EN

SCAF layihəsi Fransa ilə Almaniyanı üz üzə qoyub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Paris, 23 fevral, AZƏRTAC

Gələcəyin Hava Döyüş Sistemi (SCAF) Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan layihədir və Paris onun reallaşması üçün sona qədər mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli mediada çıxışı zamani Fransanın xarici işlər naziri Jan-Noel Barro danışıb.

Layihədə iştirak edən sənaye şirkətlərini qarşılıqlı güzəştə getməyə çağıran Barro bildirib ki, SCAF sadəcə hərbi texnika layihəsi deyil, eyni zamanda siyasi layihədir.

“Biz səkkiz ildir ki, bu layihə üzərində işləyirik və onun başa çatması üçün sona qədər mübarizə aparacağıq”, – deyə nazir əlavə edib.

Fransanın xarici işlər naziri bu açıqlamanı Almaniya Kansleri Fridrix Mertsin proqramın gələcəyi ilə bağlı fikirlərinə cavab olaraq səsləndirib.

Belə ki, SCAF layihəsi 2017-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş Kansleri Angela Merkel tərəfindən irəli sürülüb. 2019-cu ildə İspaniya da təşəbbüsə qoşulub. Layihə yeni nəsil döyüş təyyarəsinin hazırlanmasını, onun şəbəkələşmiş pilotsuz uçuş aparatları və “döyüş buludu” adlandırılan inkişaf etmiş rəqəmsal kommunikasiya sistemi ilə inteqrasiyasını nəzərdə tutur.

Rəsmi Berlin 2025-ci ilin sonunadək layihədə iştirakını davam etdirib-etdirməyəcəyi barədə qərar verməyi öhdəsinə götürsə də, bu qərar bir neçə dəfə təxirə salınıb.

Nəhayət, fevralın 18-də yayımlanan müsahibəsində Kansler Fridrix Merts Almaniyanın Fransa ilə eyni tip döyüş təyyarəsinə ehtiyac duymadığını bildirib və bununla da Berlinin proqramdan geri çəkilə biləcəyinə işarə edib.

Layihədə iştirak edən şirkətlər arasında da gərginlik müşayiət olunur. Fransanın “Dassault Aviation” şirkəti baş podratçı qismində təyyarənin dizaynında daha geniş muxtariyyət tələb edir. Lakin Almaniya və İspaniyanın maraqlarını təmsil edən “Airbus” bu mövqeyə etiraz edir.

Bütün bunların fonunda ötən həftə alman sənaye rəsmiləri Berlinin digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində ayrıca döyüş təyyarəsi hazırlaya biləcəyini də istisna etməyiblər.

Beləliklə, SCAF layihəsinin taleyi sual altına düşüb. Rəsmi Paris isə onu Avropanın strateji muxtariyyətinin əsas sütunlarından biri kimi qorumaqda qərarlıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
2
azertag.az

3Sources