BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə proqram rəhbəri Anna Soave qeyd edib ki, 2026-cı ilin ölkədə "Şəhərsalma və Arxitektura İli" elan edilməsi və WUF13-ün keçirilməsi regiona beynəlxalq diqqəti cəlb etmək və konkret nəticələr əldə etmək üçün unikal imkan yaradır. Onun sözlərinə görə, əsas hədəflər aşağıdakılardır:
-
Forumun nəticələrinin milli təcrübəyə inteqrasiyası;
-
İnstitusional mexanizmlərin gücləndirilməsi;
-
Mütəxəssislərin bacarıqlarının artırılması və uzunmüddətli tərəfdaşlıqların qurulması;
-
Şəhərsalmada insan mərkəzli yanaşmanın təşviqi.
Anna Soave həmçinin əlavə edib ki, forumdakı müzakirələr layiqli mənzil, mobillik, əlçatanlıq, ekoloji dayanıqlılıq və inklüzivlik kimi sahələrdə tərəqqiyə təkan verəcək. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli iştirakçılara müraciət edərək bildirib ki, bu tədbir dayanıqlı şəhərsalma prinsipləri ilə medianın məsuliyyətli və maarifləndirici rolunun birliyini vurğulayır. O qeyd edib ki, müasir urbanizasiya prosesləri yalnız infrastruktur və texnoloji innovasiyalara deyil, həm də şəffaf kommunikasiyaya və düzgün informasiya siyasətinə əsaslanmalıdır. Sessiyanın davamında WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Dövlət Komitəsinin nümayəndələri Ümumdünya Şəhərsalma Forumunun mahiyyəti, Azərbaycanın dayanıqlı inkişaf və inklüzivlik sahəsindəki siyasəti, habelə Azərbaycan Şəhərsalma Kampaniyasının gedişatı barədə ətraflı məlumat veriblər. Sahənin ən aktual məsələlərini əhatə edən praktik vörkşop keçirilib. Forumun əvvəlki sessiyalarının işıqlandırılmasında böyük təcrübəyə malik beynəlxalq jurnalist Laura Puttkamer sessiyaya onlayn qoşularaq, mövzu seçimi və bu miqyasda tədbirlərin işıqlandırılma xüsusiyyətləri ilə bağlı praktik məsləhətlərini paylaşıb. Sonda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları forum zamanı Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcək media mərkəzinin imkanları barədə təqdimatla çıxış ediblər. Qeyd edək ki, bu növ məlumat sessiyaları silsilə xarakter daşıyır və WUF13-ün başlanmasına qədər media nümayəndələri üçün mütəmadi olaraq keçiriləcəkdir. Faiqə Məmmədova











