Azərbaycanda təxminən 100 min fərdi yaşayış evinə çıxarış (kupça) verilməsi ilə bağlı müzakirələr daşınmaz əmlak bazarında mümkün dəyişikliklər barədə sualları artırıb. Bəs, təxminən 100 min evə kupça verilməsi daşınmaz əmlak bazarına necə təsir göstərəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, səsləndirilən rəqəmlər hələ şərti xarakter daşıyır.

Ekspertin sözlərinə görə, kupça veriləcək evlərin sayı 100 min olmaya da bilər:
“Bu rəqəm şərtidir. Mənim fikrimcə, real göstərici 50 mindən 100 minə qədər dəyişə bilər. Amma hər bir halda bazarda qiymətlərin kütləvi şəkildə aşağı düşməsi gözlənilmir.
Əsas amil həmin evlərin hansı ərazilərdə yerləşməsidir. Əgər çıxarışlar müəyyən bir ərazidə toplu şəkildə verilərsə, həmin zonada qiymət artımı müşahidə oluna bilər. Səbəb isə hüquqi statusu rəsmiləşən daşınmaz əmlaklara marağın artmasıdır”.
Onun sözlərinə görə, kupçaların səpələnmiş formada, müxtəlif ərazilərdə yerləşən evlərə verilməsi isə bazara ümumi təsiri zəiflədəcək:
“Belə halda qiymət artımı yalnız ayrı-ayrı evlər üzrə müşahidə oluna bilər. Burada əsas faktor tələbatdır. Əgər konkret ərazidə evlərə maraq yüksəkdirsə və onlar çıxarışla təmin olunursa, qiymətlər də tələbata uyğun şəkildə yüksələcək. Tələbat zəifdirsə, qiymətlərə ciddi təsir olmayacaq”.
Ekspert hesab edir ki, kupçalaşma prosesi ilk növbədə bazarda hüquqi şəffaflığı artıracaq və ipoteka imkanlarının genişlənməsinə səbəb ola bilər ki, bu da uzunmüddətli perspektivdə daşınmaz əmlak sektorunda aktivliyi artıran əsas amillərdən biri sayılır.
Aynurə İsmayıl
KONKRET.az