EN

Əkiz rəqəmin işığında pıçıltılı xatirələr

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Salam, Fəttah Səmədoğlu!

Xiyabanda məzarın önündə dayanıb pıçıltıyla ruhunu salamlayıram!

De, hara getdin baş olub?

Yerin, yurdun bilinmədi...

Gördüm ki, dünya boşalıb,

Nəydi dərdin, bilinmədi...

Üzümü tutdum dağlara.

Baxdım ki, dağlar kiçilib.

Quşlar qonmur budaqlara,

Körpə budaqlar kiçilib...

*

Qara mərmərə həkk olunmuş tarixlərə baxıram: 23.02.1938 - 04.08.2020.

Bu gün - 23.02.2026-cı il. Əkiz rəqəm 88 il.

Rəqəmlərdə bir mistika var. Başımı qaldırıb boz heykəldən boylanan gülər üzünə baxıram, şəklini seçən doğru seçib: soyuq daşdan boylanan üzün həmişəki kimi gülər...

Xatirələr əllərimdən tutub, ötən illərə, o unudulmaz çağlara qaytarır məni... Yenə çay kənarı... Axar sulara zillənən gözlərin, dupduru sulara qoşulub axan düşüncələrin, hansısa illərin acı, şirin xatirələri...

...Qəflətən sulardan ayrılıb şən zarafatla söhbətə qoşulurdun... Danışan kim olursa-olsun, sonacan səbirlə dinləyirdin, sözün arasına söz qatmaz, sözü kəsməzdin, illərlə buna şahid olmuşam...

Əmir Teymurun kəlamıdır: "Dinləmək mədəniyyəti olmayan toplum, ya xalq özü özlüyündə axırı, sonu ölümə məhkumdur".

..."Gec-tez torpaqları azad edəcəyik" deyib, inadından dönməzdin. Bu inada, inama şərik olardım... Günəş aləmləri işığa boyayar, insan işığı - Vətəni!

Nazim Hikmət demiş:

"Sən yanmasan, mən yanmasam

Necə çıxar qaranlıqlar aydınlığa?!"

Sizin kimi ağsaqqallar, ziyalılar yanmasaydınız, bugünkü aydınlıqlar olmazdı. Vətən üçün, torpaqlar üçün yanmasaydınız, 30 illik zülmətdən, qaranlıqdan Qələbə işığına çıxmazdıq.

Bəxtiyar Vahabzadə demiş:

"Yaşamaq - yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır".

İnsanın yaşadığı ömürdə ən böyük qazancı var-dövlət yox, yaddaşlarda yuva qurub yaşayan unudulmaz, şirin, dəyərli xatirələrdir. Ruhumuzda, qəlbimizdə, dilimizdə əzbərdir bu xatirələr. Yaşananlar - xatirələrdən dilə, dildən qələmə, qələmdən yazıya çevrilmiş tarixlər, ədəbiyyatlar, miflər, nağıllardır.

*

Dünya dəyişir...

Zaman dəyişir.

Dəyərlər dəyişib əriyir, aşınır...

Ucuz, cılız şoular, təhqir, söyüş, yaltaqlıq, ikiüzlülük adiləşib, həyat normasına çevrilib...

Səmimiyyət, isti, mehriban münasibətlər, sədaqət ərşə çəkilir...

Yanacaq böhranı, enerji böhranı, ərzaq böhranı kimi insanlıq da böhran yaşayır - səmimiyyət böhranı, sevgi böhranı...

Böyük Nizami demiş:

"Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey Dünya, nədir dəyərin".

Dünya başdan-başa maddiləşib, okeanın bu tayından o tayına qədər...

Torpaqlarımızın azad olunması, anoloqu olmayan möhtəşəm tarixi qələbə sevinci damla-damla unudulur...

Bir müddət öncə xaricdən gəlmiş (20 il əvvəl tez-tez gələrdi) hörmətli, dəyərli qələm adamı: "Bakı tamam dəyişib, ölçüyəgəlməz dərəcədə dəyişib, elə bil ikinci Dubaydır, möhtəşəm, gözəl bir şəhərə çevrilib" deyə təəccübünü, heyrətini gizlədə bilmədi...

Doğrudan da, 30 il öncəki Bakıyla bugünkü Bakının ölçüyəgəlməz fərqi var. Amma nədənsə görməzdən gəlirik sanki. Elə bil sehrli bir əl, sehrli bir çubuq gözlərimizi qapayır, düşüncələrimizi başqa səmtə yönəldir. Bəlkə də hansısa gizli qüvvələr əhalini narazı salmaq üçün məqsədli şəkildə dövlətin əleyhinə işləyir...

Heç kəslə bölüşə bilmədiklərimi səninlə bölüşürəm, Fəttah Səmədoğlu!

Böyük Füzuli demiş:

"Dərd çox həmdərd yox,

Tale zəbun, fələk birəhm"...

Qəbrin nurla dolsun, Fəttah müəllim! Bugünkü müasir, gözəl Qəbələ şəhərinin tikilməsində, qurulmasında danılmaz əməyin, xidmətin var. Oğlun Kəmaləddin müəllimi tələbəlik illərindən - qırx ildən çoxdu tanıyıram, yarım əsrin dostlarıyıq. Cox yaradıcı, qurucu bir ziyalıdır; xarabalığı, bom-boz səhranı tapşır gülüstana çevirmək bacarığına, qüdrətinə sahib adamdı. Bunu əminliklə deyirəm....

...Bax, görürsən, bir xeyli dərdləşdik, pıçıltıyla giley-güzarımı çatdırdım.

Sonda ən çox sevdiyin şeirlərimdən birini sənə ərməğan edirəm!

Rahat yat, rahat uyu, dəyərli, nurlu, unudulmaz İnsan!

DÜNYA, QAYIT DÜNYAMIZA

Arxanca mən su atmışam,

Gözləməkdə haqlıymışam

Mən ki gedib qayıtmışam,

Dünya, qayıt düyamıza.

Bu bar ayrılıq barıdır,

Gözəllər erkən qarıdı

Yarıyan sənnən yarıdı,

Dünya qayıt dünyamıza.

Tale bizi yarıtmadı,

Yaramızı sarıtmadı,

Nəm gözləri qurutmadı,

Dünya, qayıt dünyamıza.

Daş da dönüb oğul olub,

Ərənlərin nağıl olub.

Körpələrə noğul doğub,

Dünya, qayıt dünyamıza.

Çəkdik hər çəkilən qəmi,

Bu ömür-gün boş yerəmi?

Götür Əslini, Kərəmi

Dünya qayıt düyamıza.

Torpağında ah göyərər,

Hər atılan ox göyərər.

Dönməsən günah göyərər

Dünya, qayıt dünyamıza.

Zakir Fəxri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
bizimyol.info

1Sources