EN

"Gənc yaşlarda saçların ağarması kimi hallar artıb" - Alimdən AÇIQLAMA

Əvvəllər xəstəliklərin daha çox müəyyən yaş dövrlərinə xas olduğu düşünülürdü. Lakin bu gün artıq kiçikdən böyüyə hər kəs müxtəlif sağlamlıq problemləri ilə üzləşir. Bu isə öz növbəsində dərman preparatlarına olan tələbatı artırır.

Digər tərəfdən əhali arasında dərmanların keyfiyyəti ilə bağlı narazılıqlar da getdikcə daha çox səsləndirilir. Bir çoxları istifadə etdikləri preparatların əvvəlki təsir gücünə malik olmadığını iddia edir.

Bəs həqiqətən də dərmanların keyfiyyəti azalıbmı?

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu gün uşaqlı anaların qidalanmasına diqqət yetirmək lazımdır:

"İstehlak olunan suların keyfiyyəti, qidaların tərkibi, havada mövcud olan ekoloji problemlər ümumilikdə insan orqanizminə təsir göstərir. Ümumiyyətlə, həyat torpaq, su və hava kimi əsas komponentlərdən ibarətdir və bütün canlılar bu mühitdən formalaşır. Lakin dünyada bu komponentlərin hər birində müəyyən problemlər yaranıb. Dünyada baş verən müharibələr, radiasiya və müxtəlif virusların yayılması ilə bağlı narahatlıqlar da ümumi sağlamlıq mühitinə təsir edən amillər sırasında göstərilir. Belə bir mühitdə qidalanmaq və işləmək insanların sağlamlığına mənfi təsir göstərə bilər. Digər tərəfdən, oturaq həyat tərzi və telefon asılılığının artması da diqqət çəkir. Artıq uşaqlarda da bu asılılıq müşahidə olunur və onların normal inkişafı, düşüncə tərzi müəyyən mənada telefondan asılı vəziyyətə düşür. Uşaqların yaşlarına uyğun olmayan məzmuna məruz qalması isə orqanizmdə gedən biokimyəvi proseslərə mənfi təsir edə bilər. Nəticə etibarilə, müxtəlif xəstəliklərin artması müşahidə olunur. Dərmanlarla bağlı məsələlər də aktualdır".

Müsahibimiz əlavə etdi ki, yerli dərman istehsalı müəssisələrinin yetərli olmaması səbəbindən xarici istehsalçılardan asılılıq yaranır:

"Bununla belə, ölkəyə rəsmi şəkildə gətirilən dərman vasitələri tibbi ekspertizadan keçirilir. Dərmanların tərkibi, saxlanma şəraiti və istifadə müddəti onların effektivliyinə təsir edən əsas amillərdəndir.

Bütün bunları nəzərə aldıqda, qeyd olunan ekoloji və sosial amillərin təsiri altında qidalanan valideynlərin övladlarında immun sisteminin və orqanizmin müqavimət qabiliyyətinin zəifləməsi ehtimalı artır. Bu isə müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Hətta gənc yaşlarda saçların tez ağarması kimi hallar da müşahidə olunur. Burada sinir sistemi gərginliyi, ailədaxili stres və emosional sabitliyin pozulması kimi faktorlar da mühüm rol oynayır".

Xədicə BAXIŞLI

Chosen
19
1
redaktor.az

2Sources