaraq bu baş verənlər cəmiyyətimiz tərəfindən hiddətlə qınanılıb. Reallıq odur ki, hər zaman erməni diasporasının yedəyində getməyə adət etmiş bu cür anti-milli qüvvələr növbəti dəfə öz çirkin niyyətlərini ortaya qoymağa çalışıblar. Amma bu cür təxribatlar hər zaman olduğu kimi dağıdıcı qüvvələrin ifşası olmaqla yanaşı, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi”.

2Sources