EN

Goranboydakı faciənin pərdəarxası: Milyonda bir ehtimal...

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Peyvənddən sonra körpənin vəfat etməsi cəmiyyətdə haqlı olaraq ciddi narahatlıq doğurur. Valideynlər üçün bu, son dərəcə həssas və ağrılı mövzudur. Bununla belə, tibbi baxımdan məsələyə emosiyadan kənar, elmi və faktlara əsaslanan yanaşmaq vacibdir”.Bunu neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında bildirib. O deyib ki, ümumilikdə peyvəndlər pediatriyada ən təhlükəsiz və ən effektiv profilaktik tibbi müdaxilələrdən biri hesab olunur:“Dünyada hər il milyonlarla körpəyə peyvənd vurulur və ağır fəsadlar, xüsusilə ölüm halları son dərəcə nadir rast gəlinən istisna hallardır. Bu tip hadisələr adətən dərhal peyvənd səbəbindən ölüm kimi qiymətləndirilmir və yalnız geniş tibbi ekspertizadan sonra səbəb müəyyən edilir. Peyvənddən sonra baş verə bilən ən ağır, lakin çox nadir fəsadlardan biri anafilaktik şokdur. Bu, immun sisteminin peyvəndin tərkibində olan hər hansı maddəyə qarşı kəskin allergik reaksiyası nəticəsində yaranır. Anafilaktik şok adətən peyvənddən sonra ilk dəqiqələr və ya ilk yarım saat ərzində inkişaf edir və vaxtında tibbi müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər. Lakin qeyd edilməlidir ki, bu cür ağır allergik reaksiyaların baş vermə ehtimalı statistik olaraq milyonda bir və ya ondan da aşağıdır”.O bildirib ki, riskləri minimuma endirmək üçün peyvənddən əvvəl pediatr tərəfindən mütləq şəkildə ilkin tibbi qiymətləndirmə aparılmalıdır:“Buraya körpənin ümumi klinik vəziyyətinin yoxlanılması, bədən temperaturunun ölçülməsi, əvvəlki peyvəndlərə reaksiyaların sorğulanması, allergik anamnezin və ailə tarixinin öyrənilməsi daxildir. Uşaqda yüksək hərarət, kəskin infeksiya və ya ağır ümumi vəziyyət müşahidə olunarsa, peyvənd müvəqqəti olaraq təxirə salınmalıdır. Peyvənddən sonra körpə ən azı 15-30 dəqiqə tibb işçilərinin nəzarətində saxlanmalıdır. Bu müddət mümkün ağır reaksiyaların erkən aşkarlanması və dərhal müdaxilə üçün həyati əhəmiyyət daşıyır. Peyvəndlərin yaratdığı risklər yoluxucu xəstəliklərin fəsadları ilə müqayisədə qat-qat aşağıdır. Peyvəndlər minlərlə körpəni ağır xəstəliklərdən, əlillikdən və ölümdən qoruyur”.Xatırladaq ki, Goranboyda peyvənd vurulan körpə ölüb. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
demokrat.az

1Sources