Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ətrafında sıx birləşməli və sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Yalnız bu yolla biz Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən biri edə bilərik.
Heydər Əliyev
Bəlkə də bu gün dünyada elə bir millət yoxdur ki, azərbaycanlılar kimi torpaqları tikə-tikə, parça-parça bölünsün və yadellilərin ayaqları altında tapdansın. Torpaqlarımızın böyük bir hissəsi - İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur, Borçalı , Dərbənd, Cənubi Azərbaycanda və digərləri yağı düşmənlər tərəfindən işğala məruz qalsalar da heç kim, heç bir qüdrətli dövlət bizə kömək eləmək istəmir. Dünyada özlərini sülh, bərabərlik, birlik, demokratiyanın tərəfdarları, carçıları adlandıran qüdrətli dövlətlər tərəfindən də millətimizin haqq səsi nə sirdirsə eşidilmir ki, eşidilmir...
Bəli, zaman-zaman millətimizin haqqı tapdalanıb. Bir vaxtlar onu İran və Rusiya iki yerə bölüb. Ən böyük faciədə odur ki, sayı artıq 60 milyona çatmağa az qalan soydaşlarımız hələ də birlik yaratmaq sevdas ıilə yaşasalar da, amma birləşmirlər ki, birləşmirlər…Daha doğrusu birləşmək istəmirlər. Çünki milli birlik istəyi bizdə azdır. Bu istək hələ ki, xalqımızın ali məqsədi, ürəyinin səsi olmayıb...
Şükür ki, son on-on beş ildə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız iki dövlət arasındakı diplomatik əlaqələrdən ibarət deyil; bu münasibətlər ortaq tarix, dil, mədəniyyət və taleyin vəhdəti üzərində qurulmuş milli şüura əsaslanır. Bu şüur xüsusilə Türkiyədə yaşayan Azərbaycan diasporunun fəaliyyətində konkret və təşkilatlanmış bir gücə çevrilib. Bu gün Türkiyədəki Azərbaycan diasporu sadəcə miqrant icması deyil, strateji, mədəni və siyasi bir faktor halına gəlmişdir. Bu da böyük alqışa layiqdir.
Diaspor artıq passiv deyil - təsirli bir faktordur
Keçmişdə diaspora anlayışı daha çox “qürbətdə yaşayan insanlar” kimi qəbul edilirdi. Və hətta xalqımızın belə bir deyimi var: “ Qərib quşun Vətəni olmaz”. Bu gün isə Azərbaycan diasporu aktiv və təşkilatlanmış vətəndaş diplomatiyası gücünə çevrilmişdir. Türkiyədə fəaliyyət göstərən dərnəklər, fondlar, gənclər təşkilatları və akademik platformalar Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdıran sistemli strukturlardır. Buna da yalnız sevinmək lazımdır.
Xüsusilə Qarabağ məsələsində Türkiyədəki Azərbaycan diasporunun rolu həlledici olmuşdur. 2020-ci il Vətən Müharibəsi zamanıTürkiyənin müxtəlif şəhərlərində keçirilən mitinqlər, mətbuat açıqlamaları, sosial media kampaniyaları və media fəaliyyəti Azərbaycanın haqlı mübarizəsinin Türk və dünya ictimaiyyətində düzgün anlaşılmasına ciddi töhfə vermişdir. Bu, diaspor gücünün praktik təsirinin açıq sübutudur.Və Vətən müharibəsindəki qələbəmizdən sonra Türkiyədəki diaspor təşkilatımıza hörmət, inam çox artıb.
Türkiyə Azərbaycan diasporu üçün strateji mərkəzdir
Türkiyə Azərbaycan diasporu üçün sadəcə yaşanılan ölkə deyil, eyni zamanda qlobal təsir istehsal edən əsas mərkəzdir. Türk mediasına çıxış, akademik çevrələrlə əlaqələr, siyasi və vətəndaş cəmiyyəti ilə qurulan münasibətlər Azərbaycan diasporuna başqa heç bir ölkədə olmayan imkanlar yaradır. Buna da Türkiyədə yaşayan azərbaycanlılar çox sevinirlər.
