EN

Novruzun ilk mərhələsi Su çərşənbəsinin türk tarixində yeri nədir? Ekspertlər AÇIQLADI

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Novruz bayramı ərəfəsində keçirilən çərşənbələr qədim ənənələrimizin bir hissəsidir. Onların hər biri təbiətin, insan sağlamlığının və həyatla əlaqəlidir. Çərşənbələr Azərbaycan xalqının çoxəsrlik dünyagörüşünü, təbiətə və həyata münasibətini özündə əks etdirən mühüm mərhələlərdir. Bu günlər sadəcə təqvim hadisəsi deyil, həm də milli-mənəvi dəyərlərin, inancların yaşadıldığı xüsusi zaman kəsimidir. İnsanlar həm təbiətin oyanışını qarşılayır, həm də mənəvi olaraq yenilənməyə hazırlaşırlar. Bu baxımdan Novruza aparan yol mərhələli şəkildə qurulur və hər həftə qeyd olunan çərşənbə bayramın fəlsəfi əsasını tamamlayır.Avtosfer.az xəbər verir ki, fevralın 24-ü Su çərşənbəsidir. Bu çərşənbə xüsusilə su elementinə həsr olunur. Həmin gün insanlar evlərini təmizləyir, ətraf mühiti qoruyur və gələcəkdə sağlamlıq, bolluq və uğur üçün niyyətlər edirlər. Su həyatın mənbəyidir və Su Çərşənbəsi də həm təbiətin, həm də insan həyatının yenilənməsini simvolizə edir.

Mövzu ilə bağlı türkoloq Faiq Ələkbərli Avtosfer.az-a açıqlamasında Su və digər çərşənbələrin, həmçinin Novruz bayramının mahiyyətini aydınlaşdırıb:

“Türk xalqlarının tarixi və mədəniyyəti zəngindir. Bu mədəniyyətin zəngin olmasının əsas səbəblərindən biri də təbiətə münasibətə bağlıdır. Türk xalqları həmişə təbiətlə iç-içə yaşayıb. Xüsusilə dörd ünsür olan su, torpaq, hava və od türk mədəniyyətində mühüm yer tutub. Digər xalqların da təbiət ünsürlərinə münasibəti olub. Məsələn, Hind və Avropa xalqları, çinlilər, yunanlar, Sami xalqları. Ancaq türk xalqlarının münasibəti özünəməxsus olub. Su çərşənbəsi türk mədəniyyətində mühüm çərşənbə olub. Suyun təmizliyi, dərdin suya söylənməsi, suyun rəmzi xarakteri və s. bunlar onun əhəmiyyətini göstərir. Su təmizliyin simvoludur. İnsanlar özlərini su vasitəsilə ifadə etməyə çalışıb, od, torpaq və havaya da xüsusi münasibət göstərib. Digər xalqlarda, məsələn, farslarda, od ilahiləşdirilsə də, Azərbaycan türklərində belə bir ilahiləşdirmə olmayıb. Od, su, hava və torpaq müqəddəs anlayış kimi qəbul edilib, lakin ilahiləşdirilməyib. Həmin dörd element hər çərşənbə axşamı qeyd olunur və bu, türk xalqlarının həyatının bir parçasıdır. Novruz bayramı da bu ənənələrin davamıdır. Novruz yeni gün bayramıdır və yeni gün türk mədəniyyətində diriliş gününü simvolizə edir. Təbiətin oyanışı ilə insanların dirilişi üst-üstə düşür. Tarixdə Səlcuqlar dövründə Məlişah yeni günü dövlət bayramı kimi qeyd edib. Türk xalqları digər xalqlarla yanaşı yaşasalar da, mədəniyyətlərini, adət-ənənə anlayışlarını paylaşıb, özünəməxsusluqlarını qoruyub. Od, su, hava və torpağa münasibət, həmçinin Novruz bayramı türk mədəniyyətinə məxsusdur. Azərbaycan Cümhuriyyətinin qurucusu vaxtilə Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, Novruz bayramı əslində bir növ diriliş və qurtuluş günüdür. Azərbaycan cəmiyyəti tarixində də Novruz diriliş və qurtuluş günü kimi qiymətləndirilib. Təbiətin və türk xalqının oyanışı, dar günlərdən çıxmaq və yenidən özünü göstərmək anlamını daşıyır. Novruz bayramı bu baxımdan həm təbiətin, həm də insanların yenilənməsini simvolizə edir. Azərbaycan bayrağında və rənglərində də təbiətlə bağlılıq, od, su, hava və torpaqla əlaqə hiss olunur”.Sosioloq Rəvan Əliyev isə deyib ki, Su çərşənbəsi həm də cəmiyyət üçün sosial təmizlənmə və həmrəylik mesajı daşıyır:

“İnsanlar evlərini, həyətlərini təmizləyir, bir-birinə hörmət və yaxınlıq göstərir, qonşularla münasibətləri gücləndirir. Bu mərasim, həmçinin Azərbaycan ailə və icma strukturlarında birlik və qarşılıqlı dəstəyin formalaşmasına xidmət edir. İnsanlar bayram öncəsi və bayram müddətində bir-birinə qonaq gedir, xeyirxah niyyətlər paylaşır, ənənəvi mərasimlərdə, o cümlədən çərşənbələrdə birliyini nümayiş etdirir. Bu həmrəylik, həm fərdi, həm də icma səviyyəsində sosial bağları möhkəmləndirir və milli kimliyi dəstəkləyir. Lakin gənc nəsil ilə əvvəlki nəsillər arasında ciddi fərqlər yaranıb. Əvvəllər çərşənbələr həm ailə, həm də icma üçün mühüm sosial ritual sayılırdı. Uşaqlar və gənclər bu mərasimləri ailənin bir parçası kimi yaşayır, sosial öhdəlik və mədəni dəyərləri özündə mənimsəyirdilər. İndi isə bir çox gənc üçün bu mərasimlər sadəcə əyləncə və selfi fürsəti olaraq qalıb, mənəvi və sosial dəyər azalmaqda, ənənəyə hörmət isə çox vaxt ikinci planda qalmaqdadır. Bu, ciddi mədəni tənəzzülün və sosial məsuliyyətin zəifləməsinin göstəricisidir”.

 

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nurcan Babək

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
avtosfer.az

1Sources