Pakistan qüvvələri Əfqanıstanda yaraqlıların mövqelərinə hava hücumları həyata keçirərək ən azı 80 terrorçunu öldürüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, bazar günü gecə Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın Nəngərhar, Paktika və Xost əyalətlərində “Fitnə əl-Xəvaric” təşkilatının yeddi düşərgəsinə hücum edib.
Pakistanın İnformasiya və Yayım Nazirliyi daha əvvəl Pakistan silahlı qüvvələrinin “Fitnə əl-Xəvaric” qruplaşmasının hədəflərinə, eləcə də “İslam Dövləti” terror təşkilatının Əfqanıstan qolu olan “Vilayət Xorasan”a qarşı hədəfli zərbələr endirdiyini bildirmişdi.
Nazirlik əməliyyatın Pakistanda son terror hücumlarına, o cümlədən İslamabadda məscidin bombalanmasına cavab olduğunu vurğulayıb. Əfqanıstan hakimiyyəti öz növbəsində Pakistanın hücumu nəticəsində onlarla mülki şəxsin ölümü barədə məlumat verərək bunu təxribat və ölkənin ərazi bütövlüyünün pozulması adlandırıb.