Buradakı azərbaycanlı ziyalılar, iş adamları, sənətçilər və gənclər iki ölkə arasında “yumşaq güc körpüsü” rolunu oynayırlar. Bu müqəddəs körpü vasitəsilə Azərbaycanın mədəniyyəti, tarixi və siyasi mövqeyi Türkiyə üzərindən daha geniş formada dünyaya yayırlar.
Mədəni diplomatiya ən güclü və inamlı alətdir
Türkiyədəki Azərbaycan diasporunun ən effektiv sahələrindən biri mədəni diplomatiyadır. Novruz tədbirləri, musiqi festivalları, ədəbiyyat günləri, sərgilər və elmi konfranslar vasitəsilə Azərbaycan yalnız bir dövlət kimi deyil, həm də dərin köklərə malik bir sivilizasiya kimi layiqincə təqdim olunur. Və bu ölkədə yaşayan başqa millətlərdə bu tədbirlərə böyük həvəslə gəlirlər.
Bu fəaliyyətlər xüsusilə gənc nəslin milli kimliyini qorumasında həyati rol oynayır. Assimilyasiyanın qarşısını almağın yolu güclü mədəni təşkilatlanmadan keçir və Türkiyədə bu şüur getdikcə daha sistemli hala gəlir.
Ən böyük risk: parçalanma və koordinasiya çatışmazlığı
Bütün bu müsbət mənzərəyə baxmayaraq ciddi struktur problemidə mövcuddur: təşkilati parçalanma. Türkiyədə çoxlu Azərbaycan təşkilatları fəaliyyət göstərsə də, onların bir hissəsi ortaq strategiya yaratmaqda çətinlik çəkirlər. Eyni sahədə çalışan qurumlar arasında bəzən rəqabət, şəxsi ambisiyalar və kommunikasiya boşluqları yaranır. Bu da ümumi diaspor işimizə çox mane olur. Mənə elə gəlir ki, bu təşkilatların hamısı xalqımızın bu atalar sözlərini qulaqlarında sırğa etməklə, ona riayət etmklə, onu özlərinin ali məqsədlərinə çevirsələr çox yaxşı olar: “Xalq bir olsa dağ oynadar yerindən. Güc bir olsa zərbi-kəran sındırar”. Ona görədə mən onlara bu birliyi arzu edirəm. Sadəcə onların yadına salmaq istəyirəm ki, əgər Qaradağdakı Vətən müharibəsində xalqımız cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında Dəmir yumruq kimi birləşməsəydilər, onda cəmi 44 günə Zəfər qələbəmiz mümkün olmazdı.
Bunu hamı bilməlidir ki, diaspor gücü yalnız vahid strategiya və peşəkar koordinasiya ilə effektiv olur. Azərbaycan dövlətinin diaspora siyasəti ilə Türkiyədəki vətəndaş cəmiyyəti strukturları arasında daha sistemli əlaqə artıq zərurətə çevrilmişdir.
Nəticə: Türkiyədəki Azərbaycan diasporu geosiyasi dəyərdir
Bu günTürkiyədəki Azərbaycan diasporu sadəcə icma deyil, Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən strateji qüvvədir. Bu strateji qüvvə düzgün istiqamətləndirildiyi təqdirdə bu diaspora mədəni, siyasi və akademik sahələrdə Azərbaycanın ən güclü yumşaq güc aləti olaraq qalacaq.Yalnız bir şərtlə. Hamı bir olsa və hamı zərbəni bir yerə vursa.
Qardaşlıq duyğusuin stitusional ağıl və intizamla birləşəndə ortaya çıxan güc yalnız iki dövlətə deyil, bütün Türk dünyasına xidmət edir. Türkiyədəki Azərbaycan diasporu məhz bu potensiala sahibdir. Bu təşkilat Turan Birliyində də layiqli rol oynayacaq. Çünki Türkiyədəki diaspor təşkilatımıza yüksək vətənpərvər ruhlu insanlar rəhbərlik edirlər. Və gələcək yazılarımda onları da azərbaycanlı oxuculara daha yaxından tanıdacam.
Kənan - Qərib QƏRİBLİ