EN

Xocalı faciəsini bəşəri dövlətlər də unutmayacaq

SSRİ hökuməti Ermənistana Azərbaycandan ərazi iddiasının əsassız olduğunu bildirmədi. Azərbaycanda bu iddia xalqın ciddi etirazına, etiraz milli-azadlıq hərəkatının daha da güclənməsinə səbəb oldu. SSRİ hökuməti milli-azadlıq hərəkatının coşqusundan ehtiyatlanan, bu hərəkatın digər müttəfiq respublikalara da sirayət edəcəyindən çəkinən SSRİ hökuməti Emənistana gizlin şəkildə həm siyasi, həm də hərbi dayaq olurdu. O illərdə Mərkəzin komandanlıq baxımından dislokasiya yeri Xankəndi olan 366-cı alaya nəzarəti də zəifləmişdi. Ermənilik siyasətinə, neçə on illərlə formalaşmış erməni niyyətinə, həm də bu alayın gücünə söykənən Ermənistan Azərbaycana qarşı elan etmədən işğalçılıq müharibəsinə başlamışdı...

Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində nüfuzunu, ərazi işğal etmək niyyətini genişləndirmək, digər yaxın ərazilərdə yaşayan əhalini vahimədə saxlamaq, Xocalının şəhərləşməsinin qarşısını almaq üçün 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda faciə törətdi.

Həmin gecə Ermənistan silahlı birləşmələrinin hissələri 366-cı alayın fəal iştirakı ilə Xocalıya hücum etdi. Kəndi odlara qaladı. Qaçanları Əsgəran, Naxçıvanik, Pircamal kəndlərinin yaxınlığında, Qarqar çayının sahillərində, Çətik dağının ətəklərində, ... qətlə yetirdi. Ermənilər çata-çatda neçə-neçə ata öz qızını da, özünü də öldürdü, neçə cavan qız ermənilərin nəfəsi yaxınlaşanda özünə qəsd elədi, dəstədən geridə qalmış neçə ata ermənilər yaxınlaşanda xəncərlə əvvəl cavan qızını, sonra özünü öldürdü, ... Bu faciədə 1275 nəfər əsir düşdü, ...

Xocalı faciəsi erməniliyin mahiyyətinin tarixi sənədidir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu faciənin necə baş verdiyini və onun mahiyyətini belə ifadə etmişdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi  Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır -vəhşiliyin görünməmiş təzahürüdür".

Xocalı faciəsi ernəniliyin mahiyyətini göstərdi. Xarici jurrnalistlər bu faciəni sözün qüdrəti ilə tarixləşdirib: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz” (R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti), “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır” (“Tayms” qəzeti, London), ...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu faciə haqqında deyib ki, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”...

Xocalı soyqırımı Azərbaycanın yaşadığı ən ağır faciələrdən biri oldu. Bu faciəni Azərbaycan dövləti tarixinin bir hissəsi kimi əbədiləşdirdi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. Bu qərarın davamı kimi 25 fevral 1997-ci il fevralın 25-də imzalanan Sərəncama əsasən Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17-də Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir...

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanındı və xatırlandı. 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı müvafiq parlament qətnamələri qəbul etdi.

2012-ci il noyabrın 20-də Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edildi. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırıldı. Bu da faciənin dünya miqyasında ictimailəşdirilməsi və ona siyasi qiymət verilməsi baxımından tarixi hadisə oldu...

Justice for Khojaly informasiya portalının fəaliyyəti “Xocalıya ədalət” kampaniyasının strateji məqsədlərinin istinad mənbəyi kimi bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınmasını, ona hüquqi və siyasi qiymət verilməsini, Ermənistan hökumətinin Xocalı soyqırımına görə rəsmi üzr istəməsini, ... əhatələyir.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirildi. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, siyasi dialoqun təzahürü olaraq ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etdi.

Xocalı 2023-cü il sentyabrın 20-də işağldan azad edildi. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Xocalıda da böyük coşqu və məsuliyyətlə aparılır.

İndiyə kimi Xocalı şəhərinə 114 ailə, kəndlərinə 770 ailə köçürülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il fevralın 25-də “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzaladı. Bu Sərəncam Xocalı faciəsinin istər tarixdə, istərsə də yaddaşlarda əbədiləşdirilməsini təmin etdi.

Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat haqqında informativ sənədlər və faktlar, rayonun maketi olacaq...

İşğaldan sonra dövlət başçımız Xocalıya 11 dəfə səfər edib. Hər səfər Xocalıda quruculuq işlərinin genişləndirilməsində əhəmiyyətli olub.

Xocalı faciəsi Azərbaycanın tarixinin bir hissəsi kimi həmişə xatırlanacaq, Xocalı faciəsini bəşəri dövlətlər də unutmayacaq...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

 

 

 

Chosen
17
4
sabahinfo.az

5Sources