EN

Şərikinin pulunu mənimsəyən, bir maşını 2 nəfərə satan şəxsə hökm oxundu

Salyan Rayon Məhkəməsində mənimsəmə və dələduzluqda təqsirləndirilən Zakir Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vəsilə Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 2 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttihama görə, Zakir Yusifov ona etibar olunmuş özgə əmlakını təkrar mənimsəməklə talamaqda, habelə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməkdə təqsirləndirilir.


İstintaq materiallarında göstərilib ki, o, 2024-cü ilin avqust ayında Bakı şəhər sakini zərərçəkmiş Q.Q. (adı, soyadı şərtidir) ilə birgə heyvandarlıq fəaliyyəti ilə məşğul olmaq barədə aralarında olan razılaşmadan istifadə edib. O, Neftçala rayonu, Qaraqaşlı kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində ferma tikintisinin maliyyələşdirilməsi, heyvanların alınması və təsərrüfatla bağlı digər xərclər üçün zərərçəkmiş tərəfindən 2024-cü ilin avqust-dekabr ayları ərzində verilmiş 22 535 manat pul vəsaitini qəbul edib.


Araşdırmaya əsasən, həmin məbləğin 21 463,6 manatı nəzərdə tutulan işlərə sərf edilsə də, qalan 1 071,4 manat pul vəsaiti mənimsənilib. Bundan əlavə, zərərçəkmişin vəsaiti hesabına alınaraq saxlanılması üçün ona etibar edilmiş 5 baş iri buynuzlu heyvandan 1 baş dana 13 dekabr 2024-cü il tarixdə Q.Q.-nin xəbəri olmadan 1 600 manata satılıb və əldə olunan vəsait şəxsi ehtiyaclara xərclənib. Bununla da zərərçəkmişə məxsus ümumilikdə 2 671,4 manat məbləğində əmlakın vahid niyyətlə mənimsənildiyi bildirilib. 


İttihama görə, Zakir Yusifov bundan sonra təkrarən dələduzluq əməli törədib. Belə ki, Q.Q.-nin maliyyəsi hesabına yaradılmış təsərrüfat üçün alınaraq istifadəsinə verilmiş, faktiki dəyəri 1 400 manat olan “VAZ-21011” markalı avtomobilin guya özünə məxsus olduğunu və faktiki sahibi olduğunu bildirərək Əli Cümiyevi aldadıb. O, avtomobili satacağı barədə yalan vəd verərək 2025-ci ilin yanvar ayının əvvəlindən ortalarınadək müxtəlif tarixlərdə Salyan şəhərində – Salyan Rayon Polis Şöbəsinin inzibati binasının və Cümə məscidinin qarşısında iki dəfə 500 manat olmaqla ümumilikdə 1 000 manat nağd pul alıb. Bundan başqa, 300 manat məbləğində vəsait zərərçəkmiş tərəfindən bank kartına köçürülüb. Lakin vəd edilmiş avtomobil təqdim edilməyib və ümumilikdə 1 300 manat pul ələ keçirilib.


Bununla yanaşı, istintaqla müəyyən edilib ki, həmin avtomobil 2025-ci ildə Salyan şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən “Zeus” adlı iaşə obyektinin yaxınlığında digər şəxsə satılıb. Avtomobil üzərində mövcud olan 600 manat inzibati cərimə və 121 manat məcburi texniki baxış rüsumu çıxıldıqdan sonra 600 manat məbləğində pul nağd şəkildə qəbul edilib və mobil notariat qaydasında etibarnamə verilməklə nəqliyyat vasitəsi qarşı tərəfə təqdim olunub. Əldə olunan vəsait şəxsi məqsədlər üçün istifadə edilib. Bununla da zərərçəkmişə məxsus 1 400 manat dəyərində əmlakın təkrarən mənimsənildiyi bildirilib.


Beləliklə, Zakir Yusifov Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 179.2.2-ci (təkrar mənimsəmə və ya israf etmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törədib. 


Məhkəmə istintaqı zamanı Zakir Yusifov CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, 179.2.2-ci maddə ilə irəli sürülmüş ittiham üzrə isə özünü təqsirli bilmədiyini deyib. 

Kamal Məmmədov 

Tarix: 24 Fevral 2026, 10:11   
Chosen
13
pravda.az

1Sources