EN

İsmail Bəqai: “İran razılaşmaya hazırdır”

AzVision.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai belə deyib.

“Qrossinin danışıqların növbəti mərhələsində iştirakına gəldikdə, bu məsələ müzakirə olunur. Hələlik sizə qəti cavab verə bilmərəm, amma bu məsələ qaldırılıb, çünki o, əvvəlki mərhələdə də müəyyən rol oynayıb”, - İran XİN-in press-relizində bildirilir.

Bəqai MAQATE müfəttişlərinin 2025-ci ilin iyun ayında ABŞ-nin zərbələri zamanı zədələnmiş nüvə obyektlərinə mümkün səfəri ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, bu məsələ parlament tərəfindən qəbul edilmiş qanun və bu qanunla nəzərdə tutulmuş prosedur da daxil olmaqla bütün aspektlər nəzərə alınmaqla hazırlanmalı olan xüsusi prosedurun razılaşdırılmasını tələb edir.

- Biz hələlik bu mərhələdə deyilik. Hərçənd agentliklə əməkdaşlığımız çərçivəsində mübadilələr və əlaqələr davamlı olaraq baş verir”, - iranlı diplomat vurğulayıb.

O, həmçinin İranın ABŞ ilə Tehranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququna hörmətlə yanaşılacağı bir razılaşma əldə etməyə hazır olduğunu bildirib.

“Saziş iranlıların sanksiyalarla tapdalanmış hüquqlarını bərpa etməlidir. Bu, bizim əsas tələbimizdir. İranın nüvə sahəsindəki hüquqları da tanınmalıdır”,- Bəqai rəsmi Tehranın mövqeyini diqqətə çatdırıb.

İranlı diplomatın sözlərinə görə, İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququna hörmət bu sahədəki istənilən razılaşmanın ayrılmaz hissəsi olmalıdır. İslam Respublikası isə nüvə proqramının dinc xarakterinin qorunması ilə bağlı zəmanətlər verməyə hazırdır.

Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi keçirilib. “Reuters” agentliyinin məlumatına görə, ABŞ və İran nümayəndə heyətləri arasında yeni görüşlərin növbəti raundu fevralın 26-da Cenevrədə keçiriləcək.

Sahil İsgəndərov
AzVision.az
Chosen
13
2
azvision.az

3Sources