EN

El Menço əməliyyatı 5 SUALDA

Yazını böyüt
Yazını kiçilt

Meksikanın ən çox axtarılan narkotik baronunun Xalisko ştatının paytaxtı Qvadalaxaradan təxminən 130 kilometr aralıda yerləşən Tapalpada öldürülməsi dünyanın hər yerində xəbər başlıqlarına çıxdı. Hakimiyyət orqanları bazar günü təxminən 20 min əhalisi olan şəhərdə təhlükəsizlik qüvvələrinin rəhbərlik etdiyi əməliyyatda yaralanan Nemesio Oseguera Servantesin Mexiko şəhərindəki xəstəxanaya aparılarkən öldüyünü açıqladı.

Hafta.az yazır ki, 2009-cu ildə qurulan Xalisko Yeni Nəsil Kartelinin (Cártel de Jalisco Nueva Generación/CJNG) lideri El Mençonun ölümündən sonra ölkənin müxtəlif yerlərində zorakı hadisələr baş verdi.

Xalisko yeni nəsil karteli nədir?

Təxminən 17 il əvvəl Sinaloa Kartelindən ayrılan CJNG, yarandığı təşkilatın ən qorxulu rəqibinə çevrilməyi bacarıb.

Meksika və ABŞ hakimiyyəti onları ən qəddar və ən sürətlə böyüyən beynəlxalq cinayətkar təşkilatlardan biri kimi təsvir edir.

Bu kartel fentanil, kokain, heroin və metamfetamin qaçaqmalçılığında önəmlidir.

Guerrero, Sonora, Miçoacán və Çiapas kimi Meksika ştatlarında iki kartel şiddətli döyüşdədir.

Amerika administrasiyası CJNG-nin təxminən 15 min-20 min üzvü olduğunu və ildə milyardlarla dollar qazandığını təxmin edir. Narkotik ticarəti və çirkli pulların yuyulması ilə yanaşı, onlar insan alveri, miqrant qaçaqmalçılığı, yanacaq oğurluğu, qanunsuz mədənçilik və ağac kəsmə də daxil olmaqla müxtəlif fəaliyyətlərlə məşğul olurlar.

Açıq edamlar və cəsədlərin nümayişi ilə məşhur olan təşkilat həm küçələrdə, həm də sosial mediada qorxu yaradır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, hakimlər və siyasətçilər CJNG hücumlarının və sui-qəsdlərinin qurbanı olublar.

Keçən il ABŞ Dövlət Departamenti CJNG-ni terror təşkilatı elan edib.

El Menço kim idi?

Bu ləqəb ümumiyyətlə Oseguera Servantes kimi Nemesio adı olan insanlara verilir. 1966-cı ildə Meksikada kasıb fermer ailəsində doğulan El Menço, hələ yeniyetmə ikən ABŞ-ın Kaliforniya ştatına köçüb. Amma narkotik qaçaqmalçılığı ittihamı ilə ikinci dəfə həbs edildikdən sonra ölkəsinə qayıdıb. Bir müddət polis məmuru kimi çalışıb.

1996-cı ildə güclü dəstə lideri Armando Valensiyanın qardaşı qızı ilə evlənən El Menço, 2009-cu ildə CJNG-ni qurmazdan əvvəl Sinaloa Kartelində mühüm rol oynayıb.

Təhlükəsizlik qüvvələrinə qarşı cəsarətli hücumları ilə diqqəti çəkib.

ABŞ-ın Meksikadakı keçmiş səfiri və hazırkı ABŞ Dövlət katibinin müavini Kristofer Landau ölümündən sonra onu "ən amansız və qaniçən narkotik lordlarından biri" adlandırdı.

ABŞ-ın əməliyyatda rolu var?

Ağ Evin sözçüsü Karolin Livitt X hesabından verdiyi açıqlamada ABŞ-ın əməliyyat üçün Meksikaya kəşfiyyat dəstəyi verdiyini bildirib. Təhlükəsizlik qüvvələrinə minnətdarlıqlarını bildirən Leavitt, fentanil qaçaqmalçılığında əsas rol oynayan El Mençonun hər iki ölkə üçün "yüksək səviyyəli hədəf" olduğunu vurğulayıb.

Hadisə Meksikada necə əks-səda doğurdu?

El Mençoya qarşı əməliyyatdan sonra Meksikanın müxtəlif yerlərində, xüsusən də Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində zorakı hadisələr baş verib. Silahlı qruplar yolları bağlayıb və avtomobilləri, supermarketləri və bankları yandırıb.

Xaliskonun bəzi ərazilərində ictimai nəqliyyat xidmətləri dayandırılıb. Otellər qonaqlarına çölə çıxmamaq barədə xəbərdarlıq edib. Bundan əlavə. Nayarit ştatında məktəblər bağlanıb, Azərbaycan, Türkiyə və sair kimi çox sayda ölkə vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

Bəzi aviaşirkətlər uçuşları ləğv edib.

Qarşıda nə olacaq?

ABŞ prezidenti Donald Trampın təzyiqi altında Meksikanın ilk qadın lideri Klaudiya Şeynbaum son illərdə kartellərə qarşı ən böyük əməliyyatlara rəhbərlik edir. Tramp dəfələrlə ölkəsinə narkotik qaçaqmalçılığı edən kartellərə qarşı adekvat tədbirlər görülməsə, Meksika torpağında əməliyyatlar keçirməklə hədələyib.

Təhlükəsizlik üzrə ekspert David Saucedo CJNG-nin Meksika hökumətinə qarşı "tam müharibə" apara biləcəyini irəli sürür. Digər tərəfdən, ekspertlər ölkədə dərin kök salmış kartellərə qarşı əməliyyatların məhdud effektivliyə malik olacağı barədə xəbərdarlıq edirlər.

Xatırladılır ki, əvvəlki əməliyyatlar Sinaloa Kartelinin parçalanmasına səbəb olmuşdu, lakin sonradan CJNG güclənib.

CJNG liderinin öldürülməsinin təşkilat daxilində hakimiyyət mübarizəsini daha da artıra və daha çox qan tökülməsinə səbəb ola biləcəyi bildirilir. 5 milyondan çox insanın yaşadığı Qvadalaxaranın bu yay FİFA Dünya Kubokunun bir neçə oyununa ev sahibliyi etməsi qorxuları artırır.

FIFA hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməsə də, Meksikadakı oyunların ABŞ və ya Kanadaya köçürülə biləcəyi ilə bağlı fərziyyələr var.

Chosen
14
hafta.az

1Sources