EN

Bu gün Su çərşənbəsidir - Novruz bayramına hazırlıqlar başlayır

Bu gün Azərbaycanda ilaxır çərşənbələrdən birincisi – Su çərşənbəsi qeyd edilir.

Musavat.com xəbər verir ki, Su çərşənbəsi ilə xalqımız Novruz bayramına hazırlıqlara rəsmi şəkildə başlayır. Xalq inanclarına görə, aləmin yaradılışında su ilkin ünsür hesab olunduğuna görə ilk çərşənbə də məhz suya həsr olunur.

Ənənəyə əsasən, bu gün suyun “oyandığı”, təbiətin canlanmağa başladığı gün kimi qəbul edilir. Qədim inanclarda səhər tezdən – dan yeri sökülməmiş axar sudan götürülən “təzə su”nun şəfa gətirdiyinə inanılır. İnsanlar həmin su ilə yuyunur, bir-birinə səpir, paklanma və yenilənmə rəmzi kimi qəbul edirlər.

Su çərşənbəsi həm də yazın müjdəçisi sayılan Novruzun yaxınlaşdığını göstərir. İlk tonqalların qalanması qışın geridə qaldığını, buzların əridiyini və təbiətin dirçəlişə doğru getdiyini simvolizə edir.

Xalq arasında bu günlə bağlı müxtəlif inanclar var. Süfrəyə su qoyulması, suyun daşmasının bolluq və bərəkət əlaməti sayılması geniş yayılmış adətlərdəndir. Eyni zamanda, bəzi inanclara görə, Su çərşənbəsi günü axar suyun üzərindən ehtiyatsız keçmək uğursuzluq sayılır. İnsanların bir-birinə su atması isə xoş niyyət və uğur rəmzi kimi qəbul edilir.

Qeyd edək ki, qarşıdakı həftələrdə digər ilaxır çərşənbələr də qeyd olunacaq: Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın 10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-dədir.

Azərbaycana yaz fəsli martın 20-si saat 18:45:53-də daxil olacaq. Martın 20-21-də isə ölkədə Novruz bayramı qeyd ediləcək.

 

Chosen
18
1
ekologiya.az

2Sources