İlahiyyatçı Tural İrfan Ramazan ayında oruc tutanların bir çoxunun vaxtını yataraq keçirməsinin günah olması barədə müzakirələrə münasibət bildirib.
Bu barədə Pravda.az-a açıqlama verən ilahiyyatçı deyib ki, oruc tutmaq insanın həm fiziki, həm də mənəvi sağlamlığına, kamilliyinə xidmət etməklə yanaşı İlahi əmrə boyun əymək, Allahın razılığını qazanmaqdır.
Onun sözlərinə görə, insan ibadətdən zövq almalıdır: “İbadəti özü üçün məşəqqətə çevirməməlidir. Əgər səhhəti, işi imkan vermirsə, oruc tutmamalıdır. Orucluq həm də zamanı dəyərləndirməkdir. İnsan oruc tutub yatırsa, bu hal orucu pozmasa da, mənəvi tərəflərinə zərər gətirir, orucun mahiyyətinə uyğun olmur. Yatanda sanki adam orucu, sadəcə, borc ödəmək xatirinə tutur. Normal həyat tərzi keçirən insan gündüzləri ibadət, xeyirxahlıq etməli, gecələr isə yatmalıdır. "Qurani-Kərim"də buyurulur ki, Allah gecəni örtük, istirahət, gündüzü də çalışmaq üçün qərar verib. Təbii ki, istirahət üçün gün ərzində qısa zamanda, iki namaz arasında müəyyən qədər yatmaq olar, bu, qadağan deyil, amma bütün günü yatıb Ramazanın fəzilətini əldən vermək də olmaz”.
Aytəkin Qardaşova