EN

İnsan Hüquqları Şurasının yaradılmasının 20 ili tamam olur

Bakı, 24 fevral, AZƏRTAC

Cenevrədə 120-dən çox ölkədən nümayəndələr BMT-nin İnsan Hüquqları Şurasının yaradılmasının 20 illiyini qeyd etmək və sürətlə artan qlobal qeyri-sabitlik, müharibə və münaqişələr fonunda beynəlxalq hüquqa ümumi sadiqliyi təsdiqləmək üçün bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, Qəzza sektoru, Myanma, Ukrayna, Sudan və digər regionlardakı münaqişələrlə bağlı geosiyasi qeyri-müəyyənliyi xatırladan BMT-nin Baş katibi Antonio Quterreş Şuranı insan hüquqlarını müdafiə etməyə çağırıb. O vurğulayıb ki, indiki şəraitdə insan hüquqları bütün dünyada təhdid altındadır.

Ukraynadan danışan BMT rəhbəri xatırladıb ki, fevralın 24-də Rusiyanın genişmiqyaslı müdaxiləsinin başlanmasının dörd ili tamam olur və nəticədə 15 mindən çox mülki şəxs həlak olub.

“Qan tökülməsinə çoxdan son qoymağın vaxtıdır”, – deyə Quterreş bildirib.

Baş katib xəbərdarlıq edib ki, “hüquqları boğmaq, bərabərsizliyi dərinləşdirmək və marjinallaşdırılmış qrupları ayrı-seçkiliyin yeni formalarına məruz qoymaq” üçün hətta texnologiyalardan, ilk növbədə süni intellektdən getdikcə daha çox istifadə olunur.

“İnsan hüquqları nə Qərbdir, nə Şərq, nə Şimal, nə də Cənub. Bu, nə dəbdəbə, nə də alış-veriş predmetidir. Bu, daha sülhsevər və təhlükəsiz dünyanın təməlidir. Dövlətlər isə BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində götürdükləri öhdəliklərlə bağlıdır”, – deyə o qeyd edib.

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk atəşkəs və ya sülhə dair istənilən razılaşmada insan hüquqları və ədalətin əsas element kimi nəzərə alınmasına çağırıb.

O vurğulayıb ki, bəzi hökumətlərin çoxtərəfli sistemi zəiflətdiyi bir şəraitdə beynəlxalq hüquq pozuntularına “kimin günahkar olmasından asılı olmayaraq” dəqiq və birmənalı qiymət verilməlidir.

Ali komissar dövlətləri, biznes qurumlarını, şəhərləri, xeyriyyəçiləri, alimləri, incəsənət xadimlərini, gəncləri və vətəndaş cəmiyyətini birləşdirəcək Qlobal İnsan Hüquqları Alyansının yaradılacağını da açıqlayıb.

BMT Baş Assambleyasının sədri Annalena Berbok bildirib ki, “susmaq seçimdir və bunun mənfi nəticələri var”.

“Tarix göstərir ki, böyük sistemlər adətən bir anda, dramatik şəkildə dağılmır Onlar tədricən zəifləyir, onları qorumağa borclu olanlar isə susmağa üstünlük verirlər. Nəticədə bir vaxtlar əbədi görünənlər sadəcə yox olur. Biz həmişə yadda saxlamalıyıq ki, insan hüquqlarının ən ağır pozuntuları qarşısında susmaq heç vaxt nəticə vermir. Hazırda biz təkcə qadın hüquqları sahəsində deyil, ümumilikdə insan hüquqları və sarsılmaz hesab olunan digər norma və standartlar sahəsində də ciddi geriləmə müşahidə edirik. Bu qayda və prinsiplər indi açıq şəkildə şübhə altına alınır, rədd olunur və ya pozulur”, - deyə o vurğulayıb.

Baş Assambleyanın sədri, həmçinin bildirib ki, ukraynalı uşaqların oğurlanmasının hərbi cinayət kimi tanınması İnsan Hüquqları Şurasına üzv olan hər bir dövlətin borcudur.

 

Chosen
13
3
azertag.az

4Sources