EN

"İham Əliyevin Sülh Şurasında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir"

"Sülh Şurasının iclası beynəlxalq siyasətdə yeni diplomatik formatın formalaşması baxımından diqqətçəkən hadisədir. Tədbirin ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə baş tutması və əsas müzakirə mövzusu kimi Qəzza sektorunun yenidən qurulması planının seçilməsi göstərir ki, Vaşinqton qlobal təhlükəsizlik və post-münaqişə bölgələrinin nizamlanması məsələlərində öz liderlik iddiasını ön plana çıxarmağa çalışır".

Bu barədə Redaktor.az-a danışan politoloq Qəvami Sadıqbəyli bildirdi. Onun sözlərinə görə, Sülh Şurasının ilk iclasının Vaşinqtondakı Sülh İnstitutunda keçirilməsi və çoxsaylı dövlətlərin tədbirə qatılması bu platformanın qlobal miqyasda təqdim olunduğunu göstərir:

"ABŞ Prezidenti çıxışında müxtəlif münaqişələrin, o cümlədən Azərbaycan-Ermənistan qarşıdurmasının nizamlanmasında rol oynadığını vurğuladı. Bu yanaşma Vaşinqtonun özünü qlobal sülh memarı kimi təqdim etmək cəhdinin tərkib hissəsidir. ABŞ-nin vasitəçilik rolunu qabartması regionda geosiyasi balansın yenidən formalaşdırılması niyyətindən xəbər verir. Vaşinqton görüşünün ən diqqətçəkən məqamlarından biri Nikol Paşinyan ilə Prezident İlham Əliyevin əl sıxması oldu. “SÜLH” yazısı fonunda baş tutan bu jest təkcə protokol elementi deyil, həm də siyasi mesajdır. Bu addım post-müharibə mərhələsində normallaşma prosesinin beynəlxalq platformada nümayişi kimi qiymətləndirilə bilər. ABŞ prezidentinin hər iki lideri “sərt, lakin yaxşı insanlar” adlandırması və onların “dost ola biləcəkləri” barədə fikri diplomatik atmosferin yumşaldılmasına hesablanmış bəyanatdır. Bu, eyni zamanda Vaşinqtonun Cənubi Qafqazda uzunmüddətli sabitlik arzusunu simvolizə edir".

Onun sözlərinə görə, iclasın əsas mövzusunun Qəzza sektorunun yenidən qurulması olması Yaxın Şərq məsələsinin ABŞ xarici siyasətində prioritet olaraq qaldığını göstərir:

"Vaşinqton platforması həm regional (Cənubi Qafqaz), həm də qlobal (Yaxın Şərq) münaqişələri eyni siyasi çərçivədə birləşdirməyə çalışır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Sülh Şurası iclasında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Bakı artıq təkcə regional aktor deyil, həm də qlobal təşəbbüslərdə söz sahibi olan tərəf kimi təqdim olunur. Vaşinqton görüşünün mahiyyətini üç istiqamətdə cəmləmək olar: ABŞ-nin qlobal vasitəçilik rolunun bərpası və möhkəmləndirilməsi, Azərbaycan-Ermənistan münasibətlərində normallaşmanın beynəlxalq səviyyədə legitimləşdirilməsi, yeni çoxtərəfli diplomatik platformanın formalaşdırılması. Bu görüş real sülh müqaviləsinin imzalanması deyil, daha çox siyasi iradənin nümayişi və beynəlxalq ictimaiyyətə ünvanlanan mesajdır. Əl sıxma simvolik olsa da, onun arxasında dayanan siyasi kontekst Cənubi Qafqazda sabitliyin artıq beynəlxalq güclərin diqqət mərkəzində olduğunu göstərir. Nəticə etibarilə, Vaşinqtondakı bu toplantı həm ABŞ-nin qlobal ambisiyalarının ifadəsi, həm də Azərbaycan diplomatiyasının artan çəkisinin təsdiqi kimi qiymətləndirilə bilər. Sülh Şurasının gələcək fəaliyyəti və qəbul ediləcək qərarlar isə bu təşəbbüsün real təsir gücünü müəyyən edəcək".

Nuriyyə NATİQQIZI

Chosen
13
redaktor.az

1Sources