EN

WUF13 Azərbaycan QHT-ləri üçün yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platformadır

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan qeyri-hökumət təşkilatları hazırda daha məsuliyyətli mərhələyə qədəm qoyur. Bu mərhələ həm ciddi sınaq, həm də beynəlxalq miqyasda öz sözünü demək üçün mühüm fürsətdir. Söhbət ölkəmizdə “Şəhərsalma və Arxitektura İli” çərçivəsində mayın 17–22-də Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasından (WUF13) gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir Azəri bildirib.

Onun sözlərinə görə, BMT-nin təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumu qlobal miqyasda şəhərsalma, dayanıqlı şəhər inkişafı, iqlimə davamlı infrastruktur, sosial inklüzivlik və innovativ idarəetmə modelləri kimi aktual məsələlərin müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Belə bir mötəbər tədbirin Bakıda təşkil edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, eyni zamanda, ölkəmizin qlobal çağırışlara verdiyi töhfəyə bariz nümunədir.

Birlik sədri qeyd edib ki, COP29 zamanı əldə olunan təcrübə və formalaşmış əməkdaşlıq modeli WUF13 çərçivəsində də uğurlu nəticələrin əldə olunmasına zəmin yaradır.

“COP29 çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti institutları, o cümlədən proseslərə koordinasiya və institusional dəstək verən qurumlar tarixə düşən təşəbbüslərlə çıxış etdilər. QHT-lər beynəlxalq tərəfdaşlarla birgə layihələr reallaşdırdı, müxtəlif panel müzakirələrində fəal iştirak etdi və ölkəmizin mövqeyini layiqincə təqdim etdi. Bu gün həmin uğurların müsbət təsiri həm beynəlxalq əlaqələrin genişlənməsində, həm də yerli institusional inkişafda aydın şəkildə müşahidə olunur.

WUF13 Azərbaycan QHT-ləri üçün yeni tərəfdaşlıqların qurulması, beynəlxalq şəbəkələrə inteqrasiya və milli prioritetlərin qlobal müstəvidə təqdim olunması baxımından mühüm platformadır. Bu forum çərçivəsində Azərbaycan qeyri-hökumət təşkilatları istər müsəlman dünyası, istər Türk dünyası, istərsə də Qərb ölkələri ilə əməkdaşlığın yeni mərhələsini başlada bilərlər. Xüsusilə şəhərsalma, dayanıqlı inkişaf, insan hüquqları, inklüziv mühit və ictimai iştirakçılıq kimi istiqamətlərdə təcrübə mübadiləsi böyük əhəmiyyət daşıyır”, - deyə Nadir Azəri vurğulayıb.

O bildirib ki, rəhbərlik etdiyi təşkilat WUF13 çərçivəsində iki ayrıca tədbirin təşkili ilə bağlı rəsmi təqdimatla müraciət edib: “Əgər müvafiq beynəlxalq qurumlar, o cümlədən BMT strukturları təşəbbüslərimizi dəstəkləsə, biz həm Azərbaycan, həm türk dünyası, həm də qlobal ictimaiyyət üçün əhəmiyyətli məzmun daşıyan iki tədbirin təşkilatçısı qismində çıxış edə bilərik. Hazırda təklif olunan tədbirlərin detalları üzərində iş aparılır və beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr davam edir. Biz çalışırıq ki, təqdim edəcəyimiz təşəbbüslər həm qlobal gündəliyə uyğun olsun, həm də Azərbaycanın milli maraqlarını, regional reallıqları və vətəndaş cəmiyyətinin baxışlarını əks etdirsin”.

Sonda birlik sədri vurğulayıb ki, BMT-nin Şəhərsalma Konfransı Azərbaycan QHT-ləri və ümumilikdə vətəndaş cəmiyyəti üçün növbəti mühüm imtahan mərhələsidir.

“Azərbaycan qeyri-hökumət təşkilatları artıq beynəlxalq platformalarda formalaşmış təcrübəyə, institusional imkanlara və peşəkar kadrlara malikdir. Heç bir şübhə yoxdur ki, əvvəlki proseslərdə olduğu kimi, bu dəfə də vətəndaş cəmiyyəti nümayəndələri ölkəmizi layiqincə təmsil edəcək, beynəlxalq ictimaiyyət qarşısında konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirəcəklər”, - deyə CASCFEN sədri əlavə edib.

Chosen
29
1
azertag.az

2Sources