EN

Brüsseldə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Brüsseldəki Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

"Report"un Avropa bürosu xəbər verir ki, tədbir Azərbaycan Evi və Belçikada fəaliyyət göstərən diaspor icmaları tərəfindən, Azərbaycanın Belçika və Lüksemburqdakı, eləcə də Aİ yanında səfirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə müxtəlif şəhərlərdən olan Azərbaycan icmasının üzvləri, səfirliyin əməkdaşları və yerli universitetlərin azərbaycanlı tələbələri iştirak ediblər. İştirakçılar ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi Emin Rüstəmov beynəlxalq ictimaiyyətin tarixin bu dəhşətli səhifəsini unutmamasının vacibliyini vurğulayıb və "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışıb.

Diplomatın sözlərinə görə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan torpaqları erməni işğalından tam azad edilib.

Rüstəmov qeyd edib ki, Xocalının bir neçə kəndinin azad olunması ilə başlayan proses 2023-cü ilin sentyabrında rayonun tam azad edilməsi ilə başa çatıb və bu, tarixi ədalətin bərpası deməkdir.

MADANI həmvətənlər platformasının rəhbəri Emin Əliyev və BUTAM Azərbaycan Mədəniyyəti Assosiasiyasının həmtəsisçisi Əliağa Sultanov Xocalı qurbanlarının xatirəsini yad etməyin və bu cür faciələrin təkrarlanmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək istiqamətində birgə səylər göstərməyin vacibliyini qeyd ediblər.

Daha sonra "Xocalı nişanəsi" qısametrajlı filmi və pianoçu, dirijor və bəstəkar Abuzər Manafzadənin "Xocalı" əsərinə çəkilmiş videoklip nümayiş etdirilib.

İştirakçılar həmçinin orada təşkil olunmuş və həmin faciəli günlərdən bəhs edən fotosərgi ilə də tanış olublar.

Chosen
12
far.az

1Sources